ANS-çilər Natəvanın vəfatından yazdı

ANS-çilər Natəvanın vəfatından yazdı

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra bu gün vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, aparıcı ilə uzun illər çiyin-çiyinə çalışmış jurnalistlər Natəvan Babayeva ilə xatirələrini sosial şəbəkə hesablarında paylaşıblar.

Fəaliyyətini dayandıran ANS-in vitse-prezidenti olmuş, hazırda REAL TV-yə rəhbərlik edən Mirşahin Ağayev keçmiş əməkdaşını son nəfəsində görənlərdən olub:

“Nəfəs kimi kəsildi, bacımız. Allah onu bizdən çox istədi! Darıxacağıq hamımız. Həmişə…  Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı… ay müəllim?” 

Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən bacımız! 

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”.

Natəvanın keçmiş iş yoldaşı, sabiq ANS-çi Ləman Ələşrəfqızı da bu gün onu xəstəxanada ziyarət edibmiş:

“Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: 

– Çağırın da tibb bacısını…

Qadın məni işarə edərək soruşdu: 

– Xanımı çölə çıxardım?

Əli ilə “yox” işarəsi etdi. 

– Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm. 

– Natış….

Mənə sıfır reaksiya…

Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. 

Alın, təmizdir-dedi. 

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”.

Qənirə Ataşova isə Natəvan Babayevanın vəfatına belə reaksiya verib:

“Həmişə səni sevəcəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz… Fərqli idik. Sən sakit, mən  alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa görüşəcəyik”.

“Çox pisəm, çox. Natış, əlvida! Özümə yer tapa bilmirəm. Əziz tələbə yoldaşım, iş yoldaşım, qonşum, dostum,sirdaşım…” – bu sözləri isə sabiq ANS-çi Afət Telmanqızı feysbuk hesabında yazıb.

Vaxtilə ANS-də çalışmış Amil Hacıyev isə Natəvanın ilk dəfə Mirşahin Ağayevin verdiyi tapşırığı icra etmədiyini yazıb:

“Allahın tapşırığı qarşısında acizik. Səninlə iş yoldaşı olduq, efir yoldaşı olduq. Yol yoldaşı olub, Batumidən vurub Türkiyədən çıxdıq. Etibarsız deyildin, yoldaşın Etibara, oğlun Əşrəfə, dostlarına etibarsızlıq elədin. O dünyadakılara salam apar… Ruhun şad olsun”.

Qeyd edək ki, ötən gün Mirşahin Ağayev Natəvan Babayeva ilə bağlı həssas paylaşımda ona sağalmağı tapşırmışdı.


Share: