Felpsin son şəxsi dünya rekordu qırıldı

Fransız üzgüçü Leon Marşan bazar günü 400 metr məsafəyə qarışıq üzmək yarışında yeni dünya rekordu müəyyənləşdirib.

Yaponiyanın Fukuoka şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında o, birinci yeri tutub.

Marşan 4 dəqiqə 2,5 saniyə nəticə göstərib. İkinci yeri amerikalı Karson Foster,  üçüncü yeri isə yaponiyalı Daiiya Seto tutub.

Qeyd edək ki, bu yarış növü üzrə əvvəlki dünya rekordu 23 qat Olimpiya çempionu Maykl Felpsə (4:03,84) məxsus olub. O, bu nailiyyətə 2008-ci il Pekin Olimpiadasında imza atıb. Onu da qeyd edək ki, Felpsin 400 metr məsafəyə qarışıq yarışda göstərdiyi nəticə onun indiyədək qırılmayan son şəxsi dünya rekordu idi.

Mənbə: TASS

Share: