İslama beş qitədə – Avropa, Asiya, Amerika, Afrika və Avstraliyada – etiqad edənlər var. Bu, dünya dinidir və 1 400 ildir ki, mövcuddur. Başqa təkallahlı dinlər kimi ona qarşı çıxanlar da olub, bu gün də var. İndi də müxtəlif səviyyələrdə islam dinini təftiş və tədqiq edirlər. Bütün neqativ hallar və hadisələr isə ona inananların sayını azaltmır, əksinə, onun coğrafiyası genişlənməkdə davam edir.
Müasir dövrdə özlərini demokratiya, ədalət və vicdan azadlığının keşikçisi rolunda aparanların vaxtilə qul alveri, işğalçılıq siyasəti bu dinin yayılmasının başlıca səbəblərindən biridir. Məsələn, orta əsrlərdə yoxsul afrikalılar Amerikaya və ya Avropaya necə gedə bilərdilər? Təbii ki, qul alveri afrikalılar üçün bu qitələrə yol açdı. Elə asiyalı müsəlmanlar da oxşar hadisə və Qərbin işğalı nəticəsində öz yurdlarından didərgin düşdülər. Başqa sözlə, islam dininə inananlar həmin torpaqlara məcburi miqrasiya ediblər. Heç şübhəsiz, ərəblərin istilası, Osmanlının yürüşləri nəticəsində də mühacirətlər baş verib.
Bu gün daha çox ABŞ-də, Hindistanda, Myanmada, Mərkəzi Afrika Respublikasında, Avropa ölkələrində, o cümlədən İsveçdə, Fransada ksenofobiya və islamofobiya halları artıb.
2004-cü ildə BMT “İslamofobiyaya qarşı mübarizə” konfransı keçirib. Avropa İttifaqı və qitədəki başqa beynəlxalq qurumlar bu halı daim pisləsələr də, bu antihumanist hərəkat davam edib, indi də artmaqda və genişlənməkdədir. 2001-ci il sentyabrın 11-də ABŞ-də göydələnlər partladıldıqdan sonra islamofobiya gücləndi, islam adı altında olan təşkilatlar Qərb bloku düşməni elan edildilər. Bu, Qərbin yeni ölkələrə hərbi müdaxiləsinə şərait yaratdı. Örnək olaraq, İraq və Suriyada əməliyyatların keçirilməsini xatırlatmaq yetərlidir.
Bundan başqa, Böyük Britaniyada məktəblinin müsəlmanlara qarşı çıxışına görə həbs edilməsi faktı da qeydə alınıb. Britaniyanın müsəlmanlar və islamofobiya işləri üzrə komissiyası krallıqda müsəlmanların hakimiyyət nümayəndələri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını təsdiqləyib. Danimarkada başıörtülü qadının ailəsi ilə birlikdə beysbol ağacı ilə hücuma məruz qalması hadisəsi də məlumdur. Hesabatlara əsasən, müsəlmanlar Avropa əmək bazarında, yaşayış yerlərində, təhsil müəssisələrində diskriminasiyaya məruz qalırlar.
2004-cü ildə Amerika-İslam Münasibətləri Şurası təşkilatı ABŞ mətbuatında islamofobiyaya qarşı kampaniyaya başlamışdı. Ancaq bu, mövsümi oldu.
Qərb ölkələrində antiislam hadisələrinə qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, ksenofobiyanın qarşısını almaq hələ də mümkün olmayıb. Mərkəzi Afrika Respublikalarında (MAR), Hindistanda, Myanmada isə islamofobiya siyasəti, təəssüf ki, dövlət səviyyəsində aparılır. Qərbin orta əsrlərdə və müasir dövrdə apardığı siyasət nəticəsində müsəlmanların bu qitəyə miqrasiyasının qarşısını alınması məqsədi ilə bəzi faşistyönümlü hərəkatlar da yaradılır. Onlardan biri PEGİDA-dadır (“Qərbin İslamlaşdırılmasına qarşı Avropa Vətənsevərləri”, almanca “Patriotische Europäer gegen die Islamisierung des Abendlandes”). İnsanlığa qarşı bu hərəkat 2014-cü ilin dekabrında Almaniyanın Drezden şəhərində yaradılıb. Bu hərəkat “Avropanın islamlaşmasına” və Almaniya hakimiyyətinin immiqrasiya siyasətinə qarşı çıxış edir, aksiyalar keçirir. 2021-ci il mayın 7-də Almaniyanın Saksoniya bölgəsi konstitusiyanın müdafiə qurumu bu hərəkatı ekstremist təşkilat olaraq tanıyıb.
Fransada da islam dininin daşıyıcılarına qarşı aksiyalar davamlı olaraq keçirilir. Bu ölkədə vicdan azadlığı ciddi təhlükə ilə üz-üzədir.
Son zamanlar İsveçdə Qurani-Kərim kitabının, bu ölkənin İraqın Bağdad şəhərindəki səfirliyinin yandırılması, səfirin “persona non grata” elan edilməsi kimi heç də xoş olmayan hadisələr baş verib.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı islamofobiya hallarına toxunub:
“Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu hadisələri həmin toplantıda belə dəyərləndirib:
“İslamofobiya Avropada epidemiyaya çevrilib”.
Dünyada, o cümlədən, İsveç, Almaniya, Fransa, Hindistan, Myanma, MAR-da islamofobiya əsasında neofaşizm baş qaldırıb. Bu, islamı düşmən elan edənlərin apardığı yanlış siyasətlərin nəticəsidir. Elə son 30 ildə Qərb ölkələrinə müsəlmanların immiqrasiyası da onların, Çin və Rusiyanın Yaxın və Orta Şərqdə, eləcə də Afrikadakı hərbi əməliyyatlarının törəməsidir. Belə silahlı müdaxilələr insanları yurdlarını tərk etməyə vadar edir. Avropadakı ekstremist və faşist təşkilatlar da mühacirət etdikləri üçün onları təzyiqlərə məruz qoyurlar. Beləliklə, müsəlmanların mühacirətini və islamofobiyanı doğuran səbəblər eyni mənbənin siyasətinin acı nəticəsidir. Ehtimal etmək olar ki, bundan ən çox əziyyəti isə elə faşizmdən qurtula bilməyən Qərb çəkəcək.
“Report” İnformasiya Agentliyi