Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 22-də Laçına qayıdışın 7-ci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 22 ailəyə qucaq açıb və daha 79 nəfər laçınlı yurduna qovuşub.
Növbəti köç karvanında 22 ailə olmaqla 79 nəfər Laçına çatıb. Laçına qədəm qoyan ailələr şəhərdə qarşılanıblar. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Belə ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 22 ailə öz evlərinin açarlarını təhvil alıblar. Bununla da Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.