Abşeronun qəsəbələrində əməliyyatlar keçirilib — Video

Abşeronun qəsəbələrində əməliyyatlar keçirilib — Video

Abşeronun Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələrində polis tərəfindən əməliyyatlar keçirilib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “Makarov” tapançası, 15 ədəd patron, 6 kiloqram heroin və metamfetamin aşkar edilib.

Həmçinin, saxlanılanlardan ikisinin 25 evdən, eləcə də 50-dən artıq velosiped və skuter oğurladığı məlum olub.

Belə ki, Qobu Polis Bölməsinə daxil olmuş məlumat əsasında qanunsuz olaraq odlu silah-sursat saxlayan Abşeron rayon sakini Tural Məmmədovda saxlanılıb.

Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron və həmin silaha aid “daraq” aşkar edilərək götürülüb.

Tural Məmmədov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin keçirdiyi əməliyyat zamanı isə Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Rail Quliyev saxlanılıb.

Onun evlərdən, pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Rail Quliyev ifadəsində Abşeron rayonu ilə yanaşı paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini bildirib.

Saray Polis Bölməsinin keçirdiyi əməliyyatlarla isə üzərində odlu silah gəzdirən Emin Əliyev və narkotik maddələrin satışını təşkil edən Rauf Mikayılov saxlanılıblar.

Emin Əliyevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd sandıqça, Rauf Mikayılovdan isə onlayn yolla əldə etdiyi çəkisi 2 kiloqram olan heroin və psixotrop maddə metamfetamnin aşkar edilib.

Həmçinin, Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin keçirdiyi əməliyyatlarla Xırdalan və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri – Elşən Əsədov və Ayxan Aslanov saxlanılıblar.

Onlardan 3 kiloqram heroin və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib. Müəyyən edilib ki, Elşən Əsədov və Ayxan Aslanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Abşeron rayonu ilə yanaşı paytaxt və Sumqayıtda 50-dən artıq velosiped və skuter oğurlayan əvvəllər məhkum olunmuş Murad Qubadov saxlanılıb. Onun kuryer fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus çoxsaylı velosiped və skuterləri oğurlayaraq satdığı müəyyən edilib.

Saxlanılan şəxslərin hər biri barəsində araşdırmalar davam etdirilir.


Share: