Avstraliya sahillərində dəhşətli mənzərə: Delfinlər kütləvi şəkildə can verdilər

Avstraliya sahillərində dəhşətli mənzərə: Delfinlər kütləvi şəkildə can verdilər

Avstraliya sakinləri ölkənin cənub sahillərində dəhşətli mənzərənin şahidi olublar. Belə ki, onlarla qara delfin (qrind) özünü Çeyns-Biçdə sahilə atıb. Xilasedicilərin bütün səylərinə baxmayaraq onlardan 51-i ölüb.

Bu barədə dövlət rəsmiləri məlumat veriblər.

Bildirilir ki, hazırda mütəxəssislər və könüllülər düşərgə quraraq daha 46  heyvanı xilas etməyə çalışırlar.

Qrindlərin özlərini kütləvi şəkildə sahilə atmaları qeyri-adi hadisə deyil. Bununla belə elm adamları bu fenomenin səbəblərini hələ də izah edə bilmirlər.

Qeyd edək ki, qara delfinlərin uzunluğu 8 m-ə qədər, çəkisi isə təxminən 800 kq ola bilər. Onlara qütb istisna olmaqla, bütün dənizlərdə rast gəlinir, lakin nadir hallarda sahildən kənarda görünürlər.

Bu gün qara delfin populyasiyasında təxminən bir milyon fərd var və növlər təhlükə altında deyil. Bu delfin üçün ənənəvi ov yalnız Farer adaları yaxınlığında Atlantik okeanının şimal bölgələrində həyata keçirilir. Şotlandiya ilə İslandiya arasında yerləşən və Danimarkaya məxsus olan bu torpaqlarda əvvəllər əsas qidası qrind olan vikinqlər yaşayıblar.

Bu delfinləri tutmaq asan olub. Onlardan biri tələyə düşən kimi qışqırmağa və digər heyvanları köməyə çağırmağa başlayır. Sürü sahilə yan alanda isə vikinqlər artıq onları nizə, bıçaq və qılıncla öldürürdülər. Baxmayaraq ki, bu gün ət əldə etmək üçün delfinləri öldürməyə ehtiyac yoxdur, həmin ərazilərdə oxşar ənənə bu günə qədər qorunub saxlanılır.

 

Share: