Uşaqlarımızın işığını söndürənlər – Rəna Nevzat

Uşaqlarımızın işığını söndürənlər – Rəna Nevzat

Kulis.az Rəna Nevzatın “Uşaqlarımızı işıq saçmağa qoymayanlar” adlı yeni yazısını təqdim edir.

Bəs Bakı Avropa Liseyinin birinci sinfinə qəbul olunmaq istəyən uşaqlardan soruşublar ki, insan işıq saçsa, nə olar?

Dərd olar, azzar olar, zərrə-zərrə, dalğa-dalğa düşər sənin təpənə.

Deyərsən, bu başıbəlalı tarixin altındamı, üstündəmi yekəpər div oturub, gələcəyə barmaq eləyir, keçmişə toz üfürür, əlləşir ki, həp dilxorçuluq olsun.

Əlbəttə, məsuliyyətli valideyn faydalı iş əmsalı yüksək fərd yetişdirmək üçün gecə-gündüz çalışır, yemir yedizdirir, içmir içizdirir, geyinmir, geyindirir, ayılarla savaşır, ilanlarla boğuşur, çaqqallarla yarışır, nəhayət, əl-üzünü yuyur, ömrün on dəqiqəsini icarəyə götürür ki, xoşbəxt olsun, fərəhlənsin, – olmur, alınmır.

Orta olsun, ali olsun, – təhsil sistemində, tədris mərkəzlərində, dərs ocaqlarında, direktor oylaqlarında, müəllim pirlərində xeyli problem var, məlumdur.

Orta məktəbin birinci sinifinə qəbul olunmaq istəyən uşağa verilmiş sual xeyli müzakirə olundu, hələ də söz-söhbət davam edir. Aydındı da, məktəb deyir, gətir pulunu ver, uşağını bədbəxt edim.

Mən bu sualın fonunda birinci sinifə gedən uşaqların çantaları, fiziki-informativ yükləri haqqında danışmaq istəyirəm

Hər gün az qala, öz çəkisindən iki dəfə ağır yükü çiynində daşıyan məktəblilərin çoxunun beli əyilib. Hər fənnə aid kitab, dəftər, test tapşırığı, iş dəftərləri… digər dərs ləvazimatları, yemək çantası, suluq…

Qaydalara görə, əslində, çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Yoxsa skolioz yarana bilər.

Monitorinqin nəticələrinə görə, I sinif şagirdinin 5 kitabı var, ki, ümumi çəkisi 2 kiloqram 145 qramdır. İş dəftərləri, test dəftərlərini də hesablasaq, 4-5 kiloqram olur. Digər ləvazimatlarla birgə 7 kiloqram!

7 kilo e!

Əlbəttə, kitabların çəkisinin azaldılmasının əleyhinəyəm. Çünki çəki azaldıqca keyfiyyət də düşəcək. Kağızın keyfiyyəti önəmlidir.

Ya fənlərin sayı azaldılmalı ya kitablar ixtisar edilməlidir.

O kitablarda xeyli əhəmiyyətsiz informasiya var. Uşağın zəka çarxına çomaq kimi ilişən suallar, məsələlər…

Ya da kitablar hər şagird üçün iki nüsxə dərc edilməlidir. Biri daimi məktəbdə qalmalı, biri də evdə.

Təhsilin, elmin əhəmiyyətini deyəsən, doğru anlamamışıq axı…

“Beşikdən qəbirəcən elm öyrənmək…”

“Oxumaq, oxumaq, oxumaq!” – yox e, əzizim, bu, o demək deyil ki, uşaq indidən əyilməlidir.

İnsan yüklənirsə, inkişaf dayanır, ümumiyyətlə, mexanizm dayanır. Müəllimlər də, şagirdlər də çox yükləniblər. Müəllimlər müxtəlif hesabatların hazırlanması, KSQ, BSQ v.s. ilə, şagirdlər ağır çantalarla, əhəmiyyətsiz informasiyalarla, beyinlərindən böyük bilgilərlə yükləniblər.

Üstəlik, birinci sinif şagirdlərinin əksəriyyəti mobil telefon işlədir.

Şagird-müəllim münasibətlərindən öncə, şagird-valideyn münasibətləri redaktə edilməlidir. Bəzi valideynlər uşaqları narahat etməsin deyə, “dəyərli vaxtlarını” almasın deyə, onların telefonla oynamağına şərait yaradır, dolayı yolla uşağın viziual, virtual informasiyalarla yüklənməyinə səbəb olur.

Başqa problemlər də var, əlbəttə. Məsələn, uşaqların dərsdən sonrakı vaxtının səmərəliliyi. Valideynlərin uşaqların məktəbdən gətirdikləri bilgiləri gərək səliqə-sahmana sala. Nəzəri bilgilər bir yana, paraktik bilgilərin də müəllimi valideyndir axı.

Bir növ, digər problemlər həll olunandan sonra valideyn-şagird-müəllim üçbucağı qurulmalıdır.

Qayıdaq əvvələ.

Tutalım, birinci sinifə qəbul olunmaq üçün imtahan verən uşağı “kəsməyiblər” (qeyri-etik səslənir)

Tutalım, o yüksək balla birinci sinifə daxil olub. Hə, sonra?

Axı bizim bədniyyət onu işıq saçmağa qoymayacaq…

Öyrənə-öyrənə beli büküləcək, öyrəndiyini yaşamayacaq, yaşlandığını öyrənəcək, közərəcək, közərəcək, nəhayət, sönəcək.

Share: