Erməni nazirin avtomobili mühasirəyə alındı – Canlı

09:46

İrəvanda bu gün etirazlar yenidən başlayıb.

Müstəqil.Az xəbər verir ki, etirazçılar artıq şəhərin müxtəlif hissələrində toplaşırlar.

Səhər saatlarından etibarən polis də hərəkətə keçib. Belə ki, polis aktivist David Sanasaryan və daha bir neçə şəxsi həbs edib. Sanasaryan həbsi zamanı etirazçılara sosial şəbəkələr vasitəsilə müraciət edib:

“Biz sizi sevirik. Əmin olun ki, tez, ya gec, hər şey dəyişəcək. Serj Sərkisyan hamımızı manipulyasiya edə bilməz”.

Sanasaryanın bu müraciətindən az sonra onun telefonu əlindən alınıb.

Sanasaryanla bərabər, gecə İrəvan məhkəməsi daha bir aktivistin – Tiqran Mazmanyanın 2 aylıq həbsi ilə bağlı qərar qəbul edib. O, kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Nikol Paşinyan isə bugünkü mitinqin başlanğıcında yenidən etirazçılara müraciət edib. O bildirib ki, bugünkü etirazlar Serj Sərkisyanı hakimiyyətdən getməyə məcbur etməlidir:

“Əminəm ki, bizim işimizin nə qədər çətin olmasına baxmayaraq, tezliklə qələbə gələcək. Bizim əsas fəaliyyətimiz Ermənistanın bütün yolları və avtomagistrallarını bağlamaqdır. Polis onların yerini dəyişə bilməz”.

O, yolları yük maşınları ilə bağlayacaqlarını bildirib və bunun üçün yük maşınları və traktor sürücülərinə müraciət edib.

Polis indidən Paşinyanın həbsinə cəhd edir.

***

İrəvanda etirazçılar Gülbenkyan küçəsində toplaşıblar. Onlar əvvəlcə yolu bir neçə avtomobillə bağlasalar da, polis onların fəaliyyətinə mane olub. Yolu bağlayan maşın polis evakuatoru tərəfindən aparılıb.

Aksiyaçılar polisin daha bir neçə nəfəri həbs etdiyini bildiriblər.

***

Ermənistan polisi səhər saatlarından etibarən 16 nəfəri saxlayıb.

Qeyd edək ki, dünənki aksiyalar zamanı ümumilikdə 122 nəfər saxlanılmışdı.

***

İrəvandakı həbslər zamanı polis güc tətbiq edib.

Mətbuat bu gün həbs edilənlər arasında aktivist Kristina Poqosyanın da olduğunu bildirib. Onun polis tərəfindən zorakılığa məruz qaldığı, buna görə də polis bölməsinə aparıldıqdan sonra təcili yardım çağırıldığı vurğulanıb.

***

Ermənistan polisi tərəfindən İrəvanda həbs edilənlərin sayı 37-yə çatıb.

Nikol Paşinyan erməni aktivistlərin həbsi ilə bağlı jurnalistlərə açıqlama da verib. O, Ermənistan İctimai Radiosuna edilən hücumun məsuliyyətini özünün daşıdığını bildirib:

“Tiqran Mazmanyan iki aylıq həbs edilib. Polis etirazçıları yox, məni həbs etsin. Mən bu dəhşətlər qarşısında sizi təslim olmamağa səsləyirəm”.

***

İrəvanda həbs edilənlərin sayı 52-yə çatıb. Polis Maştots prospektində yolun açılması üçün etirazçılara qarşı güc tətbiq edib.

***

İrəvanda polis tərəfindən həbs edilən etirazçıların sayı 92 nəfərə çatıb.

Məlumata görə, polis aksiya iştirakçılarının arasına mülki geyimli əməkdaşlarını sala bilib.

***

Paşinyanın çağırışına qoşulan 3 sürücü böyük yük maşınları ilə Alabyan prospekti-Kiyev mostunu bağlayıblar.

Müxalif lider sürücülərə yaxınlaşıb və onları bu addımına görə qucaqlayıb. Sürücülər də yürüşə qoşulublar.

***

İndiyə qədər həbs edilənlərin sayı 166 nəfərə çatıb. Onlar arasında Nikol Paşinyanın da oğlu var.

***

İrəvanda naməlum şəxslər etiraz aksiyasında iştirak edən yeniyetmələrə hücum edib. Hücum zamanı yeniyetmələr döyülüb. Mətbuat hücum edən şəxslərin kimliyinin bilinmədiyini, lakin onların hakimiyyət nümayəndələri ola biləcəyini iddia ediblər.

Bu arada bugünki aksiyalarda polis tərəfindən saxlanılan etirazçıların sayı 183-ə çatdığı bildirilib.

***

Etirazçılar İrəvanda müdafiə naziri Viqen Sarkisyanın avtomobilini mühasirəyə alaraq onun getməsinin qarşısını alıblar.

Bildirilib ki, etirazçılar onun avtomobilini döyəcləməyə başlayıblar.

Hətta maskalı nümayişçilərdən biri avtomobilin qapısını açmağa cəhd göstərsə də, mühafizəçilər buna imkan verməyib.

İlkin H.

    Share: