“Kərbəla hadisəsini ərəblərə aid etmək böyük qəbahətdir” — Hacı Eldayaq Hüseynov

İslam dünyası hər il Məhəmməd peyğəmbərin nəvəsi Hz. Hüseynin faciəvi vəfatının ildönümünü qeyd edir. Bu tarixi hadisənin səbəbləri və mahiyyəti ilə bağlı ilahiyyatçı, İmam Həsən məscidinin imamı  (axundu) Hacı Eldayaq Hüseynovla həmsöhbət olduq.

Qafqazinfo müsahibəni təqdim edir:

– Məhərrəm ayının islamdakı yeri haqqında oxucularımıza məlumat verərdiniz.

– Məhərrəm ayı İslam dünyasında hüzn ayıdır. Bunun səbəbi isə dinimizin üçüncü rəhbəri, sevimli peyğəmbərimiz həzrət Məhəmmədin (s) nəvəsi həzrət Hüseynin (ə) öz tərəfdarları ilə birgə haram ay olan Məhərrəm ayında elə müsəlmanların öz əli ilə şəhid edilməsidir. Quranın “Müsəlmanlar qardaşdır, haram aylarda düşmənlərlə belə vuruşmayın” əmrinin olmasına baxmayaraq, məkrli niyyətlilər, alçaq qəlblər öz məqsədləri naminə bu cinayəti törətmişlər. Allahın iradəsinə zidd gedərək Aşura günü 72 günahsız cana qıymış və bəşəriyyətin ən böyük faciyəsinə imza atmışlar. Quranın “Bir günahsız cana qıyan sanki bütün insanları öldürmüş kimidir” təbirindən çıxış etsək, 72 günahsız cana qıymaqla İslam dininin bütün qanunlarını ayaqlar altına atmış və tüğyan edərək Allaha üsyan etmişlər.

– Nə üçün müsəlmanlar əsrlərdir bu hadisənin ildönümünü qeyd edir?

– Əsrlərdir müsəlmanlar, o cümlədən Azərbaycan xalqı bu faciəni qeyd edir və bununla da onu unudulmağa qoymur. Bu ənənənin çox böyük bir mahiyyəti vardır. Bu faciəni nəsildən-nəslə ötürməklə Quranın əmrinə əsasən, Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) olan sevgimizi əməli olaraq ortaya qoymuş oluruq. Əgər onların şad günlərini qeyd ediriksə, kədərli, matəm günlərini də şübhəsiz qeyd etməliyik. Biz bununla yalnız Uca Allahın razılığını qazanmaq istəyirik. Quranın məntiqi buyurur ki, Allaha yaxınlaşmağın yolu Onun Peyğəmbərinə (s) və salehlərə qeydsiz-şərtsiz itaət və sevgidir. Allah Rəsulu (s) özü də buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir”.

– Kərbəla hadisəsinin əsas mahiyyəti nədir?

– Kərbəla hadisəsi bütün bəşəriyyətə bir insaniyyətlik və mərdlik dərsi verir. Sədaqət və vəfanın necə olmasının ülgüsüdür bu hadisə. Quranın məntiqi buyurur ki, əhdə vəfa edin, öz əleyhinizə olsa belə, haqqa şahidlik edin. Biz də Allaha verdiyimiz əhdə, yəni Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) sadiqliyimizi həm də bu ağır hadisələri yaşatmaqla bildiririk. İslam ümmətinin qara ləkəsi olan Kərbəla faciəsini yaşatmaqla öz əleyhimizə olsa belə, haqqa şəhadət veririk. Eləcə də bu matəmi təfriqə kimi qiymətləndirənləri ədalətə və haqqa çağırırıq.

Quran məntiqinə görə, bir ümmətin içində bəzi fərdlər ağır bir günah edərsə, bəla bütövlükdə hamıya nazıl olar. Yalnız bir ovuc bu günahla razılaşmayan insan nicat tapar. Biz Kərbəla hadisəsinə hər il matəm saxlamaqla bu cinayətlə razı olmadığımızı aləmə bəyan edirik. Belə ki, bu günah da ümmətləri məhv edən günahlardan heç nə ilə fərqlənmir! Biz matəm və hüzn saxlamaqla ümmət adından bir növ tövbə edirik. Görən Allah İmam Hüseyn (ə) boyda bir qurbanı bizə bağışlayarmı?! Biz qorxu və ümid içində ağlayırıq…

– Kərbəla hadisəsinə ərəblərin faciəsi deyənlər də var…

– Kərbəla hadisəsini konkret zamanla və ərəb milləti ilə çərçivələndirmək böyük qəbahətdir. Biz bu faciədə qətlə yetirilənlər arasında qeyri-ərəb millətindən olanları da görürük. Hətta hamısı ərəb olsaydılar belə, onların amalının haqq işi uğrunda və ümumbəşəri olması bu hadisəni millətçilik kimi dar çərçivədən xaric edərdi. Söhbət insanlığın səadətindən və bəşəriyyətin son dini olan İslamın təməlini sarsıda biləcək mənfur niyyətlərin qarşısının alınmasından gedir. Bizim də ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yaşayır. Bizi birləşdirən ümumi dəyərlər vardır. Məsələn, Vətən sevgisi, ümumi mənafe və nəhayət, Bir olan Allaha etiqad.

Kərbəla məktəbi əsrlərdin zülmlə mübarizə və ədalətin qələbəsi uğrunda olan çarpışmaların mühərrikidir. Kərbəla məktəbi lazım gələrsə, “uf” belə demədən müqəddəs işlər naminə candan keçməyi bizlərə öyrədir. Biz haqq müharibəmizdə də bunun əyani şahidi olduq. Bu gün qürurla öz vətən şəhidlərimizi yad edirik, onlarla fəxr edirik! Kərbəla hadisəsi şəhid valideynləri və yaxınları üçün ən böyük təsəllidir. İnsanın övladının yerini nə pul, nə də mal ödəyə bilməz. Ödəyəcək yeganə bir şey varsa, şəhid məqamının onlara şamil olmasını eşitməkdir.

Hər kəsin bir gün bu dünyanı tərk edəcəyini nəzərə alsaq, kim istəməz ki, gedəcəyi yerdə ən yaxını ən uca bir məqam sahibi olaraq mötəbər bir halda onu qarşılasın. Yalnız bu təlqin şəhid ata-analarına sonsuz təsəlli və sevinc bəxş edir. Başqa heç nə.

– Hər il milyonlarla müsəlmanın qatıldığı “Ərbəin” yürüşü həmrəyliyin və İmam Hüseynə olan sevginin, sədaqətin rəmzidir…

– Kərbəlanın, xüsusilə Aşuranın yüksək fəlsəfi dəyərlər üzərindən nümayiş olunan həmrəylik mahiyyəti də vardır. Hər il milyonlarla müsəlmanlar dünyanın hər bir yerində heç bir çağırış, dəvət olmadan əzadarlıq mərasimlərinə qoşulur, dünyada əsla rast gəlinməyən həmrəylik, qardaşlıq yaxınlaşması olur. Ehsanlar, sədəqələr paylanılır, yoxsullara, xəstələrə başqa zamanlarda yaşanmayan xeyriyyəçiliklər edilir. Bütün bunlar yalnız Allaha və Əhli-Beytə (s) sevgidən qaynaqlanır. Hətta başqa dinlərin ardıcılları da bu xeyirdən kənarda qalmır. Bu həmrəyliyin ən böyük nümunəsi olaraq hər il İraqın Kərbəla şəhərində baş turan milyonların “Ərbəin” yürüşünü göstərmək olar.

Kərbəla hadisəsi müsəlman xalqların ictimai-mədəni yaradıçılığına da böyük təsir etmişdir. Mədəni incəsənət müstəvisində mərsiyə, növhə, qəsidə, məqtəl kimi yaradıcılıq nümunələri, o cümlədən, “Şəbih” teatrları meydana gəlmişdir. Bu isə müsəlman xalqların milli mədəni irsinin bazasını təşkil edir. Böyük şairlərimizin, ədiblərimizin məhz bu hadisədən ilhamlanaraq neçə-neçə əvəzsiz əsərlər ortaya qoyması da danılmazdır.

Sonda əziz xalqımıza bu matəm günləri ilə bağlı başsağlığı veririk. Daima İlahi sınaqlardan İmam Hüseyn (ə) kimi üzüağ, alnıaçıq çıxmağı arzu edirik. Onsuz da gec-tez hamımız bu dünyadan köçüb gedəcəyik. Uca Allah bizləri Məhəmməd (s) və Ali-Məhəmməddən (ə) ayrı salmasın!

Könül Cəfərli


Share: