Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı – Sevda Ələkbərzadə haqqında maraqlı faktlar

Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı – Sevda Ələkbərzadə haqqında maraqlı faktlar

Bu gün Əməkdar artist, məşhur müğənni Sevda Ələkbərzadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Sevda Çingiz qızı Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda yazıçı ailəsində anadan olub. Onun babası məşhur yazıçı Əbülhəsən, atası isə publisist-yazıçı Çingiz Ələkbərov olub. Onlar bir müddət Bakıda yaşasalar da, sonradan atasının işi ilə əlaqədar olaraq İsmayıllıya köçürlər.

***

Ancaq iş elə gətirir ki, 1988-ci ildə, Sevda ikinci sinifdə oxuyanda, atasını televiziya üçün hazırladığı hansısa süjetə görə şərləyib tutdururlar. Elə həmin il Sevdanın babası Əbülhəsən dünyasını dəyişir.

Başsız qalan ailənin həmin illərdə yeganə himayəçiləri Sevdanın ata nənəsi olur. Ancaq atası həbsdə olan zaman Sevdanın nənəsi də dünyasını dəyişir. 1988-ci ilə qədər iki il yarım həbs həyatı yaşayan yazıçı həbsdən çıxandan sonra çox dəyişilir, xəstə, əsəbi və narahat adama çevrilir. Bu barədə Sevda müsahibələrinin birində deyir:

“Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, dizüstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim… Nə bilim, insanıq dəə… Atam həbsdən çıxanda çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox. Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı. O, həbsdən çıxandan sonra xəstəliyi hiss etdik. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi”.

Uşaqlıqdan incəsənətə maraq göstərən Sevda yeniyetməlik illərində “Aypara” qrupunda ifaçı kimi fəaliyyətə başlayır. Bir il “Aypara” qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olur.

***

O, 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayır. Bu dövrdə “Rast” musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alır. 2001-ci ildə “Rast” qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə “Demə ki, sevirəm” adlı ilk layihəsi ilə çıxış edir.

Sevda Ələkbərzadə 1998-ci ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verir və buranın “Musiqili komediya aktyorluğu” fakültəsinə daxil olur.

***

2014-cü ilin may ayında Sevda İstanbulda tanış olduğu Kamiyar adlı Cənubi Azərbaycandan olan iş adamı ilə ailə həyatı qurur. Ancaq cütlük 2016-cı ildə qarşılıqlı razılaşma ilə yollarını ayırmağa qərar verir. Bu barədə açıqlama verən müğənni deyir:

“Həyat yoldaşımla boşanmaq qərarına gəlmişik. O, Amerikada, mən isə Azərbaycandayam. Qərar verdik ki, belə davam etməkdənsə, ayrılaq. Mən hər şeyi Bakıda qoyub Amerikaya köçə bilmərəm. Eləcə də Kamyar işini atıb bura gələ bilməz. Qarşılıqlı razılaşma ilə bu qərarı verdik. Hər dəfə Azərbaycanda, Türkiyədə və Amerikada yaşamağa çalışdıq. Amma hər dəfə bir problem ortaya çıxdı. Kamiyarla münasibətlərimiz yaxşıdır”.

“Ömürün Allahı sevgidir”, “Kaş ki mən dəniz olaydım”, “Sarı gəlin”, “Sən yadıma düşəndə” mahnıları daha çox məşhurluq qazanıb. 2014 “İntro” adlanan yeni albomunda atasının xatirəsinə ehtiram əlaməti olaraq “Salam, Allahım!” adlı musiqi ifa edib.

Share: