Şuşa Qlobal Media Forumuna qarşı yönəlmiş erməni təxribatı

Şuşa Qlobal Media Forumuna qarşı yönəlmiş erməni təxribatı

Şuşa Qlobal Media Forumunun əsas hədəfi müasir media  trendlərinin müzakirə edilməsi idi.  21-23 iyul tarixlərində keçirilən tədbir bu kontekstdə öz məqsədinə çatdı. Rəqəmsal transformasiya mühitinin ortaya çıxardığı bütün çağırışlar Forum çərçivəsində müzakirə edildi. Azərbaycannın məşhur media təşkilatlarının, o cümlədən, Medianın İnkişaf Agentliyinin, Mətbuat Şurasının, Audiovizual Şuranın, 60-a yaxın milli KİV subyektinin, həmçinin, 150 xarici KİV qurumunun, 12 beynəlxalq təşkilatın, ekspertlərin  iştirakı ilə baş tutan müzakirələr qeyd edilən istiqamətlər üzrə  uğurlu nəticələr verdi. Problemlərin həlli üçün təkliflər səsləndirildi, yeni dövrün hərəkət istiqamətləri müəyyənləşdirildi.

Prezident İlham Əliyevin Forumda çıxış etməsi, xarici və yerli jurnalistlərin suallarını cavablandırması tədbirə əlavə çalar qatdı. Prezidentin səmimi davranışı, arqumentli fikirləri, yeni informasiyalarla zəngin nitqi həm yerli, həm də xarici jurnalistlərdə məmnunluq yaratdı. Tədbirin davam etdiyi günlərdə müvafiq dövlət qurumlarının təmsilçilərinin orada iştirak etməsi, jurnalistlərlə canlı təmas yaratması, istənilən növ sualı cavablandırması tədbirin effektini artırdı. Beynəlxalq təşkilatların təmsilçilərinə şərait yaradıldı ki, onları maraqlandıran bütün suallara cavab tapsınlar. Birmənalı şəkildə demək olar ki, Şuşa Forumu dünya media məkanına töhvələr verdi.

Təbii ki, tədbirin uğurlu şəkildə təşkil edilməsi ölkəmizin imicinə müsbət xal gətirdi. Foruma qatılmış xarici jurnalistlərin yazdıqları məqalələr, sosial media hesabları üzərindən paylaşdıqları postlar 3 gün ərzində Azərbaycanın adını dünyanın media gündəmində saxladı. Yazılan məqalələrdə, paylaşılan postlarda media müzakirələri ilə yanaşı,  Azərbaycan-Ermənistan müharibəsinə, Ermənistan tərəfinin Qarabağda törətdiyi  vandalizm aktlarına da yer verildi. Xarici jurnalistlər Şuşaya səfər zamanı yol üzərində gördükləri dağıntıları qeydə alaraq paylaşırdılar.

Baş verənlər Ermənistanda və “erməni şəbəkəsi”ndə narahatlıq yaradıb, ciddi təşviş doğurub.  Şuşa Qlobal Media Forumunun açılş mərasimindən dərhal sonra bəlli oldu ki, Ermənistan tərəfi Forumun işini pozmaq üçün hərəkətə başlayıb. Ermənistanın  11 jurnalist təşkilatı vahid bəyanat imzalayaraq, Şuşa Qlobal Media Forumunun  iştirakçılarına müraciət etdilər. Onlar xarici jurnalistlərin Foruma qatılmasını pislədilər, xarici jurnalistləri  “reallıqları” dilə gətirməməkdə qınadılar ( https://www.a1plus.am/en/article/458613 ). “Həmkar” müraciətində çağırış edirdilər  ki, xarici jurnalistlər Forumda iştiraklarını dayandırıb Şuşanı tərk etsinlər. Yaxud, tədbirdə söz alaraq, “Artsaxın blokadası” mövzusunu gündəmə gətirsinlər.

Erməni tərəfi eyni motivli müraciəti beynəlxalq təşkilatlara  da ünvanlayıb.  Foruma qarşı bəyanat verməyə, tədbirə qatılmış xarici  jurnalistlərin fəaliyyətini pisləməyə çağırıblar.

Bir gün sonra isə bəlli oldu ki, ermənilər Foruma qatılmış xarici jurnalistlərin elektron poçt ünvanlarına hədə dolu məktublar  göndəriblər. Şantaj motivli mesajlar yazaraq, Forumu tərk etmək məcburiyyəti yaratmaq istəyiblər.

Bütün bunlar  uğursuz olunca, “erməni şəbəkəsi” fərqli bir vasitədən istifadə edib. Forumda iştirak edən beynəlxalq təşkilatların  təmsilçiləri adından yalançı açıqlamalar yayıblar. Məsələn, Ermənistanın məşhur KİV-lərindən olan “news.am” xəbər portal yazıb ki, guya  Forumda iştirak edən Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Ballenger “Artsaxın” blokadasının aradan qaldırılmasına çağırış edib. “Azərbaycan hökumətindən tələb edib ki, jurnalistlərin “Artsaxa” səfərinə mane olmasın ( https://news.am/rus/news/771981.html  ). Tamamilə yanlış, dezinformasiya xarakterli məqalədir. Ermənilər BJF baş katibinin sosial şəbəkə hesabında paylaşdığı postunu kontekstdən çıxaraq şərh ediblər.  Antoni Ballengerin açıqlaması onun sosial  hesablarında qalır. O, “Artsax” sözünü ümumiyyətlə işlətməyib. Əksinə, öz postunda qeyd edib ki, “Qarabağ beynəlxalq aləm tərəfindən tanınmış Azərbaycan torpağıdır”. Və bu məqamdan çıxış edərək təklif verib ki,  Azərbaycan dövləti  jurnalistlərin bu regiona sərbəst gediş-gəlişini təşkil etsin. Normal bir çağırışdır. Biz də hesab edirik ki, jurnalistlərin bu regiona ayaq açmaları re-inteqrasiya prosesinə töhvə verər. Amma Xankəndində mövcud olan terrorçu qruplaşma bu cür xoş niyyətli proseslərin reallaşmasını əngəlləyir. Hətta BJF baş katibi Forum zamanı çıxışında təklif etdi ki, Azərbaycan jurnalistləri ilə Ermənistan jurnalistlərinin dialoqunun başlanmasında vasitəçilik edə bilər. Erməni mediası isə bu fikri tamamilə baş-ayaq təqdim edərək, öz mövqelərinə uyğunlaşdırmağa çalışıb.

Bütün bunlarda məqsəd Şuşa Qlobal Media Forumunun işini pozmaq, Qarabağda Ermənistan tərəfindən törədilmiş vandalism aktlarının dünyaya çatdırılmasının qarşısını almaq idi. Amma baş tutmadı. Forum möhtəşəm şəkildə təşkil edildi, uğurla nəticələndi. Qarşıya qoyulan bütün hədəflərə çatıldı.

Müşfiq Ələsgərli


Share: