Müstəqil.Az bu dəfə Axar.az-ın “Xatirə dəftəri” layihəsində mərhum jurnalist Ceyhun Nağının həyat yoldaşı Təhminə xanım Qənbərova ilə söhbətinu yayınlayır. Təhminə xanımın bələdçiliyi ilə onun Ceyhunlu günlərinə qayıtdırıq.
– Təhminə xanım, səhv etmirəmsə, ali məktəbdə müəllim kimi fəaliyyət göstərirsiniz. Ali məktəb müəllimi olmaq, ali hisslərlə yaşamaq maddi durumun, dolanışığın ali mərtəbəsində olması demək deyil…
– Memarlıq və İnşaat Universiteti mənim ilk iş yerimdir. Tələbələrimin sevgisi və müəllimliyə olan sevgim çətin günlərimdə məni həyata bağlayıb. Bu sahədə motivasiyamı artıran həm də onlara olan sevgimdir. Ailə başçısı kimi indi tək olduğuma görə yük mənim çiyinlərimə düşüb və özümü anadan çox, ata kimi hiss edirəm.
– İş yerinizdən uzaqda yaşayırsınız, gediş-gəliş çətin olar…
– Ata evim Mehdiabadda olduğuna görə indi orda yaşayırıq. Hər gün 3-4 saatım yollarda keçir. Bu da əlavə problemlər yaradır. Ən əsası qızımızın daha yaxşı təhsil almasına mənfi təsir göstərir.
– Rəhmətlik Ceyhun da Mehdiabaddan işə gələrdi…
– Hə, əslində, Ceyhun sağ ikən də Mehdiabadda yaşamışıq, evimiz olmayıb. Evsiz gənc olaraq ailə olmuşuq. Qayğılar, pulsuzluq boğaza kimi olub. Bundan dolayı kirayəyə də çıxa bilmirdik. Ceyhunun ata evi Tovuzda olduğu üçün orada da yaşaya bilməzdik. Çünki onun iş yeri Bakıdaydı. Bundan dolayı valideynlərimin yanında qalmağa məcbur idik. Bütün ağırlığımızla valideynlərimin üstündəydik. Ata-anamın haqqını ödəyə biləcəyimi düşünə bilmirəm.
– Yəqin, qınayanlarınız da olub, atasız, evsiz oğlanla ailə qurmaq…
– Düzdür, bu ara evi olmayan oğlana ərə getdiyimə qızlar mənə birtəhər baxırdılar. Zamanla ev alarıq, hər şey düzələr, deyə düşünürdüm… Fələk də bəzi şeylər düşünürmüş… Ayrılıq birdən gəldi…
– Ceyhunu dostları çox sevirdi, indi də onun xatirəsi əziz tutulur. Bəlkə, Ceyhunlu günlərinizə qayıdaq?
– Ceyhunla bir stəkan çay içib söhbət edən onunla dost olurdu artıq. Dost idi o, həqiqi dost. İllərlə yeri dolmayan dost. Jurnalistlərdən Ceyhun haqqında həmişə müsbət fikirlər eşitmişəm. Bunu Ceyhun üçün Miras İctimai Birliyi tərəfindən hazırlanan “39-cu pillədə qırılan ömür” kitabında da görmək mümkündür. Kitabda Ceyhunlu və Ceyhunsuz yazılar əks olunub. Qənirə Paşayeva, Elçin Mirzəbəyli, Salam Sarvan, Seymur Verdizadə, Əkbər Qoşarlı və s. kimi bir sıra şəxs onunla bağlı xatirələrini bölüşüb. Ceyhunun müxtəlif mətbuat orqanlarında nəşr olunan məqalələri toplanıb. Ceyhundan qızımıza qalan yeganə miras da budur… Yəni təmiz ad… Maddi mənada qızımıza verəcək bir şeyimiz olmadı bunlardan başqa.
– Necə tanış oldunuz, birgə yaşadığınız qısa həyat necə keçdi?
– İkimiz də Xarici Dillər Universitetində təhsil almışıq. Hamı onun xətrini istəyirdi. Eyni kursda oxuyaq deyə, Ceyhun imtahanlardan qəsdən kəsilib kursda qalmışdı ki, bizimlə birlikdə davam eləsin. Halbuki yenidən imtahana girib imtahandan keçə bilərdi.
– Demək, eyni kursun tələbəsi olan kimi ürəyini sizə açdı?
– O, 3 il mənə yaxın olmağa çalışıb. Mən də uzun müddətdən sonra uzaqdan-uzağa onu müşahidə etməyə çalışmışam. Sonradan anlamışam ki, əslində, onun fikirləri, düşüncələri mənə yaxın gəlirmiş. Beləliklə, ona simpatiyam yaranmağa başladı… Və bu simpatiya mənim tərəfimdən sevgiyə çevrildi. Hətta bu sevgi ana bətnində böyüyən döl kimi böyüdü.
– Jurnalist işi belədir ki, bəzən istəmədiyin situasiyayla qarşılaşırsan, obyektivlik naminə subyektiv fikirlərinin üstündən keçirsən, dilxor, yorğun olursan və sair. Onun da bu ovqatla evə gəldiyi vaxtlar sözsüz ki, olub.
– Əvvəllər mətbuatda ara-sıra yazıları çıxırdısa, biz evləndikdən sonra tamamilə jurnalistikaya keçdi. Öncəki işləri də mətbuatla əlaqəli olduğu üçün onlarla qaynayıb qarışmaq ona çox asan oldu, tez dil tapdı. Məmməd Nazimoğlu kimi böyük jurnalistin əlindən su içdi. Allah ona rəhmət eləsin. Çox yaxşılığını gördük Məmməd müəllimin və təbii ki, adını, əməyini bilmədiyim bir çox jurnalistin. Söhbət 2000-ci illərdən gedir. Nə internet, nə başqa vasitə indiki kimi deyildi. Maaşlar çox az idi. İşçilər üçün yaradılan şərait də ürəkaçan deyildi. 10 ildən çox müxtəlif KİV-də müxbir, şöbə müdiri, redaktor kimi fəaliyyət göstərib. Ən son isə “Həftə içi” qəzetində redaktor olub.
Həmişə təmiz ad və onu qorumaq üçün çalışıb. Daim bunun mübarizəsini aparıb. Pulum az olsun, adım təmiz olsun, deyib. Buna görə də maddi sıxıntılarımız, iş stressi hər zaman olub. Əminliklə deyə bilərəm ki, qayğı və sevgi dünyadan köçən günə qədər həmişə bizimlə olub. Bir-birimizə dayaq olmuşuq. Jurnalistin həyat yoldaşı olaraq həmişə maddi problemlər içində boğulmaq və bunlara rəğmən, Ceyhun üzülməsin deyə, onları sinəyə çəkmək asan olmayıb. Həyatımız “döz, düzələcək, yaxşı olacaq” sözləri ilə davam edib.
– Ceyhundan yadigar olaraq bir qız övladınızı böyüdürsünüz. Atasını necə xatırlayır?
– İlk övladımızı itirdik. Buna səbəb pulumuzun yetərli qədər olmaması idi. Çünki daha yaxşı xəstəxanaya gedə biləcəyimiz halda əlacsızlıqdan rayondakı doğum evinə getmişdik. Orada da taleyin ilk acısını yaşadıq. Bu anımı özümü Afrikada doğum edən ibtidai insan olaraq xatırlayıram. Yaddaşımdan silmək istədiyim anlarımdır bunlar. Allah heç kimə göstərməsin. O hadisədən sonra bir müddət övlad istəmədik və bir gün qızımız – qismət payımız gəldi. Ata-bala çox sevirdilər bir-birilərini. Ceyhun onunla nəfəs alırdı sanki. Özünə də bənzəyir surətcə. Atası dünyasın dəyişəndə 4 yaşı vardı balamızın. Ağıllı, dərrakəli uşaqdır deyə çətin keçirdik bir neçə ili onsuz. İşə yola saldıq, bir neçə saat sonra ölüm xəbərini aldıq və mən evdən xəstəxanaya, ordan da rayona yola düşdüm, evə qayıtmadım. Dəfndən on gün sonra evə, qızımın yanına atasız gəldim. O anladı… “Dədəm hanı” soruşdu?
Qızım mənə ağlamağı unutdurdu. O, dik dursun, sınmasın, əzilməsin deyə, mən daha dik durdum. Onu Ceyhunun 40-da qəbrini ziyarət etmək üçün apardıq. Gözləməsin ki, nə vaxtsa atası gələcək. Daha çox psixoloji zədə almağını istəmədim. Atasını həmişə xoş xatırlasın deyə, şəkil albomumuzu evdə görünən və əlçatan yerə qoydum ki, darıxanda baxa bilsin. Evdə Ceyhunu ölü göstərəcək atmosfer yaratmadım. Qızımın hər anlamda sağlam böyüməsini, atasızlığını hiss etməməsini istəyirəm. Olduqca çətindir.
– Bəs siz onun uşaq yaddaşına daha nələri əlavə edirsiniz, Ceyhunun hansı xüsusiyyətlərini balasına danışırsınız? Atasından onda olan oxşarlıqlar hansıdır?
– Qızım atasını 4 il görüb. Uşaq yaddaşı üçün çox azdır bu. Şəkillərə baxır. Gəzintiyə getməklərini xatırlayır bir az. Bir çox xüsusiyyətdə atasına oxşayır. Gülüşü, yerişi, davranışı. Onun kimi yaddaşı da yaxşıdır. Amma deyəsən, incəsənətə meyillidir. Ailə başçısı olduğuma və maddi tərəfi mən təmin etdiyimə görə balama istədiyim qədər zaman ayıra bilmirəm. Amma onun daha yaxşı təhsil alması üçün əlimdən gələni edirəm. Buna baxmayaraq, şəhərdən çox uzaqdan qalmağımız bunlara mane olur. Hər dəfə şəhərə gedib-gəlmək də uşaq üçün çətin olur. Bir-iki dəfə kurslara aparmağa cəhd etmişəm. Amma yol yorğunu olduğunu müşahidə etdiyimdən kursu davam etdirməmişik.
– Yaxınlarda ölkə başçısının birbaşa diqqəti və qayğısının nəticəsi olaraq jurnalistlərimizə mənzillər paylanacaq. Necə düşünürsüz, müraciət etsəniz, sizə də pay düşərmi?
– Jurnalistlərə ev verilməsi çox təqdirəlayiq haldır. Niyə? Cəmiyyətin axan qanıdır jurnalistika. Çətin peşədir. Söhbət əsl jurnalistdən gedir. Jurnalist öz həyatını yaşamır. İnsanların dərd-səri qayğıları onları vaxtından əvvəl qocaldır. Jurnalist ailəsi olmaq, onun ağırlığını çəkmək asan deyil. Bir kişi üçün bunun nə qədər ağır olduğunu indi daha yaxşı anlayıram. Məncə, Ceyhun kimi fəaliyyət göstərən, əziyyət çəkən, jurnalistikaya can qoyan və şəxsi həyatını, ailəsini jurnalistikaya qurban verən hər jurnalistin ev almaq haqqı var. Ceyhun özü sağ olsaydı, bu evi alardı. Çünki yuxarıda qeyd etdiyim kimi, Ceyhun jurnalistikanın çox çətin vaxtlarında bu sahədə 10 ildən çox fəaliyyət göstərib. Yəni ona da pay düşəcəyini ümid edirəm. Bu ümidimi 2013-cü ildəki Milli Mətbuat Günündə mənzil alanlar içərisində mərhum jurnalistlərdən Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid İmanovun ailəsinin olması daha da artırır.
– Ümumiyyətlə, heç fikirləşmisiniz ki, bu haqda müraciət edəsiniz?
– Cənab prezidentə bununla bağlı müraciət etmişik. Sağ olsunlar, Prezident Aparatından bizi qəbul edib, dinləyib, müraciətimizi qeydə alıblar. Ceyhun tovuzlu olduğu üçün Tovuzdan millət vəkili seçilən hörmətli Qənirə Paşayevaya da bununla bağlı müraciətimiz olub. Bizi dəfələrlə dinləyib, qəbul edib, öz dəstəyini əsirgəməyib. Mətbuat Şurasına da müraciət etmişik. Hətta bu yaxında Ceyhunun jurnalist dostları da Ceyhunun adına ev verilməsi üçün imza toplayıblar. Və bu imzalarla birlikdə yenidən müraciət edəcəyik. Fürsətdən istifadə edib dəstək olan hər kəsə çox təşəkkür edirəm.
– Təhminə xanım, Ceyhunun çox gözəl yaddaşı vardı, siz də dediniz bayaq, çoxlu şeirlər bilirdi. Bəs onun özünün yaddaşlarda nəyi ilişib qaldı?
– Ceyhun maraqlı insan idi. Məclis adamı idi. Dostları çox idi. Mənə elə gəlir ki, onunla salamlaşan insanın belə onunla bağlı bir xatirəsi vardı. Yaddaşlara ilişirdi onun gülüşü, şən olmağı… Biz heç dalaşmadıq… küsülü belə qalmadıq… birdən gəldi ayrılıq…
– Xatirələrlə başa-başa qalmaq, o günlərə qayıtmaq, o günləri yaşamaq sizə daha nələri diktə edir?
– Ceyhunla birlikdə qızımızın gələcəyi ilə bağlı çox arzular qurmuşduq. Elə bu arzulardan biri də ev almağımız olub. İndi bu arzuları reallaşdırmaq üçün daha çox çalışmalıyam.Tək olduğum üçün ikiqat yüküm var. Ceyhunun yaxın dostları da qızımızla nəfəs aldığını çox yaxşı bilir. Ata-bala həftə sonları birlikdə rəqs edirdilər. Ceyhun işdən çox gec gəldiyi üçün qızımız yatmış olurdu. Ceyhun da onu çoxlu öpür, yatırdı. Qızım indi həm ana, həm ata sevgisini mənə yönəldib.
– Ceyhun mənim də yaxın dostum olub, onlu günlərə qayıtmaq məni də bəzən üzür. Tez getdi aramızdan. Sizi də o günlərə qaytardım, ürəyinizə qubar gətirdim, üzürlü bilin.
– Unutmadığınız, xatırladığınız üçün çox sağ olun!
Faiq Balabəyli
2017.05.21 / 09:30