Bakıda dünyaşöhrətli şair Rəsul Həmzətov haqqında kitab çap olundu

Bakıda dünyaşöhrətli şair Rəsul Həmzətov haqqında kitab çap olundu

Çoxsaylı tədqiqat əsərləri və kitabların müəllifi, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Milyonların nəğməkarı – Rəsul Həmzətov” adlı kitabı çapdan çıxıb.
Müstəqil.az AZƏRTAC-a istinadla xəbər verir ki, “AFpoliQRAF” mətbəəsində nəfis və yüksək poliqrafik üslubda nəşr olunan kitabda Rəsul Həmzətovun zəngin yaradıcılığı, nadir istedada malik qüdrətli poeziya sənətkarlığına mənsubluğu, ictimai – siyası fəaliyyəti, bəşəri xidmətləri, yurdumuza məhəbbəti, uzun illər Azərbaycanın görkəmli şəxsiyyətləri, ziyalıları, şairləri ilə dostluq, qardaşlıq əlaqələri, həyatının çətinliklərdən keçən keşməkeşli məqamlarından ətraflı bəhs olunur.

Cildin rəssamı gənc və istedadlı sənətkar Könül Məmmədovadır və kitabda nadir tarixi fotoşəkillərdən istifadə olunub.
Kitabda R.Həmzətovun vaxtı ilə öz dilindən deyilmiş sözlər diqqət çəkir: “Mən bir avar şairiyəm. Lakin qəlbən özümü təkcə Avarıstan, Dağıstan, öz ölkəmiz üçün yox, həm də bütün Yer kürəsi üçün cavabdeh sayıram. Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam. İlk dəfə məni Azərbaycanla Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir tanış edibdir. Sonra bu torpağın istedadlı oğlu Səməd Vurğunla olan qardaşlıq münasibətimiz həmin tanışlığı daha da inkişaf etdirib möhkəmləndirib. Məni bu torpağa sıx bağlayan Azərbaycan xalqının böyük poeziyası, onun qoynunda boya–başa çatmış şair oğullarının, musiqiçilərinin böyük dühasıdır. İndiyədək dünyanın bir sıra ölkələrində, ən gözəl şəhərlərdə qonaq olmuşam. Etiraf edim ki, bu şəhərlər arasında öz gözəlliyi ilə diqqətimi cəlb edib mənə ən çox şeir yazdıran məhz Bakı olub. Hər dəfə respublikanıza gəlib dostlarımla – azərbaycanlı oxucularla görüşəndən sonra mütləq bir silsilə şeir yazıram. Atam şair Həmzət Sadasa demişkən, bunların hamısı torpağın gücündədir. Var olsun belə torpaq. Bizim yaradıcılıq əlaqələrimiz möhkəm dostluq hissləri ilə zəngin və müxtəlif planlıdır. Dağıstanda Səməd Vurğuna rəğbət bəsləyiblər. Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, eləcə də Azərbaycanın başqa şair və nasirlərinin əsərləri ilə tanışdırlar. Öz növbəsində Azərbaycan oxucuları da dağlar ölkəsinin bir sıra yazıçılarının yaradıcılığına qiymət verə biliblər. Biz Tofiq Bayram, Vilayət Rüstəmzadə kimi tərcüməçilərə minnətdar olmalıyıq. “Mənim Dağıstanım” kitabı Vilayət Rüstəmzadənin tərcüməsində çapdan çıxıb. Azərbaycanın poeziya həvəskarlarının yaxşı rəyinə səbəb olmuş seçilmiş şeirlərimin toplandığı “Durnalar” kitabına daxil olan əsərlərin tərcüməçisi Tofiq Bayramdır”.
Qeyd edək ki, bu il sentyabrın 8-də dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi tamam olur. Dünyanın bir çox ölkələrində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. R.Həmzətovun yubileyi Azərbaycanda da qeyd olunacaq. Rusiya Federasiyasında 2023-cü il “Rəsul Həmzətov İli” elan olunub.

 

Share: