Lənkəran Azərbaycanın bənzərsiz bölgələrindən biri, cənubun incisidir. Yaradan buradan heç nəyi əsirgəməyib. Zəngin flora və faunası ilə bölgələrin əksəriyyətindən fərqlənir. Bəli, Lənkəran təkcə təbiəti ilə yox, insanları ilə də çox gözəldir. Buradan elə şəxsiyyətlər pərvazlanıb ki, hər biri Azərbaycan tarixinin qürur səlnaməsinə çevrilib.
Bu gün sizə onlardan biri barəsində danışmaq istəyirəm. “Əkinçi” qəzetinin 26 may 1877-ci il tarixli sayındakı “Təzə xəbərlər” bölməsində onun haqqında belə məlumat verilib: “Badikübə quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub”.
Həmin qəzetdə gedən bu məlumatdan aydın olur ki, Mir İbrahim bəy hələ 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri təyin edilib. Talışxanov orduda xidməti müddətdə cəsur hərbçi və məharətli sərkərdə kimi tanınaraq, sücayətlərinə görə yüksək mükafatlar qazanıb. O, 1889-cu ildə 2-ci dərəcəli “Müqəddəs Georgi” ordeni və “İgidliyə görə” yazılmış qızıl qılıncla mükafatlandırılıb.
Haqqında söhbət açdığım, Azərbaycanın görkəmli hərbçilərindən biri Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışxanovun ömür yoluna nəzər yetirək: O, 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olub. Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsi idi. Hərbi rütbəsi general-mayor olduğundan, xalq arasında onu “Yaranal xan” və ya “Yaranal Miri bəy” deyə çağırırdılar. O, hərbi xadim olmaqla bərabər, mədəniyyət və ictimai fikir tariximizdə xeyriyyəçi, dilçi və bacarıqlı təsərrüfatçı kimi yadda qalıb. Mir İbrahim bəy 1845-ci ildə zabit kimi xidmətə başlayıb. 1847-ci ilin fevralında o, podpraporşik, mart ayında portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi alıb. Görkəmli hərbçi 1850-ci ildə Abşeron piyada polkuna göndərildikdən sonra, oradakı nümunəvi xidmətinə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksələ bilib.
Talışxanov 1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak edib. Gərgin döyüşlərdə göstərdiyi xidmətlərə və cəsurluğa görə 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunub. 1858-ci ildə də 3-cü dərəcəli, 1871-ci ildə isə 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülüb. Nəhayət, 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlib və müxtəlif medallarla təltif olunub.
Mir İbrahim bəy 1885-ci ildə Tiflisdə istefaya çıxdıqdan sonra doğulduğu Lənkəran şəhərinə qayıdaraq, ömrünün sonuna kimi burada yaşayıb. XIX əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbərnamə” əsərində general Mir İbrahim bəydən söz açır, onu “məşhur general Miri bəy” kimi təqdim edir.
Bu gün, iyulun 11-i general-mayor Mir İbrahim bəy Talışxanovun 195 illiyi tamam olur. Onu ehtiramla anır, ruhuna rəhmət diləyirəm…
Elman Eldaroğlu