O, xalqımızın dəyərli oğullarından biridir…

O, xalqımızın dəyərli oğullarından biridir…

TƏBRİK EDİRƏM!

Haqqında söhbət açmaq istədiyim Xanoglan Əhmədov 24 iyul 1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənddə başa vurduqdan sonra indiki BDU-da ali təhsilə yiyələnib.
1982-1997-ci illərdə Yardımlı rayon MKS-da direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri, Yardımlı rayon Mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışıb.
1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor işləyib. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədridir. 2017-ci ildən “ilkxeber.org” saytının təsisçisi və baş redaktorudur.
“ilkxeber.org” saytı Azərbaycan Mətbuat Şurasının, “Media və Mülki Cəmiyyət” İctimai Birliyi isə Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür…

İyirmi dörd ildir ki, mətbuatda çalışır. Gözəl dəsti xətti olan qələm adamıdır. Onu bir şəxsiyyət kimi xarakterizə edəndə, təvazökar, daha çox ətrafdakıları düşünən, necə deyərlər, hamının işinə yarıyan birisidir.
Çox qürurludur, amma insanlıq naminə özünü fəda etməyə daim hazırdır. Bu üzdən çox fədakarlıqlar göstərib, neçə-neçə çətinliklərə dözərək ətrafındakı insanlara yardım əlini uzada bilib.

Bütün fəaliyyəti göz önündə olub. Xanoğlan Əhmədov imzası keşməkeşli inkişaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. Media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir.

Dostluqda sədaqətlidir. Parlaq düşüncəyə, iti zəkaya malikdir. Zəhməti, çalışmağı çox sevir. Daim öz üzərində işləməyi bacarır. Hadisələri dolğun təhlil etmək, düzgün qərar vermək qabiliyyəti var. Siyasi savadlıdır. Ruhu gözəl olduğundan niyyəti də safdır. Ona söykənmək, ona etibar etmək olar…

Xanoğlan Əhmədovun mətbuatdakı fəaliyyəti zamanı üstünlük verdiyi cəhətlərdən ən başlıcası peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Onun öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Cəmiyyətdə ona olan səmimi münasibətlər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir.
Xanoğlan Əhmədovun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri və “ilkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir…

Hər bir xalq öz dəyərli oğulları ilə güclü olur. Bəli, Xanoğlan Əhmədov xalqımızın dəyərli oğullarından biridir…

İyulun 24-ü Xanoğlanın doğum günüdür, növbəti ad gününü qeyd edir. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!

Yeri gəmişkən, bu günlərdə həm də oğlu Səidin ad günü idi. Səidi biz hamımız çox istəyirik. Və onun üzü güləndə bizim də üzümüz gülür.
Əzizim Səid, səni də təbrik edirəm. Arzuların çin olsun!

Elman Eldaroğlu

Share: