Rusiya mətbuatında Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatındakı çıxışı geniş işıqlandırılıb

Rusiya mətbuatında Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatındakı çıxışı geniş işıqlandırılıb

Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb.

“Report”un məlumatına görə, “Kommersant” qəzetində qeyd olunub ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib.

Məqalədə Azərbaycan Prezidentinin görüşdəki çıxışı zamanı səsləndirdiyi bu fikirlərə yer verilib:

“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.

“News.ru” Azərbaycan Prezidentinin Qarabağdakı erməni hərbi birləşmələrinin tərksilahı ilə bağlı bəyanatına toxunub, dövlət başçısının 2020-ci ildə imzalanan üçtərəfli bəyanata Ermənistanın əməl etməsini xatırladan nitqinə yer ayırıb:

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.

Dövlət başçısının Birləşmiş Millətlər Təşkilatında köklü islahatların aparılmasının zəruriliyi barədə fikirləri “İnterfax.com”da qeyd edilib.

“Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq”, – məqalədə Azərbaycan liderinin nitqindən sitatlar gətirilir.

Bildirilir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürüb.

Qeyd edək ki, “Lenta.ru”, “Moskovskiy komsomolets”, “Rusmk.ru”, “Voyennoe obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossii” nəşrləri, TASS və “Vestnik Kavkaza” agentlikləri, “Mir” teleşirkəti və bir sıra digər mətbuat orqanları da Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı BMT-də islahatlar, Fransanın neokolonializm siyasətinin tənqidi və Ermənistanın üçtərəfli bəyanata məhəl qoymaması ilə bağlı səslənən fikirlərə istinad ediblər.

Share: