Azərbaycan və Ermənistan həll olunmamış məsələlərin çərçivəsini daraldıb.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
“Hazırda heç bir görüş nəzərdə tutulmayıb, lakin biz iki ölkənin nazirləri arasında daha çox görüşlər gözləyirik. Sülhün əlçatan olduğunu dedikdə, biz bir sıra məsələlərdə ciddi irəliləyişin əldə olunduğunu nəzərdə tuturuq. Hətta son iclasda həll olunmamış məsələlərin çərçivəsi daralıb. Ona görə də biz həll edilməli olan məsələlərin sayının azalması ilə sülh müqaviləsinin əlçatan olduğunu düşünürük”, – deyə o, izah edib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər.