Rəhmətlik atası Mikayıl müəllim Şəmkir rayon Dəllər-Cırdaxan kənd orta məktəbinin direktoru olub. Müharibə qurtardıqdan sonra evə dönəndə əl barmağından yaralı gəlib. Nə qədər müalicə etdirsə də yarası sağalmayıb və nəticədə 1946-cı ilin may ayının 22-də vəfat edib.
O vaxt o, hələ anadan olmamışdı. Atasının ölümündən iki ay sonra, iyul ayının 21-də dünyaya gəlsə də bibisi Nabat xanım onun doğum tarixini atasının ölüm tarixi ilə eyniləşdirərək, metirkasına 22 may 1946-cı il yazdırıb. O da ağlı kəsəndən hər iki tarixi ad günü kimi qeyd edir.
Özündən yaşca böyük Vaqif adlı bir qardaşı olub. “Su çiçəyi” xəstəliyindən dünyasını dəyişəndən sonra anası onu da Vaqif deyə çağırmağa başlayıb. Lakin sənəddə rəsmi adı Yasin olduğundan hər yerdə bu adla tanınıb…
1964-cü ildə anasının istəyi ilə xarici dillər institutunun İngilis dili fakültəsinə daxil olsa da, III kursda həmin elm ocağını tərk edərək, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Həmin vaxtlar o, “Damğa” satirik xalq teatrının üzvü imiş. III kursa kimi anasının onun bu hərəkətindən xəbəri olmasa da bir gün onun ad gününü təbrik etmək üçün Bakıya gələndə öyrənib ki, oğlu teatr institutunda oxuyur. Onun bu qərarına bir söz deməyib…
Deyir ki;- “Açığı uşaqlıq illərim o qədər də ürəkaçan olmayıb. Bütün atasız, yetim uşaqlar necə, mən də elə böyümüşəm. Yaxşı yadımdadır, beşinci sinifdə oxuyanda yaşca özümdən böyük bir qıza vurulmuşdum. Dostum məsləhət gördü ki, o qızı öpsən, səni sevəcək. Tənəffüsdə keçdim qızın qabağına və əyil, qulağına söz deyəcəm, söylədim. Əyilən kimi üzündən öpdüm. O da yerə yıxıb məni o ki var çırpdı. Bilmirəm, nədənsə uşaqlıq illəri deyiləndə, yadıma o hadisə, bir də kal meyvələr düşür. Uşaq vaxtı bağçalardan o qədər meyvə oğurlayıb yemişəm ki. Tanrının mənə bəxş etdiyi bacarıq məni kəndimizin camaatının istəklisinə çevirmişdi. El şənliklərində, toyda, nişanda balaca Yasinin adı dillərdə əzbər idi. Şirin, məlahətli oxumağım, Novruz bayramında Kosa, Keçəl rollarım hamının xoşuna gəlirdi. Bu, həm də mənim ilk kövrək uğurlarım idi. Şənliklərin birində el aşığı Mikayıl Azaflı qoşmasını əzbər söylədiyimə görə alnımdan öpüb mənə xeyir-dua verdi. Bu da sənət yolumun başlanğıcında aldığım ən yüksək qiymət idi.”
Bəli, bu dəfə sizə Azərbaycanın teatr və televiziya aktyoru, rejissoru, “Qızıl Dərviş” mükafatı laureatı, prezidentinin fərdi təqaüdüçüsü, Xalq artisti Yasin Qarayevdən danışmaq istəyirəm. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib və 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır…
“Başıma maraqlı hadisələr çox gəlib. Ötən əsrin 80-ci illərində İsi Məlikzadənin “Gəl, qohum olaq” tamaşasını oynayırdım. İfa etdiyim Qarakişi rolunu çox çılğın oynadığımdan hərdən özündən getmək dərəcəsinə çatırdım. Rüsvay olmamaq üçün ürəyimdə Allaha o qədər yalvardığım anlar olub ki… 2006-cı ildə 60 illik yubileyimi dövlət səviyyəsində qeyd edirdilər. Bədbəxtçilikdən həmin gecə mənim üçün çox əziz olan bir qohumumun ölüm xəbərini eşitdim. Mən tamaşaçıları güldürməli idim. Lakin qəlbimdən dəli bir ağlamaq keçirdi. Sonralar Rza Təhmasibin dediyi Stanislavski təlimində “ölçü” hissi nəzəriyyəsini xatırladım və hər şey qaydasına düşdü. Ağılla ürəyin öhdəsindən gələndə həmişə köməyimə çatan yumruq boyda ürəyim olub. Yəqin ona görə də tez-tez sızıldayır.”- söyləyir.
Yarım əsrə yaxındır ki, teatr mədəniyyətimizin çiçəklənməsi üçün çalışır. Bu dövr ərzində çox dəyərli müəllimləri olub. Teatr tariximizə öz adlarını qızıl hərflərlə yazdıran- Rza Təhmasib, Müxlis Qənizadə, Səftər Turabov, Şəfiqə Axundova, Gülarə Əliyeva, Rəhilə Cabbarova və Hüseynağa Sadıqovun adlarını dilə gətirərək hər birini ustadı kimi ehtiramla yad edir. İndiyədək on beşə yaxın filmdə rol alıb, otuza yaxın tamaşada müxtəlif obrazları yaradıb…
Deyir ki;- “Mənə elə gəlir ki, insanın bacarmadığı şey yoxdur. Lakin etdiyini zövqlə, məhəbbətlə etməlisən. Zövq və məhəbbət isə insanın daxili məzmunu ilə müəyyənləşir. Ailəmizdə hamımız Azərbaycan mədəniyyətinə qulluq edirik. Həyat yoldaşım 25 il AzTV-də radio diktoru işləyib. Oğlum Rövşən isə çox istedadlı gəncdir- qrafist-dizaynerdir. Bəli, bu sənət mənə görmək, eşitmək, xalqın ruhuna nüfuz edib, dərdinə şərik olmaq bacarığını verdi.”
Yalan danışmaqdan zəhləsi gedir. Kiminləsə küsülü qalmağı xoşlamır. Dostluqda çox sədaqətlidir.
“Sənətdə qalmaqaldan uzaq olmağa çalışmışam. Şəxsi həyatımda isə rastlaşıb, sarsıntı keçirmişəm. Keçmiş ola. Mənim üçün dostluq iki bədəndə bir ruh kimidir. Dostu ruh özü tapır. Famil Mehdi yazır:
Məni qardaş yolunda imtahana çəkməyin,
onu təbiət verib, ürəyimə hərarət, qoluma qüvvət verib.
Məni dost yolunda imtahana çəkin ki, çox alışıb-yanmışam.
Dostları bu dünyada mən özüm qazanmışam.”- söyləyir.
Gecələr ayı seyr etməkdən və şəlaləyə baxmaqdan zövq alır. Hər ikisinə tamaşa edəndə ruhu dincəlir. Müslüm Maqomayevə qulaq asanda elə bilir ki, o, bu planetin adamı deyil. Heç kimi özünə rəqib bilmir. Sadəcə olaraq özündən öndə olanlara çatmağa çalışır…
Deyir ki;- “Unudulmaq ölmək kimi bir şeydir. Zənnimcə heç kim ölmək istəməz.
“Ölüm var həyat qədər dəyərli,
həyat var ki, ölümdən də zəhərli…”
Deyirlər ki, quş ölməzdən əvvəl oxuyur. Nə gözəl ölümdür. Belə ölməyə nə var ki?! Yaşamaq çətindir.”
Bəli, hörmətli aktyorumuz Yasin Qarayev doğru deyir, ölməyə nə var ki, bəzən heç bir saniyə də çəkmir. Yaşamağı bacarmaq lazımdır, nə az, nə çox- 100 il! Bu yerdə söhbətimi başa vurub iyulun 21-də 77 yaşını qeyd edəcək Xalq artistini təbrik edir, möhkəm can sağlığı, 100 il yaşamağı arzulayıram…
Elman Eldaroğlu