Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.
Rafiq Tağı
*
Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur, Qurban Olduğum özəlləşdirilib- mənimsənilməyib… O, hamınındır, hamı da onun.
…Ancaq yox, ayrı-ayrı təriqətlər Ali Gücü inhisara almaq niyyətindədir. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər,– kim tərəfindən, nə üçün, hansı haqq ilə, soruşsan da, ağlabatan bir cavab verəni yoxdur,– çürük ehkam sapları ilə yorğan sırıyan sayaq beyinləri zor-xoş sırıyırlar.
Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə… və hər bir insanın ruhu özünə bənzərin cismində dünyaya qayıdır.
Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, “mərd-mərdanə” etdilər. Hazırda hüzür tamadaları artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını „yuyurlar”, XV əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək heç nə olmayıbmış kimi onu özününküləşdirməyə çalışırlar.
Guya Nəsimi də eynən bunlar deyəni deyirmiş.
O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.
İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.
Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi,– O, Böyük Yolun daha bir yolçusunu ağuşuna alırdı.
…Rafiqi xəstəxanada ziyarət edərkən şaşırdım, nə deyəcəyimi bilmədim. O, qayğıkeşliklə soruşdu: “Necəsiniz?” Həmişəki kimi o, həkim idi, biz xəstə…
Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm…
Mən Rafiqi ailəsinin, dostlarının yanında görmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə Hüseyn Cavidin “Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir” misralarını düzürəm…
Və…
Rafiq dağını deyirəm
bax bu görünən Rafiq dağını
görünən dağa nə bələdçi
Rafiq dağını deyirəm
sinəmizə çəkilən Rafiq dağını
nabələd işi deyil deyirəm
əbədiyyət sarayının
daha bir tağını deyirəm
RafiqTağını deyirəm
RafiqTağını…
Qardaşxan Əzizxanlı