Quranı anlamadan oxumağın faydası varmı?

İbrətamiz hekayə

(pritça)

Qoca, mömin bir kişi nəvəsi ilə birlikdə dağlıq ərazidə yaşayırdı. Nəvə hər işdə babasına kömək edir, onun razı salmaq, işini yüngülləşdirmək üçün əlindən gələni əsirgəmirdi. Oğlan hər səhər yuxudan ayılanda gördüyü ilk səhnə bu olardı: qoca mətbəx stolunun arxasında əyləşib Qurani-Kərim oxuyur.

Uşaq fikirləşirdi ki, babası onsuz da namaz qılır, dua edir, bir də hər gün Quran oxumağın nə mənası var?! Amma bu işdə də babasını məmnun etmək üçün hər səhər tezdən oyanıb onunla birlikdə Quran oxumağa başlayır. Ərəbcə oxumağı bacarsa da, oxuduqlarının mənası anlamır. Axırda dözməyib babasına deyir:

– Babacan, mən də sənin kimi Quran oxuyuram, ancaq heç nə anlamıram. Ona görə də oxuduqlarım yadımda qalmır. Məncə boş yerə vaxt itirirəm, axı anlamadan oxumağın nə faydası var?

Baba sobaya kömür atıb boş səbəti nəvəsinə uzatdı:

– Oğul, götür bu kömür səbətini çaydan su gətir.

Oğlan babasının onun dediklərini eşitmədiyini zənn edib səbəti aldı. Üstəlik mat-məəttəl düşündü ki, səbətdə də su daşımaq olar? Babasının xərtinə dəyməmək üçün səbəti götürüb çaya endi. Dəfələrlə cəhd etsə də, səbətə doldurduğu su heç çaydan aralanmamış tamam boşalırdı. Nəhayət kor-peşman babasının yanına qayıdıb çiyinlərini çəkdi:

– Baba, nə qədər su gətirməyə çalışsam da alınmadı. Axı özün bilirsən ki, səbətlə su daşımaq olmaz…

– Bilirəm bala.

– Bəs onda niyə məni çaya yolladın ki?

– Oğul, bir əlindəki səbətə bax, gör nə dəyişikliyi var?

Uşaq indiyədək kömürdən qapqara olan səbətin dəfələrlə suya salınmasından içinin-üstünün tərtəmiz olduğunu, parıldadığını gördü. Baba gülümsəyib dedi:

– Bax, mənim balam, Quranı oxuyanda da belə olur. İnsan onu oxuyanda anlamaya bilər, oxuduqlarını xatırlamaz. Amma Quranı əlinə alıb oxuyan kimi insanın daxili də, xarici də bax belə tərtəmiz olar, saflaşar.

Tərcümə etdi: Şəfiqə ŞƏFA

Share: