“Qumluqdan yaranıb mənim ədəbiyyatım.” – deyir Aysel Fikrət…( Müsahibə)

“Qumluqdan yaranıb mənim ədəbiyyatım.” – deyir Aysel Fikrət…( Müsahibə)

 

Aysel Fikrət, Fikrət Sadiqin qızı, Orxan Fikrətoğlunun bacısıdır. Düşünür ki, yazmaq onun genetikasından deyil, tənhalığından gəlir. Şeirlərindəki frazalar düşündürücüdür, ümidi də gəncliyədir. 

Əvvəllər belə bir layihəm var idi: “Oxucu yazıçı söhbətləşməsi.”
Kitabları oxuyurdum, sonra müəlliflə qəşəngcə müsahibəfason söhbət edirdim. Sonradan elmi işlər, zəruri imtahanlarım o qədər çoxaldı ki, bədii ədəbiyyata zamanım çatmadı. Uzun aradan sonra ürəyimin istədiyi işi gördüm.
Bu dəfə Aysel Fikrətlə söhbətləşmişəm.
Oxuya bilərsiniz.

Aysel xanım Şuşaya getdiniz… hansı hisslərlə qayıtmısınız?

– Şuşa möcüzə idi, birinci dəfə idi gedirdim. Şuşa alınandan fikirləşirdim ki, Vaqif Poeziya günlərində gedim. Birinci Vaqif Poeziya günündə düşündüm ki, o, insanlar ki, məndən də yaşlıdırlar, yəni məndən çox gözləyiblər Şuşanın bu gününü, o, insanlar getsin. İkinci il gözlədim sözün düzü, amma qismət bu ilə imiş. İnsan öz sırasını hər şeydə gözləməlidir. Getdik, çox gözəl düşüncələrim vardır. Amma insan elə olur ki, çox kövrək. Füzulinin bəlli bir kəndini keçəndən sonra artıq bizim işğaldan azad olmuş torpaqlarımız görsənir. Avtobusun pəncərəsindən görürsən ki, necə xarabalığa çeviriblər. Görünür ki, burda yaşayış olub sonra onu xaraba günə qoyublar. Azərbaycanlılar ordan çıxandan sonra ora xaraba günə qalıb. Yandırılmış torpaqlar, torpaq da yandıqdan sonra bar vermir axı. Yəni bu işğal deyil ey, bu işğaldan da dəhşətlidir. Görürsən ki, həyat olmayan çöllükdür. Həyat yoxdur orda. Sonra Şuşaya da qalxdıqca qalxırsan. Qayalıqlar vardı hansı ki, bizim əsgərlər ora dırmaşıblar, avtobusda xarici qonaqlar var idi, tez-tez onlara məlumat verirdik.

Aysel xanım istəyərdim o hisslərin ifadəsini bir də Sizdən eşidim. Necə idi? Şuşaya gedən hər kəs sevinclə danışır. Açığı mən getməmişəm, fikirləşirəm ki, getsəm də xoşbəxt ola bilmərəm. Yəni o torpağa şəhidlərin qanı axıb, sözsüz müharibə olubsa bu belə olacaqdı, bu aydındır. Sadəcə mənə maraqlıdır insan özünü necə hiss edir? Ayağının altında şəhid qanı var, amma yuxarısında onların hesabına alınan torpağımız. Mənə maraqlıdır o hisslər ki, hər ikisi eyni anda necə olur?

– Çox ağrılı, çox ifadəolunmaz bir hissdir. Çox ağrılıdır… Sözlə ifadəsi yoxdur. Birinci inana bilmədim ki, mən burdayam. Bax bu hiss gəldi mənə. İkinci çox qayğı, çox qarışıq bir şey, yəni xoşbəxtlik deməzdim mən buna. Xoşbəxtlik deyildi. Sadəcə axır ki, torpağa əlimiz dəydi, ayağımız dəydi. Xoşbəxtlik hissi o dərəcədə böyük deyildi. Bəlkə də Xankəndində olsa idi bu tədbir, mən daha xoşbəxt hiss edərdim ki, artıq şəhidlərimizin son damla qanına qədər yerdə qalmadı. Biz artıq Xankəndindəyik və şəhidlərimiz də sevinir. Bir şey də var ki, torpağın özünün alınmağı və Şuşa qalasında Şuşa sözünü oxumaq qürurverici idi. Məndə əsgər olsaydım, orda ölsəydim, qürurlanardım ki, mənim millətim, mənim insanlarım gəlir orda gəzir, ermənilər deyil. Bu barədə mən deyirəm ki, çox gülmək, çox danışmaq, çox hay-küy salmaq günahdır, mən istəyərdim ki, Şuşada poeziya günlərində daha çox şeirlər səslənsin. Mən çox istərdim ki, Şuşaya təsadüfi, Vətəni dərk etməyən insanlar qədəm qoymasın. Əgər poeziya günüdürsə, poeziya gününə yığışmışıqsa, orda doğrudan ədəbi nümunə oxusunlar. Söz yığını oxunmasın.
Əsas ona görə xoşbəxt oldum ki, Şuşada artıq Azərbaycanlılar gəzir, söhbət edir, gülüş səsləri gəlir. Sakinsiz evlərin yanından keçəndə evlər, divarlar Azərbaycanlı səsi eşidir. Ən azından artıq o torpaqlarımızda düşmən gəzmir. Sadəcə o torpaqları müqəddəs bilmək lazımdır. Bir ocaq kimi, ziyarətgah kimi bilmək lazımdır. Orda təsadüfi bayramların keçirilməsinin əleyhinəyəm. Cılız insanların getməsinin əleyhinəyəm. Ora müqəddəs bir yerdir.

Sizcə Günəş işığı hər kəs üçün tələsir yoxsa, bu təkcə sizin üçün belədir?

– Günəş hər kəsindir. Hərə özü üçün səhəri açır, günəş işığını sevir. Amma hər bir insanın içində özünün günəş işığı var. Yəni o, onundur, ona məxsusdur. O, insanın içindəki işıqdır. Ümumi bütün insanlıq Günəşi qarşılamalıdır.

Niyə düşünürsünüz ki, külək sizi günəşdən çox sevir?

– Ola bilər ki, insanın həyatında aydınlıq az olanda, uğultunu içində yaşayanda o fikirləşir ki, küləklə artıq bağrı bir olub. O küləklə artıq doğmalaşır. Məşhur bir əsər vardır, “Kküləklə sovrulanlar. İnsanın çətinliyi, tufanı çox olanda külək ona günəşdən daha doğma olur. Küləkli, dumanlı, yağışlı hava mənə daha əzizdir. Mən orda daha çox işıq görürəm. Ola bilər ki, insan öz xarakterinə, ruhuna uyğun da təbiəti sevir. Mən özümə deyərdim ki, mən yağış ola bilərəm, payız ola bilərəm. Amma yay, qış ola bilmirəm. Bir insan kimi özümü fəsilə oxşatmış olsam, payız və yaza oxşadardım. Yaxşı halımı yaza, qəmli halımı payıza.

Yəni onlar olmağı daha yaxşı bacarardınız?
– Onları daha yaxşı bacarardım. Hər insanın bir düşüncəsi var.

Nə üçün belə düşünürsünüz ki, ömür sizin dilinizə çıxmış yara kimidir?

– O şeirin mənası odur ki… Bu bilirsiniz nədir? İnsan bəzən görür ki, yaşadığı həyatın içində deyil. Bu təkcə mənə aid deyil. Ümumiyyətlə şeirlər insanın fərdi özü deyil. Ola da bilməz. Bir insan yüzlərlə, ikiyüzlərlə şeir yazıb ikiyüz həyat yaşaya bilməz. Amma bu eyni zamanda mənimdir. Hər bir şeirin içində məndən bir pay var. İnsan fikirləşəndə ki, bu mənim həyatım deyil, elə bil kiminsə həyatını yemişəm, dilimə pay çıxıb. Bilirsiz də həyatda olan maneələr insanın yolunu dəyişir. İnsan özünü düşdüyü yerdə yad kimi hiss edəndə düşünür ki, bəlkə bu kiminsə həyatıdır, mən bunu yaşayıram.

Bugünkü ədəbiyyatımızı “Yazıq ədəbiyyat!” adlandırırsınız, nə üçün belə düşünürsünüz?

– Ədəbiyyat o qədər güclü olmalıdır ki, bir insan həyatını dəyişdirə bilsin. Məsələn mən bir yazı yazmışdım, qadın probleminə aid idi. Mənə bir qadın zəng elədi ağlayaraq dedi ki: Siz mənim həyatımı hardan bilə bilərsiniz ki, mən o, həyatı yaşamışam? Bu standart qadın taleyi idi. Çətinlik, əzab, intihara qədər gələn bir həyat idi. Və o qadın deyir ki, mən onu oxuduqdan sonra başa düşdüm ki, dünyada mənim çəkdiklərimi bilən biri var və mən səhərlərimi daha xoşbəxt açıram. Bu baxımdan bir insan düşüncəsini dəyişə bilir ədəbiyyat.
Ədəbiyyatla biz böyümüşük. Ədəbiyyat tərbiyə rolu daşıyır. Ədəbiyyat atanı, ananı əvəz edir. Bir yetim uşaq oxuduğu ədəbi nümunələrlə böyüyə bilər, cəmiyyətə yararlı insan ola bilər. Bu boyda ədəbiyyata elə insanlar gəlir, elə söz yığınaqları danışır, elə titullar alırlar, elə mövqelərdə dururlar ki, ədəbiyyatı yazıq günə qoyurlar. Əgər bir ədəbi tədbirdə biz əyləşmişik və orda cəmi 2 dənə şeir dinləyə biliriksə sevindiyimizdən papağımızı göyə atırıq ki, biz bu şeiri dinləyə bildik. Halbuki biz ədəbiyyat alovuna, işığına yığışmışıq. Bir birimizdən ancaq gözəl ədəbi nümunələr eşitməliyik. Bir birimizlə söhbətlər etməli, fikir mübadiləsi aparmalıyıq. Biz məşhur şairlərin gözəl əsərlərini müzakirə etməliyik. Yoxsa ki, biz gəlirik, görürük ki, kimsə durur, əvvəl özünü öyür, yekə bir medal taxıb sinəsinə. Baxırsan ki, bu insanın heç görünüşü də rəftarı da şair deyil. Orda şeir deyir, deyir şeir bitmir. Onlar bir növ xəstədir. Oda cəmiyyətin insanıdır, mənim o, insanlara nifrətim yoxdur, amma ədəbiyyatda qəbul edə bilmirəm.

Ürəyinizin közü nədir?

– Haqsızlıq həmişə ürəyimin közü olacaq. Mənə ilk haqsızlığı mənə nənəm edib. (Gülür.) Ana nənəm məni heç sevmirdi. Birinci qəşəng deyildim, ikinci onun kriterlərinə uyğun deyildim. Birinci haqsızlığı körpə vaxtı 4-5 yaşımda bilmişəm.
Sonra ilk ibtidai sinif müəllimimin uşaqlara münasibətində haqsızlığı gördüm. Odur budur ürəyimin közü yalnız haqsızlıqdır. Mən haqsızlığı qəbul edə bilmirəm. Həyatda hər bir şeyə dözərəm, insanlıq halı kimi. Fikirləşirəm ki, insan sevilər-sevilməz, ayrılıq gələ bilər, ölüm gələ bilər. Amma bunların heç biri haqsızlıq deyil. Bunlar insan halıdır. Düşünülmüş haqsızlıqla həmişə mübarizə aparmışam. Bütün yaradıcılığımda da həyatımda da.

Yəni düşünürsünüz ki, insan təkcə danışdıqlarına görə deyil, həm də susduqlarına görə məsuliyyət daşıyır.

– Düzdür haqsızlığa heç zaman susmaq lazım deyil. Hərdən susmamaq üçün elə yer vardır ki, ora getmirəm. Bilirəm ki, susmayacam, susa bilməyəcəm getmirəm. Məsələn olur ki, ədəbi tədbirlərdə. Çox sevdiyim bir tədbirdir, bilirəm ki, nəsə haqsızlıq olacaq, ora getmirəm. Bəzən məcburiyyətdən haqsızlığa dözürsən,
amma o zaman özümü sevmirəm. Mən özümü haqsızlığı üzə vuranda, haqqı tələb edəndə sevirəm. Onda özümü çox sevirəm ki, mən haqsızlığa qarşı mübarizə aparıram, yəni dəyişməyib də əqidəm. Birdə özümdə nəyi sevirəm? Dəyişmirəm də mən. Həmişə o insanlardan qorxmuşam ki, o, insanlar dəyişirlər mövqelərini, baxışlarını. Ən çox qorxduğum şeylərdən biri də dəyişkənlikdir. Buna sədaqət də demək olar. Məsələn ilk mənə yaxşılıq edən insanı unutmuram. Ümumiyyətlə həyatımda rolu olan insanları unutmuram. Ola bilər bir dənə xoş söz deyib, ömür boyu mən ona minnətdaram, içimdə də həyatda da.

Nəyə ümidləriniz böyükdür?

– Mənim ümidim yalnız gənclərədir. Mən gəncliyi, uşaqları çox sevirəm.

Necə qiymətləndirirsiniz bizim gəncliyi?

– Bizim valideynlərimizdə problem var. Gənclərimiz qəşəngdir. Bizim gəncliyimiz idi də Şuşada vuruşan. Hansı şəhid analarına, atalarına baxırsan təmiz insanlar, belə vətənpərvər, yaxşı insanların övladlarıdır. Amma yenə də var imişlər. Görürsünüz getdilər o əqidə ilə qərarı verib özləri o müharibədə iştirak elədilər. İndiki gənclik savadlı gənclikdir. Çox xoşum gəlir valideynlər daha çox uşaqların təhsili ilə məşğul olurlar. Ortada bizim böyük boşluğumuz var idi. Mənim ümidim gənclərədir. Elə yer var ki, ordan ümidimi kəsmişəm. Mübarizə aparmıram.

Ədəbiyyatda necə?

– Ədəbiyyata ümidim azalıb. Çünki fikirləşirəm ki, artıq elə bir məqama çatmışıq ki, ədəbiyyatda 20 yaxşı yazıçı bir-birini də qorumaldır, ədəbiyyatı da qorumalıdır. Ədəbiyyatın keşiyində artıq durmaq vaxtıdır. Necə ki, SOS deyirlər ey, bu dəqiqə ədəbiyyat böyük bir kölgənin altındadır. Mən sizə deyim ki, incəsənət növlərinə baxanda heç biri ədəbiyyat qədər yazıq vəziyyətə düşməyib. Çünki, teatrda möhkəm rejissorlar var. İcazə vermir hansısa neqativin sızmağına. Həm də teatr görünən sənətdir, vizual görünür. Kino sahəsində çətinliklər var, onlar da aradan götürüləcək. Amma ədəbiyyat qədər yazıq vəziyyətə heç biri düşməyib!

25 iyul 2023-cü il

Söhbətləşdi:

İlahə Ümidi 

Share: