Gün Ay Ümid
Yuxu
Bir gün
Balıqlar içib bitirsə dənizi,
Yer kürəsindən çəkilsə ayaq izi,
Quşlar
dimdik-dimdik parçalasa göy üzünü
Əzrail yetirsə özünü,
Torpağın bağrı çartlasa ürəyinə əkilən insanlardan,
Mələklər sağsa buludları-
Yer üzü yuyunsa,
Baxışlarım bütün pərdələri soyunsa,
Boşluğa zillənmiş gözlərim
yoldaş olsa inama,
Kiprik-kirpik məktub yazsa Allaha,
Çiyinlərimdən sürüşüb-
arxamca sürünsə yorğunluğum
Onda
suya danışdığım yuxulardan
çıxıb gələrsən taleyimə tərəf…
Günəşi bətnində daşıyan bütün gecələrə and olsun,
Onda bütün rəqəmlər
töküləcək təqvimlərdən,
Onda bütün saatların ürəyi dayanacaq,
Onda gecə ümid doğacaq günəş yerinə…
Dünya nəğmə qoşacaq Allahın bu şerinə!
Onda ah olmayacaq,
Onda hislərə dustaq,
günah da olmayacaq…
Yenidən yaranarsan
Adəmin parçasından
Qadağaları pozub,
Mənə meyvə dərərsən,
Cənnət ağaclarından…
Hə… nə vaxtsa inansan
danışdığım röyaya,
Onda ölüb gələrsən
Yenidən bu dünyaya
30.06.2023
PAUZA
Hardasan?!
Barmaqlarını hördüyüm…
Bəs hər şey yaxşı olacaqdı?
Keçmişdən danışan
cümlələrin gələcəyi yoxdu daha…
İşə bax ey…
Yenə yadıma düşdün, yadımdan düşən adam…
İndi ruhumda inləyən neydi səni düşünmək,
Məst eləyən meydi səni düşünmək…
Sənə sərxoş misralar düyünlənər qəlbimin boğazında,
Ürəyimi süzərəm
bir şeirin ovuclarına…
Bir nəfəsə çəkər başına ilhamım…
Ayaqlarım dolaşar bir- birinə,
azıb qalaram
hisslərimin döngələrində…
Sətirlərdən günah qoxusu gələr…
Qarışqa cərgəsiylə düzülər həriflər…
O an dindən çıxaram bir anlıq…
Yenidən dirilmək şərtiylə
intihar edərəm…
Ölümüm zərrə- zərrə
qarışqa yuvalarına
daşıyar imanımı…
Elə kiçilərəm ki…
Üsyan öpüşər dodaqlarımda..
Ürəyimin ağrısı gizildəyib
üşüyər barmaqlarımda…
Ah qopar qaysaqlamış yaramdan..
Ömür ötər səninlə mənim aramdan…
Elə bilmə məndədir günah…
Küçələrin ayağına
düşdüyüm günü xatırla, məsələn…
Ya da…..
Ya da heç nə xatırlama…
Onsuz da
sənsizliklə ödəmişəm
nəfsimə daraşan xatirələrin hesabını…
Gözlərində güldüyüm,
barmaqların hördüyum.
Bu sənə son şeirimdir.
İllər sonra görüşsək,
mənə xatırlatma nə vaxtsa bizi…
İllər sonra görüşsək,
özümüzü elə aparaq ki,
guya tanımırıq bir- birimizi…
20.07.2020
Sevgisiz şeir
Bu dəfə üzülmədim,
Öz halıma yaradım.
Dilimə yalanlardan
“Yaxşyam”lar yamadım
Sən demə güvənməsən
İşlərdə avand olur.
Özünü aldadanda
Yaşamaq asan olur…
Sən demə sevməyəndə
Hislər şerə daraşmır.
Yaşanmır xatirələr
Xəyallar həddin aşmır…
Yaxşı sevmədim səni
Həsrət, sevgi yoludu.
“Mənim tənhalığım da
İnsanlarla doludu…”
09.12.2022
Üşüsən xəbər elə…
Yaxşıyam, qurban olum
Nəfəsim gəlir hələ
Qələmə hökm etməyə,
Həvəsim gəlir hələ
Axı, qurban olduğum
Səni niyə aldadım?!
O gün dodaqlarına,
şeir də pıçıldadım
Şeir axı adamı
Belə betər eləmir.
Bilirəme, ölümdü
Gəldi xəbər eləmir…
Ölmüş qollarım üstə
Baxda, hələ ki sağam…
Bircə himə bəndəm ki,
Ağlayıb dolu yağam…
Dəymə, qurban olduğum
Səni dərd alar axı…
Ağlasam bütün dünya,
Çətirsiz qalar axı…
Çobanyastığı deyil
Dipçəkdəki çiçəklər.
Daha niyyət də tutma
Anlamaz bu ləçəklər…
Danış qurban olduğum,
Səsini sirdaşım et…
Dağıt ətəyindəki
Daşları,baş daşım et!
Onsuz da dörd yanımı
Səhvlər, doğrular alıb
Şerimi bitirməyə,
Bir misra canım qalıb…
Özümü tapmaq üçün,
Özümdən yan duraram..
Üşüsən xəbər elə
Bu şeri yandiraram…
Dayanacaq
Ömrün tən ortasıydı
Yolumuz kəsişəndə…
Səninlə görüşmüşdük
Küləklər sevişəndə…
Günahların duası
Tutmuşdu bəlkə bizi…
Zülmətdən gələn işıq
Udmuşdu bəlkə bizi…
Bəlkə tanrı payıydin
Şıltaq gülüşlərimin…
Yoxsa sol tərəfiydin
Sənə gəlişlərimin…
Sən mənə tələsmişdin
Mən sənə gecikəndə
Hardaydın taleyimə
Qədər nisgil əkəndə?!
İndi od gətirirəm
O bumbuz ocağına
İndi şeir doğulur
Fevralın qucağına…
İkimiz də olmuşuq
Taleyin oyuncağı
Bizi gözləyir bəlkə
Ömrün dayanacağı…
İndi bu fevral kimi
Bulud-bulud dolmuşam
İndi mən sənin üçün
Ən yad doğman olmuşam
Bizi bu hala salan
İndi qədər düşünsün.
İki çay söylə bizə
Yerimizə üşüsün…
07.02.2023
Tum qabıqları
Bu yetim ayrılığın
Siqar-siqar alışar,
Gözünə kül üfürər,
Ömrün başı qarışar.
Ciyərlərində sönən
Siqaretin qoxusu
Əllərində üşüyər…
Güzgüdən baxan adam
Yenə səni aldadar,
Ağzın da söyüş dadar…
Mənimsə dağa dönər
Önümdə tum qabığı.
Yuxuma da duz basar
Dodağımın çapığı.
Kirpik-kirpik yolarıq
Gecənin qarasını…
İkimiz də yapışıb
qədərin yaxasını
Çırmaq-cırmaq açarıq…
Ən həssas ürəklərin
Dərd yerindən daş çıxar.
Öpməyə qıymadığın
Gözlərimdən yaş çıxar…
Hisslərin sərhəddində
Böyük bir savaş çıxar.
Əsəbimi tökdüyüm
Günəbaxan tumunun
Ən böyüyü boş çıxar…
İsmətimdən kəm alar
İndi həyam, abırım.
Mən sənin payız fəslin,
Sən mənim noyabrım.
Ağaclar da əliboş…
Dizini qucaqlayıb
Oturan o daşların
Ümidləri göyərər,
Daha əllərimizdə
Sığal yeri göyərməz…
İndi aç qollarını,
Bu aramsız yağışda
Nisgili səslə, çağır.
Payız rəngli gözümdən
Şəhərə şeir yağır…
27. 11. 2021
Boşluq
Ən çox da danışmağa söz olanda susarsan.
Ən çox da
İçinin danlağından qulağını sıxarsan…
Əllərin çəpər olar hisslərinin önündə
Külündən doğularsan günlərin bir günündə…
Sonra hər şey adiləşər…
Ruhunun ağrıları…
Dost, tanış yarğıları…
Təsəlli sarğıları…
Hər şey…
Sonra hər şey adiləşər…
Qəhqəhənə boğarsan
Yanağınla sevişib
Dodağınla öpüşən
İnci göz yaşlarını…
Qaldırarsan başını…
Ürəyini dərd,
Gözünü heyrət,
Sevgini nifrət böyüdəndə böyüyərsən…
Elə dəyişərsənki ki…
Güzgülər də tanımaz,
Doğmalarda tanımaz…
Bir də
Çox dəhşətlidi özünə dönük olmaq…
Bir də çox dəhşətlidi böyümək, böyük olmaq…
Dəhşətlidir ilahi
İnamından yıxılmaq…
Şeirlərə sığınmaq…
Dəhşətlidir ilahi
Vərəq altda üşümək…
Gümanı qucaqlayıb
Gəlişini düşünmək.
Addımını toplayıb yolların sinəsindən,
Özünə boylanasan…
Səndən heç nə qalmaya…
Bu bir dünya boşluğu
Heçliyinin içində
Həbs edəsən, tutasan.
Son gücünü toplayıb
yenə var olmaq üçün
Öz ruhundan keçəsən
Şeirlərə köçəsən…
07.03.2023
Səni sevmək
Səni sevmək
həyata uzaqdan baxmaqdı…
Səni sevmək dəli olmaqdı…
Param-parça dağılmaqdı otağına, yatağına…
Saçlarını öpmək üçün sarılmaqdı darağına…
Səni sevmək
Ayaqlarını axtarmaqdı özünü tapmağa
Əllərini gəzməkdi özünü qucaqlamağa…
Toplayanda özünü bir parca əksik olmaqdı,
Səni sevmək yarım qalmaqdı…
Hələ yazılmamış şerləri hamıdan gizlətməkdi.
Səni sevmək üçün dözüm gərəkdi…
Səni sevmək
sığınmaqdı gümanın qucağına…
İncir ağacı əkməkdi ocağına…
Səni sevmək
sükutun qulağını batırmaqdı
susaraq danışmaqdı…
Səni sevmək sənsizliyə alışmaqdı…
20.03.2023
Yoxlğunun çoxluğu
Bədənimin içində
Bir ömürlük qonağdım.
Ayrildiğe, o gündən
Evə dağılıb qaldım.
Güzgü də tanımadı,
Çevrilmişəm yadamı?!
İndi kim toplayacaq
Bu laqeyid adamı?!
Gözlərim də kor olub
İçimdəki bu çənnən.
Axı mən istəmişdim
By ayrılığı səndən…
Xatirən ayrı bir dərd,
Gələrdimi ağıla?!
Deyəsən çox inandım
Uydurduğum nağıla.
Bəlkə çox uzaqdasan
Çatmazsan dadıma da,
Şəkiliərə baxmasam
Düşməzsən yadıma da…
Getmisənsə tamam get
Bu nə inaddı, inad?!
Daha qısqanan da yox
Belə rahatdı, rahat…
Xəbərim də olmayıb
Axşam olubki səhər?!
Yanımda olanda heç
Görünmürdün bu qədər…
Ölürəm, dirilirəm
Canımı çox alırsan..
Bir də bu nə adətdir
Gecələr çoxalırsan….
Sənlə tək bacararam
Bu gecəni ötür gəl!
Çoxluğun çəkilməzdi
Təkliyini götür gəl…
03.04.2023
Bəlkə birdə qayıtdıq
Sonunda ayrılıq var,
bu narahat qismətin.
Götürüb çiynimizə,
bunca qəmi, sevinci
Ya sən ilk gedəcəksən
yadaki mən birinci…
Tərk edib gedəcəksən
bu evi, bu eşiyi…
Arzuyla yellədiyin
qucağı boş beşiyi,
Küçədən gətirdiyim,
bu çəlimsiz pişiyi
Tərk edib gedəcəksən…
Mən də çıxıb gedəcəm
sənsiz qaranlıq çökən
bu narahat yerimdən,
Küçəyə atdığımız
çöldə qalmış evimdən,
sənli şeirlərimdən
Mən də çıxıb gedəcəm…
Arxada qoyduq bəlkə
ürək qırıqlarını,
güvən sınıqlarını….
Sən Allah yığışdırma
getməmiş bu masanı,
çörək qırıqlarını…
Pəncərənin önünə
yem də qoyaq gedəndə,
bu evi tərk edəndə…
Bəlkə bir də qayıtdıq
qarışqa duaları
Allaha yol gedəndə,
pəncərənin önündə
quşlar səcdə edəndə..
Bəlkə bir də qayıtdıq….
25.04.2023