“Bu müayinə ilə süd vəzi xərçəngindən tam sağalmaq olar” — Dr. Günel Qəmbərova

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tanınmış mammoloq-radioloq Dr. Günel Qəmbərovadır. Müsahibimiz süd vəzi xərçəngi ilə bağlı suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar mammoloq-radioloq Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimidir. Avropa Radioloqlar Assosiasiyası (ERC), Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibbi Onkoloji Dərnəyi, Qazaxıstan Mammoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyininin üzvüdür. Rusiyada keçirilən“ “A”dan “Ya”ya Mammologiya” kursunun bütün təlimlərinə qatılan və 8 sertifikat alan yeganə azərbaycanlı həkimdir.

Hazırda ATU-nun Tədris Terapevtik Klinikasının Radiologiya şöbəsinə və  Lənkəranda fəaliyyət göstərən Süd Vəzi Diaqnostik Mərkəzinə rəhbərlik edir.

Qeyd edək ki, Süd Vəzi Diaqnostik Mərkəzi regionda süd vəzinin diaqnostikası ilə məşğul olan ilk və tək mərkəzdir.

-Günel xanım, jurnalist Natəvan Babayevanın süd vəzi xərçəngindən dünyasını dəyişməsi yenidən bu xəstəliyi gündəmə gətirdi. İnsanlar süd vəzi xərçəngi ilə bağlı maraqlanmağa başladılar. Aldığımız çox sayda oxucu suallarını nəzərə alaraq, süd vəzi xərçəngi ilə bağlı sizinlə müsahibə hazırlamağa qərar verdik. Çünki bu xəstəliklə ən çox mübarizə aparan mütəxəssissiniz.

Natəvan Babayevanın süd vəzi xərçəngindən öldüyünü eşitdiyiniz an ilk ağlınızdan nə keçdi?

-Natəvan Babayevanın ölümü hər kəs kimi məni də sarsıtdı. Oğlu mənim övladımla yaşıddır. Vəfat xəbərini ilk eşitdiyim an “kaş ki” dedim. Kaş ki…

-Nəyə kaş ki dediniz?

-Kaş ki, öncədən müayinə olunardı. Süd vəzi xərçənginin ağır mərhələsində yaşamaq şansı 5 ildən də azdır. Heç bir qadın süd vəzi xərçəngindən sığortalanmayıb. Bu xəstəliklə hər birimiz üzləşə bilərik. Lakin erkən qoyulan diaqnozla insanların həyatını xilas etmək mümkündür.

-Zamanında edilən mammoqrafiya Natəvan Babayevanı da ölümdən qoruya bilərdimi?

-Əlbəttə! Süd vəzi xərçəngi sıfırıncı və birinci mərhələdə 98 faiz tamam sağalır. Önəmli olan xəstəliyi məhz bu mərhələdə aşkar etməkdir. Bunu isə yalnız mammoqrafiya ilə təyin etmək mümkündür. Mammoqrafiya xərçəngi sıfırıncı mərhələdə aşkar edən yeganə müayinə üsuludur. Əgər Natəvan xanım da ildə bir dəfə mammoqrafiyadan keçsəydi, xərçəngi erkən mərhələdə müəyyən etmək mümkün olardı. Təəssüf ki, xəstələr çox vaxt gecikmiş etapda müraciət edirlər. Bu zaman da sağalmaq ehtimalı aşağı olur.

-Qadınlar neçə yaşdan sonra mammoqrafiyadan keçməlidir?

-Hər bir qadın 25 yaşdan sonra ildə iki dəfə süd vəzinin ultrasəs müayinəsindən, 35 yaşdan sonra isə ildə bir dəfə mammoqrafiyadan keçməlidir.

-Bu, heç bir şikayəti olmayan qadınlara da aiddir?

-Bəli. Şikayətin yaranmasını gözləmək lazım deyil. Çünki süd vəzi xərçəngi erkən mərhələdə şikayət vermir. Xəstə özünü sağlam hiss edir, heç bir narahatlığı olmur, süd vəzində düyün yaranmır. Biz mammoqrafiya ilə erkən mərhələni aşkar etdiyimiz halda xəstə tamam sağala bilir. Gecikmiş hallarda müasir tibb də bu xəstəliyin qarşısında aciz qalır. Hər dəfə hansısa tanınan şəxsin ölümü ilə cəmiyyət sarılır, xərçəng mövzusu gündəmə gəlir, insanlar maraqlanır. Amma biz hər gün süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrlə qarşılaşırıq. Natəvan xanım gənc idi. Təəssüf ki, cavan  insanlarda süd vəzi xərçəngi daha aqressiv formada olur. Bu xərçəngin çox sayda alt tipləri var. Gənc xəstələrdə daha çox aqressiv tiplərinə rast gəlirik. Allah rəhmət eləsin!

-Yaxınları belə bir açıqlama verdilər ki, Natəvan xanıma səhv diaqnoz qoyulub, xərçəng əvəzinə allergiyaya qarşı müalicə alıb…

-Natəvan xanım tanınmış aparıcı, hamımızın sevimlisi idi. Mədəniyyəti, savadı, bacarığı ilə hər kəsin rəğbətini qazanmışdı. Ölümü hər kəsi üzdü. İnsan itkisi asan deyil. Xüsusən də yaxınlarının yaşadığı dərin kədəri anlamaq olar. Bəzən xəstə yaxınları doğru olmayan məlumatlar yayırlar.  Natəvan xanımın həkimi mən olmamışam. Amma adı hallanan həmkarım  savadlı həkimlərimizdən biridir. Xərçəng metastazı ilə allergik səpkinin fərqini anlamaq çətin bir məsələ deyil. Ola bilsin ki, Natəvan xanıma başqa bir səbəbə görə allergik dərmanlar təyin olunub. Amma bu o demək deyil ki, xərçənglə səhv salıb yanlış müalicə ediblər. Natəvan xanımda süd vəzi xərçənginin ağır mərhələsi idi və xəstəlik aqressiv gedişatla irəliləyirdi.

Əlbəttə, biz həkimlər çalışırıq ki, xəstə yaxınlarının həssasiyyətini anlayaq. Amma yalnış məlumatlarla həkimlər haqqında mənfi rəy yaratmaq da doğru deyil. Əmin olun ki, heç bir həkim pasiyentini itirmək istəməz. Ağır xəstələrimizlə çətin müalicə yolunu birgə keçirik. İşdən evə getdiyimizdə belə həmin xəstələr yadımızdan çıxmır. Hər pasiyent itkisində ölüb-dirilirik. Odur ki, həkimlərə qarşı haqsızlıq etməyək lütfən. Bir daha əziz xanımlarımıza buradan səslənirəm: “Özünüzü işə-gücə, ailə qayğılarına həsr edib sağlamlığınızı unutmayın! Bunu sizdən bir həkim olaraq xahiş edirəm. İldə bircə dəfə mammoqrafiyadan keçməklə özünüzü qoruyun”.  

-Mammoqrafiya süd vəzi xərçəngi ölümündən qoruyur…

-Doğrudur!  35  yaşından yuxarı hər bir qadın ildə bir dəfə mammoqrafiyadan keçməklə özünü süd vəzi xərçəngi ölümündən qoruya bilər. Təəssüf ki, bu gün müasir tibb bizə belə bir fürsət verdiyi halda hələ də süd vəzi xərçəngindən ölümlər baş verir. Nə qədər həkim də olsaq, insan itkisini sakit ürəklə qəbul etmək olmur. Süd vəzi xərçəngindən itirdiyimiz hər pasiyent kiminsə anası, övladı, həyat yoldaşıdır. Qadınlarımız vaxtlı-vaxtında müayinədən keçmədiyi üçün xərçəngi ağır mərhələdə aşkar edirik. Həmin an üzümüzə ümidlə, yaşamaq arzusu ilə baxan xəstələrin qarşısında aciz qalırıq.

Bəzən müayinə zamanı şübhələndiyimiz bir hal ortaya çıxır. Bu zaman biopsiya tövsiyə edirik. Təəssüf ki, bəzən xanımlar, yaxud da ailə üzvləri biopsiya etdirmək istəmirlər. Bu da bizim işimizi çətinləşdirir. Bir müddət sonra həmin xəstələr ağır vəziyyətdə geri qayıdırlar. Odur ki, həkim biopsiya tövsiyə edirsə, bunu etdirmək lazımdır.

-İllərdir süd vəzi xərçənginə savaş açmış bir mütəxəssissiniz. Bu sahədə apardığınız maarifləndirmə işləri böyük bir xidmətdir. Bundan sonrakı hədəfləriniz nələrdir?

-Süd vəzi xərçəngi ilə bağlı istər KİV-də, istərsə də sosial mediada maarifləndirmə işlərini aparmağa davam edirik. Mümkün qədər daha çox insanı məlumatlandırmağa çalışırıq. Çünki bu xəstəlikdən qorunmağın yolu maariflənmək, vaxtında müayinələrdən keçməkdir. Tək ölkəmizdə deyil, xaricdə keçirilən beynəlxalq konfranslara da qatılırıq. Bu il dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək XXII Beynəlxalq Süd Vəzi Patologiyaları və Xərçəngi Konfransına dəvət almışam.

-Məruzə ilə çıxış edəcəksiniz?

-Bəli, ingilis dilində geniş bir məruzəm olacaq. Bu, tək mənim şəxsi fəaliyyətimlə bağlı deyil. Ölkəmizdə mammoqrafiya sahəsində görülən işlərə həsr olunacaq. İndidən çıxış üçün hazırlaşıram. Ümid edirəm ki, Azərbaycanı layiqincə təmsil edə biləcəyəm. Artıq ölkəmizdə mammoqrafiya yetərincə inkişaf etmiş bir sahədir və düşünürəm ki, azərbaycanlı mammoloqlar öz təcrübələrini xarici həmkarları ilə paylaşmağa hazırdırlar. Bunun üçün kifayət qədər təcrübəmiz var.

Qeyd: Dr. Günel Qəmbərova peşəkar mammoloq-radioloq, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 050-751-27-47 mobil nömrəsi vasitəsilə və “gunelqemberova” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər. 


Share: