“Ədliyyə Nazirliyinin Baş Tibbi İdarəsi tərəfindən hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıda bəzi xəstəliklərin adı göstərilib. Onlardan birinə tutulmuş şəxs cinayət törədərək həbs olunsa da, cəzaçəkmə müəssisəsində saxlanıla bilməz. Əgər siyahıda hemofiliya da varsa, o zaman göstərilən qaydalar həmin xəstələrə də tətbiq olunmalıdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev səsləndirib.
Onun sözlərinə görə, bu xəstəlik siyahıda yoxdursa, o zaman heç nə etmək mümkün olmur:
“Belə olan halda həmin məhkumun yaxınları vəkil tuta bilərlər. Vəkil əvvəlcə Ədliyyə Nazirliyi ilə siyahını dəqiqləşdirməli və xəstəliyin siyahıda olub-olmamasını müəyyənləşdirməlidir. Əgər siyahıda ola-ola həbsə düşübsə, o zaman məhkəmə qarşısında vəsatət qaldırmalı və azadlıqdan mərhumedilmə cəzasının yüngülləşdirici cəza ilə, yəni ev dustaqlığı ilə əvəz olunmasını tələb etməlidir”.
Onun sözlərinə görə, məhkəmə də xəstəliyin dərəcəsini müəyyən qədər nəzərə almalıdır:
“Hətta məhkəmə öz səlahiyyətindən istifadə edərək qanunauyğun şəkildə yüngülləşdirici hallardan istifadə edə bilər. Mövcud qanunvericilikdə ağırlaşdırıcı hallar dəqiq sadalansa da, yüngülləşdirici hallar dəqiq göstərilmir. Bu baxımdan məhkəmə nələrisə nəzərə ala bilər. Bunlar həbsxana şəraitində müalicəsinin davam etdirilməsi və həbsin müddəti ilə bağlı ola bilər.
Əgər şəxsin xəstəliyi ağırdırsa, hakim cəzanın minimum həddindən də aşağı hədd tətbiq edə bilər. Əgər müvafiq maddədə həbsolunma 5 ildən 8 ilə qədərdirsə, məhkəmə bu xəstəliyi nəzərə alaraq bunu 5 ildən də aşağı cəza təyin edə bilər. Bütün xəstələr cəzadan azad oluna bilməz. Əgər siyahıya düşməyibsə, cəzasını çəkməlidir. Əgər şəxsin xəstəliyi ağırdırsa, ən pis halda 6 il həbs cəzası verilə bilər. Əgər müddət bundan çoxdursa, hakim düzgün qərar verməyib. Çünki, bundan artığını tətbiq edə bilməz”.
Vəkil bildirib ki, xəstəliyi ağırdırsa və onun müalicəsi həbsxana şəraitində mümkün deyilsə, o zaman bu, ev dustaqlığı ilə əvəz edilə bilər:
“Qoluna da elektron qolbaq taxılır və həm ev şəraitində müalicəsini davam etdirir, həm də cəzası davam edir. Əgər törətdiyi cinayət ağırdırsa və daha yuxarı ağırlaşdırıcı cəza verilibsə, o zaman ev dustaqlığı verilməyəcək”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 21,22 və 78-ci maddələrində cinayət törətmiş şəxslərin hansı hallarda həbs olunmaması ilə bağlı konkret müddəalar əks olunub. 21-ci maddənin 1-ci bəndində göstərilir ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
2-ci bənddə isə qeyd olunur ki, həmin şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
22-ci və 78-ci maddələrində də oxşar müddəalar əks olunub və bəndlərə ayrılıb.