Rəfail Tağızadənin “Şəhid Qardaşlar”kitabı haqqında – Vaqif Osmanov yazır …

Rəfail Tağızadənin “Şəhid Qardaşlar”kitabı haqqında – Vaqif Osmanov yazır …

ÜRƏYİN QANI İLƏ YAZILANLAR

Əvvəlcədən deyim ki, qazi zabit, şair, publisist Rəfail Tağızadənin “Şəhid qardaşlar” kitabının annotasiyasında yazılan “kitab şəhid qardaşlara qoyulmuş tarixi bir abidədir” cümləsini belə də yazmaq olar: “Kitab bütün şəhidlərə qoyulmuş bir tarixi abidədir”.
“Şəhid qardaşlar” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası və “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından növbəti kitabdır. Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət xanım Məmmədova vurğulayır ki, bu tip kitabları tanınmış publisistlər qələmə almalıdır. “Şəhid qardaşlar” – Cavid və Çingiz Məmmədovların həyat və döyüş yoluna həsr olunmuş bu kitabı Rəfail Tağızadənin qələmə alması onun dəyərini daha da artırır. Ona görə ki, müəllif birinci Qarabağ müharibəsində qanlı-qadalı savaş yolu keçmiş qazidir. Xatirə kitabı redaksiyasının uzun və şərəfli yolu, yorulmaz fəaliyyəti əminlik yaradır ki, şəhid və qazi Vətən oğulları haqqında hələ çox kitablar yazılacaq, qanı və canıyla bizə zəfər, qələbə sevinci, qalib adı yaşadan, qorxaq və xain erməninin məğlubedilməzlik uydurmasını, mifini 44 günə darmadağın edən igidlərimizin xatirəsi heç vaxt unudulmayacaq. Bu gərəkli və məsuliyyətli missiya da Xatirə kitabı redaksiyasının, baş redaktor Nəzakət Məmmədovanın payına düşüb.
23 ildir Xatirə Kitabı redaksiyasında çalışan, 2016-cı lldən baş redaktor Nəzakət xanım 2017-ci ildə “Bakı-xəbər” qəzetində İradə Sarıyevaya müsahibəsində redaksiyanın və özünün gələcək fəaliyyətini proqram sənədi səviyyəsində yığcam və dolğun açıqlayırdı:
“Belə bir deyim var: unutsaq unudularıq. Bu bir həqiqətdir. Keçmişimizdən qopsaq, gələcəyimiz bizimlə əlaqəni birdəfəlik itirər. Gələcəklə keçmişin arasında körpü olduğumuz üçün tarixdə baş verənləri əbədiləşdirmək, torpaqlarımız uğrunda, ölkəmizin müstəqilliyi, suverenliyi naminə canından keçən Vətən oğullarının və qızlarının xatirəsinə mənəvi abidə qoymaq bizim borcumuza çevrilib”.
Yarandığı dövrdən redaksiyanın hazırlayıb nəşr etdirdiyi 20 cildlik “Xatirə kitabı”nın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. “Xatirə kitabı” Böyük Vətən müharibəsində (1941-1945), həmçinin Əfqanıstan və Qarabağ müharibələri dövründə şəhid olmuş azərbaycanlılar barədə zəngin informasiya toplusudur. “44 gün – Tarixi zəfər” (“A-Ə” hərfləri üzrə) üçcildliyinin birinci cildi oxuculara təqdim olunub. Bundan başqa redaksiya 20-dən çox bu məzmunda kitablar hazırlayıb.
Şəhiddən yazmaq ağrılı olduğu qədər də qürurverici və incə məqamdı. Bu mövzuda yazmaq üçün Vətən, torpaq, insan sevgisi ilə yanaşı, məsuliyyət hissi gərəkdi. Nəyə görə? Birinci və ikinci Qarabağ müharibəsi zaman baxımından uzaq tarix deyil. Əsrin üçdə biri əslində zamanın bir göz qırpımıdı. Ən yeni tarix olduğundan bu iki müqəddəs savaşın ayrı-ayrı həqiqətlərinin yazanlar hadisələrə həddindən artıq dəqiq yanaşmalı, obyektivliyi unutmamalıdırlar. Hər zaman müəllifə irad tuta bilərlər ki, bu döyüş səhnəsini, yaxud qəhrəmanın döyüş şücaətini dəqiq, düzgün təsvir etməmisən. Bəzən bu mövzuya müraciət edənlərin elə fikirlərinə rast gəlmək mümkündür ki, olaya o qədər bəzək-düzək vururlar, həqiqətdən uzaq düşüncələr, döyüşçülərin hissləri mövzunun önəmini, dəyərini azaldır.


Rəfail Tağızadənin yazdığı “Şəhid qardaşlar” kitabı pafosdan, süni bəzəkdən uzaq ağrılı və qürurlu Vətən tarixidir, ikinci Qarabağ savaşının salnaməsinin bir fəslidi, çağdaş “Qarabağnamə”lərin son üç ilinin yaddaqalan səhifəsidi. Bu kitabda döyüş səhnələrinə fərqli və dürüst yanaşmanın, müəllif məsuliyyətinin bir səbəbi var. Rəfail müəllim müharibə qan-qadalarının içindən çıxıb, el dili ilə desək, müharibə ocağının közünü öz gözləri ilə götürüb, qanlı döyüş, səngər, blindaj görüb, Vətən əsgərləri ilə çiyin-çiyinə vuruşub, nəmli, soyuq, hər an ölümə hamilə torpaqda – blindajda mürgüləyib, çimiri də bir neçə dəqiqəlik olub. Bilirəm ki, səngərdəki döyüşçünün həyatını təsvir edəndə “yatıb” yazmaq absurd düşüncədi. Orada rahat yatmaq rahat ölümdü. Müharibədə adam özünü unudur, fikri-zikri düşmən mövqeləri tərəfdədi, o, özündən öncə Vətəni, zabit mundirini, tabeliyindəki əsgərləri qorumalıdı. Onların yeməyinin, geyiminin, sağlamlığının qayğısına qalmalı, heç nəyi nəzərdən qaçırmamalıdı. Belə insan saatlarla yata, yaxud rahat dincələ bilərmi?
Zabit yazarın iki qardaş şəhid – Cavid və Çingiz Məmmədovların döyüş yollarından bəhs edən, hərb tarixində qalacaq kitab ərsəyə gətirməsi, düzü məni təəccübləndirmədi. Xeyli vaxtdır tanıdığım, Vətən sevgisinə, məramına, məsləkinə, əqidəsinə bələd olduğum Rəfail müəllim bu mövzuda yazmalıydı, yenə də yazacaq. Qarabağ həqiqətləri, 44 günlük müharibənin zəfəri, bu gün də müzəffər ordumuzun qorxmaz igidlərinin düşmənə layiqli cavab verməsi bitib-tükənməyən mövzulardı.
Hərbdən yazılan əsərlərin uğuru birinci növbədə onun inandırıcılığındadı. İnandırmaq üçün gerçəkliyi yazmaq lazımdır. Oxucunu inandırmaq gücünə malik olmayan əsər yaddaşlarda çox qala bilməz. “Şəhid qardaşlar”sa çox qalacaq. Ona görə ki, bu kitabda həqiqətlər yaşayır. Müəllif təkcə təxəyyülündən doğulanları yazmayıb, həm də gördüyü gerçəklikləri qələmə alıb. Onun düşüncələri Vətənin şəhidləri və qazilərinin “ZƏFƏR MARŞI”dı. Bu marşı 44 günlük savaşda canı, qanı ilə yazanlar nakam, yaxud yaralı ömürlərinə “şəhid”, “qazi” sözlərini əlavə etdilər.
Rəfail müəllim yazır: “Şəhid ömrü ən şərəfli ömürdü, şəhidlik Vətənə, torpağa bağlılıqdı, sadiqlik simvoludu… Şəhid Vətənə, torpağa ölməzlik gətirəndi… Vətən qəhrəmanları və şəhidləri ilə müqəddəsləşir… Sən millətin, xalqın rahatlığını qanıyla qazananlardansan… Sən qələbə üçün doğulmusan!.. Sən bizi məğlub vətəndaş adından xilas etdin”.
Bir-iki cümlə də məni duyğulandıran məqamlara toxunum. Faya ananın xatirələrindən: “Özümə ad günü keçirməyi sevməzdim. 2020-ci il sentyabrın 5-də 50 yaşım tamam oldu. Cavidlə Çingiz mənə ad günü sürprizi etmək istəyirdilər. Həmin gün Cavid evə gələ bilmədi. Çingiz həmişəki kimi məni qucaqlayıb təbrik etdi. Tort kəsdik, şəkil çəkdirdik… Bilmədim, bu mənim birinci və sonuncu ad günüm olacaq”…
“Mənə daha “Ana” deyən övlad yoxdur. Mənə “Ana”nı ancaq əsgərlər deyir” deyən, hər gün övladlarını yola saldığı məktəbə boylanan, oynadıqları həyətə uzun-uzadı baxan, hər qapı açılanda hərbi paltarlı oğullarını gözləyən, yolu daha çox qəbiristanlığa düşən, ruhuyla, düşüncəsiylə onları yaşayan anadır Faya ana. Hər dəfə oğullarını ziyarətə gələndə “Qələbəniz mübarək!” – deyərək üzünə təbəssüm qonan başdaşındakı şəkilləri öpür”.


Azərbaycanın vətənsevər ata-anaları kimi İlham ata ilə Faya ana da ailənin iki ümidini – Cavidi və Çingizi 44 günlük müharibə başlayanda evdə gizlədə, iki qardaş da gizlənə bilməzdi. Torpaq belə oğulların qeyrəti ilə Vətən olur. Oldu da. 30 ildən çox çəkdiyimiz torpaq, yurd həsrətini 44 gün müddətində vüsala çevirən oğulların, qızların hünəri sayəsində.
Faya ana, İlham ata, həyat davam edir. İki qardaş – iki şəhid, Vətənin qəhrəman oğullarının xatirəsi heç vaxt unudulmayacaq. Şəhid qardaşların ömür-gün yoldaşları, müəllimləri, orta məktəb və döyüş dostları, qohum-qonşular, qədirbilən xalqımız onları xatırlayacaq, yaşadacaqlar. Cavidin Elcanı və Damlası, Çingizin Elgizi və Uğuru ataları ilə fəxr edəcək, xatirələrini əziz tutacaq, ataları kimi Vətənə gərəkli övlad olacaqlar. Kitabın bir bölümünə müəllifin epiqraf seçdiyi Alfons de Lamartinin deyimi bunu sübut edir: “İnsan xatırlandıqca təkrar yaşayır”.
İki şəhid qardaşın yarımçıq qalmış ömürlüyü (tərcümeyi-halı), arzuları barədə yazmadım. Bunu kitabın hər bölümündə, səhifəsində, abzasında Rəfail müəllim həm ürək sızıltıları, həm də fəxrlə qələmə alıb. “Ölümündən sonra yaşayanlar”ın ömrü Vətən, torpaq, sevgi, bayraq qədər əbədi olacaq. Bu əminliyi bizə şəhid və qazi Vətən oğulları yaşatdı.
Rəfail Tağızadə etiraf edir ki, Vətən, yurd itkisini necə ifadə etmək istəsən də, o hissləri olduğu kimi çatdırmaq mümkünsüzdü. Bəli, Rəfail müəllim, bu çətin olsa da, şərəfli işdi. Bunu yazmaq, demək mütləq lazımdı. Siz lazımlı işi ləyaqətlə edirsiniz. Əsas məsələ budur!..
“Şəhid qardaşlar” kitabı iki qəhrəman Vətən oğluna ucaldılan mənəvi abidədir…

VAQİF OSMANOV
3 iyul 2023-cü il.

Share: