Bora Bayraktar: “Qlobal Media Forumunun Şuşada keçirilməsi mühüm ismarışdır”

“Bu cür forumların təşkilində məkan çox vacibdir. Mənə görə ən böyük ismarışlardan biri Qlobal Media Forumunun məhz Şuşada keçirilməsidir. Şuşa artıq Azərbaycandır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “TRT World”ün koordinatoru Bora Bayraktar deyib.

O bildirib ki, məkan insanların düşüncələrində hər zaman iz buraxır:

“Forumun məhz Şuşada keçirilməsi ən əsası ona görə mühümdür ki, buranı heç zaman görməyən jurnalistlər də gəliblər və ola bilər ki, buranın işğaldan azad olunduğunu bilmirlər. Onlar hər şeyi öz gözləri ilə görürlər”.

B.Bayraktarın sözlərinə görə, ənənəvi media dəyərini itirməyəcək:

“Əvvəllər xəbərləri qəzetlərdə, sonra radio, televiziyada, indi isə əsasən rəqəmsal sferalarda oxuyurlar. Bu, ənənəvi medianın sıradan çıxması yox, fərqli formatda çatdırılması deməkdir. Ancaq məlumatın alındığı platforma da önəmlidir. İnsanlar “TikTok”, “Instagram” və buna bənzər sosial medialardan nə dərəcədə doğru məlumat ala bilərlər? Oradakı insanlar nə dərəcədə bu işə məsuliyyətli yanaşır? Düşünürəm ki, dezinformasiyanın çox olduğu bir zamanda ənənəvi media daha da dəyər qazanar”.

Share: