Prezident nazirləri niyə dəyişdi? – Sorğu

Azərbaycan prezidenti İlham Əliyev bu gün verdiyi sərəncamla 3 naziri vəzifəsindən kənarlaşdırdı.

Dövlət başçısı, Sahil Babayevi Səlim Müslümovun yerinə  əmək və əhalinin sosial müdafiəsi naziri, “ASAN Xidmət”in rəisi İmkan Kərimovu kənd təsərüfatı naziri Heydər Əsədovun yerinə, Rövşən Rzayevi isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Əli Həsənovun yerinə təyin edib.

Müstəqil.Az yeni təyinatlarla bağlı jurnalistlər arasında sorğu keçirdi, sizcə bu təyinatlar hansı səbəbdən baş verdi?

Görəsən, yenilər köhnələrlə müqayisədə özlərini doğruldacaqmı? Bəs “köhnə”  nazirlər niyə əvəzləndi, vəzifələrinin öhdəsindən gəlmədimi?

“Köhnə nazirlər isə belə görünür ki, işlərini yarıtmırdılar…”

Musavat.com-un baş redaktoru Xalid Kazımlı:
Əslində nazirlər 3-4 ildən bir dəyişməlidir. Heç kəsin uzun müddət bir nazirlikdə oturub kök atmasına, rişələnməsinə imkan vermək olmaz. Lap rotasiyalı qaydada olsa da, dəyişiklik olmalıdır. Vəzifəyə yeni təyin olunanların sələflərindən daha yaxşı işləyəcəklərinə inanıram. Amma onları da 4 ildən sonra götürüb başqa vəzifəyə təyin etmək lazımdır. Köhnə nazirlər isə belə görünür ki, işlərini yarıtmırdılar…

Bu ölkədə  kadrlar korporativ maraqlara görə seçilib

“Yazar” jurnalının baş yazarı Yafəs Türksəs:
Bu hakimiyyət bu vaxta qədər kadr məsələsində səylərini şəxsi münasibətlərə və etibara hesablayıb, professionalliğa görə deyil. Yəni məqsəd dövlətçilik deyil, korporotiv maraqlar olub… Bu ölkədə  kadrlar korporativ maraqlara görə seçilib. Dövlətciliyə və professionallığı əsas götürməyiblər. İnanaq ki, bu dəfə əksinə olacaq… Və bu məqamda Rəqsanənin mahnısı yadıma düşür: İnanımmı, inanınmı…

İlham Əliyev növbəti prezidentlik müddətinə yeni komanda ilə getməsi..”

Aktor.az saytının baş redaktoru Telman İsa:
Məlum olduğu kimi, ölkə başçısı Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Əlbəttə, yeni adların olması ölkədə islahatlar dalğasının daha da intensivləşdirilməsi, regionda baş verən gərgin, mürəkkəb mühiti önləmək, qonşu dövlətlərdən fərqli olaraq, yeni iqtisadi paradiqmalar üzərində lazımi addımların atılmasından xəbər verir. Məlumdur ki, müxtəlif sahələr üzrə zaman-zaman kadr dəyişiklikləri olur, bu və ya digər nazirlik və komitələrin rəhbərliyinə təyinatlar olur. Prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyev növbəti prezidentlik müddətinə yeni komanda ilə getməsi başlanılmış layihələrin, transmili projeləri uğurla həyata keçirməkdə qərarlı olmasından xəbər verir. Göründüyü kimi, əgər hansısa nazir işindən azad edilibsə, deməli, onun digər şəxslə əvəz olunmasına müəyyən səbəblər olub. Yeni simaların öz vəzifəsinin öhdəsindən gələcəkmi müraciətinə gəlincə isə, bunu, təbii ki, zaman göstərəcək.

Ötgün

Share: