Monqolustanın paytaxtı Ulanbatorda 4 gündür davam edən leysan yağış daşqınlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Monqolustanın Fövqəladə Hallar Baş İdarəsi açıqlama yayıb.
Daşqınlar nəticəsində Selbə çayının bəndi partlayıb. Bəndin partlamasından sonra Ulanbatorun Bəyanzürh bölgəsində 27 yaşayış binasının zirzəmisi və birinci mərtəbələri, eləcə də yüzlərlə avtomobil su altında qalıb.
Güclü yağışlar nəticəsində şəhərdə elektrik enerjisi və su kəsilib, paytaxtın 5 rayonunda azı 54 yaşayış evi, ticarət mərkəzinin zirzəmisi, magistral yollar və tunellər su altında qalıb, 2 bənd və bir neçə körpü qismən dağılıb.
Ölkənin meteorologiya qurumlarının məlumatına görə, Ulanbatorda yağıntıların daha 2 gün davam edəcəyi gözlənilir.