“Neftçi”nin yeni transferi Qara Qarayev Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı oyunlarda “ağ-qaralar”a kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, futbolçu bu mövsüm avrokubokda artıq meydana çıxdığından belə problemlə üzləşib.
30 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın heyətində Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı səfər oyununda (2:1) üç dəqiqə oynayıb. UEFA-nın qaydalarına görə, o, digər klubun heyətində avrokubokda oynaya bilməz.
Bu vəziyyət qrup mərhələsində dəyişəcək. “Neftçi” Konfrans Liqasının qrupuna düşsə, Qarayevin xidmətindən yararlana biləcək.
Xatırladaq ki, “Neftçi” Azərbaycan millisinin üzvünü “Qarabağ”dan transfer edib.
Qeyd edək ki, “Neftçi” “Jelezniçar”a qarşı ilk oyunu iyulun 27-də səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra “Bakcell Arena”da olacaq.
Faiq Tahirov