Arı kimi səhərdən axşamadək çalışan xalq artisti…

Arı kimi səhərdən axşamadək çalışan xalq artisti…

Deyir ki;- “Teatr hər zaman olub. Əvvəl də var idi, bu gün də var. Teatr ayrı-ayrılıqda bir prosesdir, haqqında danışarkən onu əsasən iki mərhələyə, sovet və müstəqillik mərhələsinə bölmək lazımdır. Təbii ki, bu dövrlərdə teatrın uğurlu, uğursuz vaxtları da olub.

Məsələn, SSRİ dövründə böyük bir imperiyada Azərbaycan teatrı, Azərbaycan aktyorları çox böyük işlər görüblər, çox yüksək sənət əsərləri göstəriblər. Bu dövrdə çox böyük sənətkarlar yetişib. Müstəqillik dövrünə gəldikdə isə, ilk vaxtlar bütün sahələrdə olduğu kimi, teatrda da bir durğunluq yaşandı. Bu, hamı üçün gözlənilməz idi. İctimai formasiya dəyişirdi. Nəyin necə olacağını bilmirdik. Amma indi bütün bu proseslər öz yoluna düşüb və necə deyərlər, hər şey yaxşılığa doğru gedir. Öz fikirlərimi təsdiqləmək üçün təkcə bir faktı demək istəyirəm. Bu il biz Azərbaycanda ilk dəfə müstəqil teatrların festivalını keçirdik. Səmimi deyim ki, mənim də xəbərim yox idi, biz festival keçirəndə gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu çox gözəl göstəricidir, buna sevinmək lazımdır. Əlbəttə, bu teatrların çoxunun müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir çox problemləri var. Amma bu yeni formalaşan məsələdir. Getdikcə daha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hər zaman teatr və teatrı sevən insanlar olub. Əgər biz yaşda aktyorlar hələ teatrdan bezib getməyibsə, deməli, hər şey yaxşıdır.”
Söhbət prezidentin fərdi təqaüdçüsü, xalq artisti Vidadi Həsənovdan gedir. O, 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Orta təhsilini orada başa vurub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunda dram və kino aktyoru ixtisasına yiyələnib. 1986-cı ildən həmin elm məbədində müəllim kimi çalışır. “Estrada rejissoru” kafedrasının dosentidir. Eyni zamanda “Media Company”-nin nəzdində yaradılmış “M. Teatr Production”un bədii rəhbəridir. 2008-ci ildə “Şair olmaq istəmirəm” adlı şeirlər kitabı işıq üzü görüb. Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə Tiflis, eləcə də Moskvada ssenaristlər kursunu keçərək, beynəlxalq sertifikatlar alıb…
“Bəlkə də, bir az bəsit müqayisə olacaq, ancaq yenə də deyim. İnsan ac olanda yemək istəyir. Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər ehtiyacları kimidir. Adam var ki, özündə teatra getmək ehtiyacı duyur, adam da var ki, onun üçün teatrın varlığının və ya yoxluğunun elə bir əhəmiyyəti yoxdur. Sən nə qədər təbliğat aparsan da, izah etməyə çalışsan da- “mənə teatr lazım deyil”, deyəcək. Bu, normal haldır. “Bizim insanlar niyə teatra getmirlər?” sualı ritorikdir. Bu sualın cavabı yoxdur. Heç kəs bu suala cavab verə bilməz. Getmək istəyən teatra gedəcək, getmək istməyən də getməyəcək.”- söyləyir…
Bir sıra əsərlərin səhnələşdirilməsində rejissorluq edib. Eləcə də tetrda və iyirmi beşə yaxın filmdə aktyor kimi müxtəlif obrazları canlandırıb.
Deyir ki;- “İndi bir çox insanlar ancaq nostalji hisslərlə yaşayırlar, müasir filmlərə baxmadan, müqayisə aparırlar. Mən bir neçə festivalda iştirak etmişəm. Həmin festivallarda Azərbaycanın yeni filmləri nümayiş olunub. O filmlər haqqında orada yüksək fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox peşəkar adamlar, böyük mütəxəssislər bu filmlər barədə çox yüksək fikirlər səsləndiriblər. Mən şəxsən bunun şahidi olmuşam və o fikirləri sosial şəbəkələrdə paylaşmışam. Belə olan halda indi belə filmlərin pislənməsilə bağlı fikirlərlə necə razılaşmaq olar? Gəlin, “Bəyin oğurlanması” filmini misal göstərək. Aktyorlar da, rejissorlar da, kinoşünaslar da qeyd edirlər ki, öz bədii dəyərinə görə bu film o qədər də yüksək film deyıl. Daha çox regional filmdir. Düzdür, orada deyilən hər söz insanların dilindədir, orada deyilən hər söz zərbi-məsələ çevrilib. Amma bu film bədii dəyər baxımından zəif filmdir. Sən onu götürüb Azərbaycandan hansısa festivala aparsan, heç onu müsabiqəyə də salmazlar. Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir. “Əhməd haradadır” filmini sevməyən var? Ancaq ona kateqoriya veriləndə ən aşağ kateqoriya verilmişdi. Amma bizim elə mürəkkəb, elə qəliz filmlərimiz var ki, onlar uğur qazanıblar. Ola bilər ki, o filmlər Azərbaycanda göstərilər və bəyənilməz. Ancaq bu, o demək deyil ki, həmin filmlər uğurlu deyil. Bu baxımdan Azərbaycanda kino prosesi çox uğurlu gedir. Hər sahənin çatışmayan cəhətləri olduğu kimi bu sahənin də çatışmayan cəhətləri var. Əsas məsələ də maddi məsələdir. Bu məsələ həll olunsa, biz daha yaxşı filmlər çəkə bilərik.”
Bəli, xalq artisti kino sənayesindəki problemləri görür və çox narahatdır. Haqlı iradları var: “Bizdə bu qədər tarixi filmlər çəkilib. Hansından razı qalmısınız? Ona görə tarixi seriallar çəkilməsə yaxşıdır. O cür serialları çəkmək asan məsələ deyil. Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri və sair çox dəqiq olmalıdır. Buna isə külli miqdarda vəsait lazımdır. Türkiyə seriallarına baxın, demək olar ki, dünya teleməkanını zəbt ediblər. Elə bir ölkə yoxdur ki, orada türk serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə gəlib çatmaq üçün peşəkarlıqla yanaşı, maddi vəsait də əsasdır. Məsələn, bəzi deputatlarımız müəyyən məsələlərin həllində dünya təcrübəsini misal gətirirlər. Eyni şəkildə kinomuzun, teatrımızın problemlərini də dünya təcrübəsinə uyğun həll etmək olar. Çünki hər şeyi dövlətdən gözləmək olmaz. Ən azı ona görə ki, bu gün bizim bərpasını gözləyən Qarabağımız var. Düzdür, hər sahədə olduğu kimi, bu sahədə də müsbət yanaşmalar var. Ancaq nə edəsən ki, hələ də nəticə o deyıl.”- deyib köks ötürür…
Ümumiyyətlə Vidadi Həsənov zəhmətkeş adamdır. Necə deyərlər, arı kimi səhərdən axşamadək çalışır. İnanır ki, Azərbaycan kinosunun ən böyük uğurları hələ qabaqdadır…
İyulun 16-sı haqqında danışdığım xalq artistinin 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Elman Eldaroğlu
Share: