Bacısına məktəbli forması almaq istəyən qardaşın yaratdığı sənət növü

Bacısına məktəbli forması almaq istəyən qardaşın yaratdığı sənət növü


Kulis.az Səid Riadın “Hip-hopun yubileyi: Ad günündən ad gününə” yazısını təqdim edir.

Ötən əsrin 70-ci illərinin ortalarında Nyu-York ştatının yerli sakinləri küçələrdə əvvəllər heç vaxt görmədikləri, qeyri-adi fenomenin şahidi olmağa başladılar: gəlmə afroamerikalı yeniyetmə və gənclər küçələrdə dəstə-dəstə toplaşıb yerli, ağdərili sakinlər üçün anlaşılmaz, Amerikanın incəsənət mühiti üçünsə qeyri-ənənəvi və qəribə sayılan çal-çağır təşkil edirdilər.

Turntable adlanan elektroakustik qurğular vasitəsilə, əsasən, fank janrında qarışıq musiqi parçaları səsləndirən şəxslər – diceylərin (disc jockey) ətrafında isə daim biboylar (b-boy) və emsilər (MC) olurdu. Biboylar diceylərin yan-yörəsində yerə döşənmiş qalın karton parçalar, yaxud taxta lövhələr üzərində mürəkkəb akrobatik elementlərlə zəngin, breykinq (breaking) rəqsi edir, bu çal-çağırlarda bir növ “tamada”lıq edən emsilər (MC) isə həm şənliyi idarə edir, həm də ara-sıra səslənən musiqinin müşayiəti ilə emsiinq (MCing), sonralar isə rep (rapping) adlandırılan bir neçə bəndlik ritmik-qafiyəli mətnlər söyləyirdilər. Çox vaxt diceylərin özləri şənliyin MCləri olurdular. Küçə şənliklərinin daimi təşkil olunduğu ərazilərdəki divarlara isə qrafiti (graffiti) adlanan, rəngarəng rəsmlər çəkilir, qəribə şriftli yazılar həkk edilirdi. Bu məclislər qurulduqdan qısa müddət sonra onun əks-sədası qonşu kvartallara da yayılırdı və qaradərili xiridarlar küçələrdəki səhnələrin ətrafına dairəvi şəkildə toplaşaraq həm performanslara tamaşa edir, həm də çal-çağırın qızğın və çoşqulu keçməsi üçün əllərindən gələni edirdilər.

Gəlmə afroamerikalılar yuxarıda sadalanan yaradıcılıq nümunələrinin məcmusu əsasında yeni, hip-hop adlandırdıqları bir submədəniyyət formalaşdırmışdılar.



1970-ci illərdə Nyu-Yorkun küçələrində qəfil zühur edən bu yaradıcı, şən, hay-küylü, enerjili afroamerikalı yeniyetmələr 1960-cı illərdə maddi və sosial vəziyyətin ağırlığından Karib dənizi hövzəsindəki Yamayka, Trinidad və Tobaqo, Kosta-Rika və digər ölkələrdən ABŞ-yə mühacirət edən ailələrdən çıxmışdılar. Növbəti onillikdə həmin ailələrdəki uşaqlar həyatlarının yeniyetməlik dövrünə yenicə adaptasiya olduqları ölkədə qədəm qoymuşdular və aralarında yaradıcılıq qabiliyyəti olanlar küçələrdə bir yerə toplaşaraq Amerikanın mədəni mühitində tamamilə yenilik sayılan müxtəlif sənət nümunələrini nümayiş etdirirdilər. Onların təşkil etdikləri küçə şənlikləri 70-ci illərin birinci yarısında yalnız Bronksun qərb hissəsində – mühacir afroamerikalıların kompakt şəkildə yaşadıqları yoxsul kvartalların həndəvərində keçirilirdi. Həmin dövrdə hip-hop sadəcə marjinal zümrəyə, yaxud sosial azlığa aid olan fenomenal hadisə idi, belə ki, normal həyatdan məhrum olan qaradərili azlıq tərəfindən təşkil olunan bu şənliklərdə qaradərililər özləri deyib, özləri eşidirdi. Lakin 70-ci illərin ikinci yarısından başlayaraq, hip-hopun sorağı bütün Nyu-Yorka yayıldıqca onlar digər borolardakı küçələrdə də öz məharətlərini nümayiş etdirməyə başladılar. Yaradıcı, zənci yeniyetmələrin performansları yay fəslində, adətən, küçələrdə təşkil edilsə də, onlar bəzən avtodayanacaqlara, basketbol meydançalarına, kiçik parklara da yığışırdılar. Soyuq qış günlərində isə yanğından sonra tərk edilmiş və istismara yararsız olan binalar (1970-ci illərdə Nyu- Yorkdakı binalarda tez-tez yanğınlar baş verirdi), müxtəlif obyektlərin zirzəmiləri onların çal-çağırı üçün ən əlverişli məkanlara çevrilirdi.

İldən ilə populyarlaşan bu küçə performansları onları ekzotik hadisə kimi dəyərləndirən Nyu-Yorkun yerli, ağdərili sakinlərinin də marağını cəlb edirdi. Lakin özlərini “məclisin əsl sahibi” hesab edən qaradərili sənətkarlar ağdərililəri özlərindən hesab etmədiklərinə görə onları nə ümumi çal-çağıra, nə də özlərinə yaxın buraxırdılar. Yazılmamış qanunlara görə onların küçə məclislərinin qapısı yalnız hip-hop submədəniyyətin daşıyıcıları üçün açıq ola bilərdi ki, bu da yalnız qaradərililərə xas xüsusiyyət sayılırdı. Afroamerikalı yeniyetmələrin həyat tərzinə çevrilən bu submədəniyyət onları çoxluqdan fərqləndirən xüsusi geyim tərzində, davranış kodekslərində, əxlaq normalarında, dəyərlər sistemində, onların özünəməxsus danışıq tövrü və jarqonlarında öz əksini tapırdı.

Zəncilər həm hip-hopun yalnız onların həyat tərzinə və düşüncələrinə uyğun gəldiyini, həm də onun komponentləri olan sənət növlərinin yalnız və yalnız onlara məxsus olduğunu və bunun ancaq özlərində mükəmməl alındığını hesab edirdilər. Bu cəhətdən ağdərili Amerika vətəndaşları hip-hop meydanının autsayderi idilər. Bronksun yaradıcı qaradərili zənciləri əslində, küçələrdə təşkil etdikləri yığıncaqlarda özləri üçün balaca bir dünya qurmuşdular və bu dünya onların həm də yeganə komfort zonasına çevrilmişdi.

Hip-hop fenomeni 50 il bundan öncə Amerika mədəni mühitinə və sənət arealına qəfildən və bir alternativ kimi daxil oldu. Bu alternativin yaranma səbəbi həm zərurətdən, həm də məcburiyyətdən irəli gəlirdi, çünki ağır maddi durumda, acınacaqlı sosial vəziyyətdə olan, məişət qayğıları içində itib-batan qaradərili yeniyetmələr ağdərililərin əyləndikləri yerlərdə onlar kimi əylənməkdən tamamilə məhrum idilər. Üstəlik, dərilərinin rənginə görə müntəzəm olaraq qısnamaya, diskriminasiyaya məruz qalan gəlmə zəncilər teatrların, disko və gecə klublarının, konsert zallarının, kinoteatrın içində əskər hallarda heç də xoş qarşılanmırdılar. Eyni zamanda, musiqi, rəqs, poeziya ilə məşğul olmaq potensialına malik, istedadlı qaradərililər üçün Amerikanın sənət dünyasına nüfuz etmək, bu nəhəng ölkədə uğur qazanmaq, tanınmaq da onlara əlçatmaz görünürdü.

Bunlardan savayı, ömürlərinin yeniyetmə çağlarına qədəm qoyan gəlmə afroamerikalı qız və oğlanların özünüifadə və öz aralarında kommunikasiya qurmağa da ehtiyacları yaranmışdı. Bütün bu çatışmazlıqların həllinin ən optimal variantı küçələrdə, üstəlik, komanda şəklində baş tuta bilərdi. Bu səbəbdən də onlar küçələrdə toplaşıb şənlik quraraq, həm yaradıcılıqla məşğul ola, həm əylənə, həm də “özlərindən” olanlarla təmas qurub, kommunikasiyaya girə bilirdilər. Onlar üçün küçə və dalanlar səhnənin, qalın və iriölçülü karton parçalar rəqs meydançasının, kərpic və beton divarlar isə rəsmlər üçün kətanın alternativi idi. Bəzən onlar radioqəbuledicilərə tam səs verərək bütün Bronksu küçəbəküçə gəzirdilər. Bir növ rituala çevrilən bu hərəkətlə onlar sanki öz mövcudluqları, onların da nələrsə etmək iqtidarında olduqları barədə cəmiyyətə çağırışlar edir, rəmzi mesajlar ötürürdülər.

Qaradərililərin həm istedadlarını nümayiş etdirəcək meydan axtarışının həllində, həm də özlərini təsdiq etmələri cəhətdən sosiallaşma çox mühüm rol oynayırdı. Gəlmə, yoxsul bir qaradərilinin Amerika kimi ölkədə fərdi şəkildə hansısa nəticə əldə etməsinin mümkün olmaması həqiqətini onlar yaxşı dərk edirdilər. Bu səbəbdən də birmənalı olaraq insanların icmada sosiallaşması mexanizmi kimi ərsəyə gələn hip-hop fenomeni ilk günlərdən bu vaxta qədər dəstə, toplu, qruplaşmanı assosiasiya edib. Məhz buna görə də pop mədəniyyətinin bütün digər formaları arasında ən sosial yaradıcılıq hadisəsi məhz hip-hop hesab edilir.

Sosiallaşma bu günə qədər də bu submədəniyyətin daşıyıcılarının dəstəbazlığında, yerlibazlığında, adının mənsub olduğu komanda, ərazi və s. ilə birgə hallandırmasında özünü büruzə verir. Hətta hip-hopdan daha əvvəl meydana gələn rok mədəniyyətində hələ də “mən” söhbəti varsa, hip-hopda əsasən, “mən və komandam”, “mən və dostlarım (homies), yaxud “mən və məhəlləm (ghetto)” anlayışı dominantdır. Hip-hopda fərdiyyətçilik və “insanın sadəcə özü”, həmçinin cəmiyyətdən uzaq düşmüş asosial şəxsiyyət anlayışı mövcud deyil. Burada bir şəxs hər zaman icmanın bir parçası qismində çıxış edib. Hətta bütün karyerası boyu əksər hallarda özü haqqında danışdığı iddia edilən Eminem ağdərili olsa belə, daim qaradərili icmanın üzvü olduğunu vurğulayıb. Onun bioqarafiyasından bəhs edən “8 mile” filmində də onun qaradərili icmaya uyğunlaşmağa cəhd etməsi aşkar görünür. Əks təqdirdə, o, bir reper kimi mövcud ola bilməzdi.



Yarım əsr yaşı olan hip-hop haqqında çətin ki, eşitməyən olsun. Lakin bu anlayışın əslində, nə olduğunu, onun həqiqi mahiyyətini hamı dəqiqliklə bilirmi?! Hip-hop rəqs janrını ifadə edir, yoxsa musiqi? Yaxud elə onların hər ikisini? Bunu aydınlaşdırmaqdan ötrü, yaradıcılığını, hətta həyatını bu anlayışla assossiasiya edən dünya şöhrətli şəxslər əksər hallarda belə ifadə işlədirlər: “Hip-hop həyat tərzidir”. Yuxarıda da qeyd edilən bu tərif təbii ki, onu tam şəkildə səciyyələndirir, çünki hip-hopla məşğul olmaq üçün öncə bu fenomen bir şəxsin daxili dünyasına nüfuz etməli, onun həyat tərzinə çevrilməli, həmin şəxs sözün həqiqi mənasında hip-hopu yaşamalıdır.

2023-cü ildə yüzminlərlə insanın özünə sənət seçdiyi, milyonlarla insanın həyat tərzinə çevrilən, onmilyonlarla insanın maraq göstərdiyi hip-hopun 50 yaşı tamam olur. Xüsusilə, son bir neçə ayda ingilisdilli mədəniyyət portallarında, müxtəlif musiqi platformalarında, sosial şəbəkələrdə bu yubileylə bağlı informasiyalar tirajlanır. Demək olar ki, bütün mənbələrdə hip-hopun yaranması günü 1973-cü il, 11 avqust, dəqiq ünvan isə ABŞ-nin Nyu-York ştatının Bronks borosundakı Sedgwick Avenue prospektindəki 1520 nömrəli çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən istirahət otağı (recreation room) göstərilir. Maraqlıdır ki, hip-hopun yaranması bir ad günü mərasimilə əlaqəlidir.

DJ Kul Herk və hip-hopun yarandığı ünvan

1973-cü ilin avqust ayında Yamaykadan Amerikaya mühacirət edən Kempbellər ailəsinin qız övladı Sindi Kempbel yeni tədris ilində özünə məktəbli forması almaq üçün qardaşı Klayv Kempbellə birgə haradan pul tapacaqları barədə xeyli baş sındırmalı olmuşdu. Nəhayət, Sindinin təklifi əsasənda onlar belə qərara gəlmişdilər ki, pul toplamaq üçün 11 avqustda – Sindinin ad günündə – yaşadıqları çoxmənzilli binanın istirahət otağında əyləncə gecəsi keçirsinlər. Bununla onlar bir güllə ilə iki dovşan vuracaqdılar, həm Sindinin ad günü qeyd ediləcəkdi, həm də əyləncə gecəsi üçün satışa çıxarılan biletlər onlara pul qazandıracaqdı.



DJ Kul Herk və bacısı Sindi Kempbell


Afişa və biletlər hazırlandı, gecəyə giriş qiyməti qızlar üçün 25, oğlanlar üçünsə 50 sent təyin edildi. Ad günü gecəsində məclis qonaqları üçün fank, soul, R&B janrlarında musiqi nömrələri tamamilə fərqli üslubda səsləndiriləcəyi söz verilmişdi. Musiqi tərtibatıyla Klayv Kempbel şəxsən özü məşğul olmağa başladı.

Beləliklə, 11 avqust, 1973-cü ildə Bronksda, 1520 Sedgwick Avenue ünvanında 18 yaşlı Klayv Kempbel ilk dəfə kiçik publika qarşısına DJ qismində çıxaraq həmin dövrdə populyar olan fank janrında yazılmış hitləri səsləndirməyə başladı.

Klayv bacısının ad günü partisində bir yeniliyi sınaqdan keçirməyi qərara almışdı. Belə ki, o, ABŞ-də ənənəvi diceyinq üslubundan – mahnıların miksi – istifadə etmək əvəzinə, çalışırdı ki, daha çox mahnıların ancaq xüsusi hissələrini – əsasən, nəqarət hissələrini – seçib, onları ard-arda səsləndirsin. Bu yeni musiqi texnologiyasını sınaqdan keçirmək üçün o, məclisə iki turntable qurğusu və iki mikrofon gətirmiş, hər bir valdan isə cüt-cüt almışdı. Məclis başlayanda Klayv mahnıların xüsusi hissələrini iki vinil valda eyni vaxtda hazır vəziyyətə gətirib əvvəlcə birinci valı oxutmağa başlayırdı. Birinci valda lazım olan hissə tamamlanan kimi, onu saxlayıb dərhal ikinci valı oxudurdu. Bununla da bir mahnının müəyyən hissəsi bir neçə dəfə ardıcıl olaraq qonaqlar üçün səsləndirilirdi. Həmin gün Klayv Kempbel yüzdən artıq qonağı icad etdiyi, yeni musiqi texnologiyası ilə məmnun edə bilmişdi. Onun diceyinq sənətinə gətirdiyi bu novatorluq sonralar brekbit (breakbeat – ingilis dilində hərfi tərcüməsi “qırılmış ritm” mənasını verir) adlandırıldı. Çünki Klayv mahnıları yarıda kəsib saxladığı üçün, bir növ məcazi mənada ritmi yarıya bölür, onu qırırdı. Digər adı Meri qou raund (Merry-Go-Round) olan bu texnologiyanı gələcəkdə Klayv Kempbelin sələfləri olacaq iki DJ – Grand Master DXT və Stiv Di – inkişaf etidirərək beat juggling musiqi texnologiyasını yaratdılar.

Sindi və Klayv Kempbellərin tədbiri onların istədikləri kimi baş tutdu və onlar lazım olan məbləği əldə edə bildilər. Klayvın ad günündəki uğurlu sınağı isə ona bu işlə davamlı məşğul olmağa sövq etdi. Ad günü gecəsindən sonra o, musiqiyə gətirdiyi yeniliyi kütləyə nümayiş etdirmək üçün küçələrdə fəaliyyət göstərməyə başladı, özünə isə Kul Herk (Kool Herc) təxəllüsünü götürdü. Təbii ki, Amerikada Kul Herkdən öncə də gecə klubları və həmin klublarda fəaliyyət göstərən diceylər var idi. Amma Herk bu sənət növündə etdiyi novatorluq sayəsində öz yolunu, öz dəsti-xəttini yaratdığına görə hər kəsdən seçilirdi. Qısa zaman ərzində onun ətrafına toplaşan özü kimi mühacir afroamerikalı yeniyetmələr (Afrika Bambaataa, Grandmaster Flash və s.) onun sələflərinə çevrilməyinə başladılar və cəmi bir neçə il sonra Bronks küçələrində və zirzəmilərində Kul Herkin davamçıları yetişməyə başladı. Amerikaya mühacirət edən afroamerikalı yeniyetmələr arasında hər hansı bir sahədə istedadı, bacarığı olan şəxslər bu məclislərə qoşulurdu.

Əgər 40-50 il öncə hip-hop submədəniyyət nümunəsi kimi yalnız sosial azlığa, marjinal zümrəyə mənsubluğu, Amerika əhalisinin qaradərililərindən qeyri zümrələri üçün qapalılığı ilə xarakterizə edilirdisə, hazırda bütün dünyaya yayılan bu fenomen istənilən mədəni forma və proseslərin təsirinə açıqdır. Qloballaşma prosesi nəticəsində müxtəlif mədəni dəyərlərin mübadilə prosesisinin intensivliyinin sürətlə artması hip-hopun da qlobal miqyasda yayılmasına böyük töhfə verib. Bu proses mədəni fəaliyyətlərin iqtisadi mexanizmlərini ətraflı nəzərdən keçirməyə imkan verir: qloballaşmanın təsiri nəticəsində mədəni dəyərlərin istehsal tempi, yayılma və istehlak sürəti kəskin şəkildə artdığa görə, hip-hop “məhsulları” da iqtisadi əmtəə xüsusiyyətlərini alaraq kommersiyalaşdırılır və qlobal səviyyədə satışa çıxarılır. Son 10-15 ildə hip-hopun musiqi “məhsulları” dünyada ən çox təlabatı olan və ən çox istehlak edilən məhsullar sayılır:

2018-ci ildə “Bilboard” çartının «Hot 100 Songs» reytinqinə hip-hop tərzində 53 mahnı düşmüşdü.

2017-ci ildə “Spotify” audioaxın xidmətinin hesabatında platformadakı ən populyar janrın hip-hop olduğu qeyd edilmişdi.

“Nielsen Holdings PLC” şirkətinin 2017-ci ildə təqdim etdiyi statistikada hip-hop musiqisinin populyarlıq baxımdan musiqi janrları arasında 50 ildən artıq liderliyini qoruyub saxlayan rok janrını da üstələdiyi bildirilmişdi. Şirkətin 2018-ci ildə apardığı araşdırmalar göstərirdi ki, hip-hop musiqisinin populyarlığı ildən-ilə nəinki artır, hətta bir neçə ildir ki, dünyada ən çox dinlənilən janr statusunu qoruyub saxlayır.

Share: