Azərbaycanlı futbolçuların viza problemi… — Oyuna çıxa bilmirlər

Azərbaycanlı futbolçuların viza problemi… — Oyuna çıxa bilmirlər

Ötən mövsümün sonu Azərbaycan çempionatından 4 futbolçu xarici klublara yollandı. “Qafqazinfo” xəbər verir ki, geridə qalan ildə “Qarabağ”da çıxışı ilə diqqət çəkən Musa Qurbanlı İsveç çempionatına üz tutdu. Yığmamızın gənc forvardı “Yurqarden” klubu ilə anlaşdı. 

Hazırda gənc forvard İsveçdə olsa da, komandası ilə oyunlara çıxa bilmir. Buna səbəb isə Musanın işçi vizasının hazır olmamasıdır. Az qala transferin üstündən bir aya yaxın vaxt keçməsinə baxmayaraq məsələ hələ də həllini tapmayıb. “Yurqarden”in idman direktoru Bosse Anderson “Qafqazinfo”ya açıqlamasında yaxın günlərdə hər şeyin yoluna düşəcəyinə ümid etdiyini bildirib: “Musa hələ ki, oyunlara çıxa bilmir. Çünki o işçi vizasının verilməsini gözləyir. Bir müddətdir ki, biz problemin həlli üçün çalışırıq. Problem İsveç miqrasiya qaydalarına görə yaranıb”. 

Eyni problemi Bolqarıstanın “Arda” klubuna keçən millimizin müdafiəçisi Cəlal Hüseynov da yaşayır. Ötən mövsümü “Şamaxı”da keçirən və yay “transfer pəncərəsi” zamanı legioner həyatı yaşamağa başlayan futbolçu komandasının oyunlarına qoşula bilmir. Artıq Bolqarıstan çempionatında mövsümün ilk turu başa çatıb və Cəlalın komandası “Çerno More” ilə 3:3-lük heç-heçə edib. Millimizin müdafiəçisi isə matçı tribunadan izləyib. “Arda”nın idman direktoru İvaylo Pekov açıqlamasında işçi vizası ilə bağlı problem yarandığını bildirib: “Avropa İttifaqı ölkələrindən olmayanlar üçün prosedur fərqlidir. Buna görə də Cəlal komandanın oyunlarında iştirak edə bilmir. Çalışırıq ki, 10-14 gün ərzində məsələni həll edək”.

Legioner həyatı yaşayacaq daha bir futbolçumuz isə Coşqun Diniyevdir. Türkiyənin “Samsunspor” klubuna keçən futbolçu qardaş ölkə çempionatın gec başlaması səbəbindən bundan viza problemindən əziyyət çəkməyəcək. 

Eyni vəziyyət Ramil Şeydayevə aid olsa da, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri Taylanda xeyli gec yollanmışdı. Onun “Buriram Yunayted”lə münasibətlərini gec rəsmiləşdirməsi də maraqlı məqam idi. Lakin Şeydayev hələ də bunun səbəbini açıqlamayıb. Görünən odur ki, Ramil Şeydayev də viza baxımından çətinlik çəkib. 


Share: