“Birinci Qarabağ müharibəsi ərəfəsində və müharibə dövründə Azərbaycan sakinlərinə qarşı törədilmiş bütün əməllər üzrə Baş Prokurorluq cinayət işi açıb. Tədqiqat nəticəsində istintaqa məlum olan şəxslər axtarışa verilib. Erməni əsilli cinayətkarlar hesab edirdilər ki, bu, sadəcə sənədləşmədir, Azərbaycan hüquq-mühafizə orqanları onları tapa bilməyəcək”.
Bu fikirləri Oxu.Az-a Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin saxlanılmasından danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, cinayətkarın tutulması heç kəsin törətdiyi əməlin cəzasından qaça bilməyəcəyini sübut edir:
“Bu onu göstərir ki, cinayətkarların axtarışları davam etdirilir və zaman-zaman onlar Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər.
Eyni zamanda diqqəti cəlb edən başqa məqamlar da var. Artıq ikinci dəfədir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə qeyri-qanuni hərəkətlər edilir. İlk dəfə qanunsuz materiallar tutuldu, bu dəfə isə beynəlxalq axtarışda olan cinayətkarı Azərbaycan ərazisindən çıxarmağa cəhd edildi. Bütün bunlara diqqət etdikdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ ərazisindəki fəaliyyəti bir çox suallar doğurur. Komitə rəsmiləri aydınlıq gətirməlidirlər. Komitənin nizamnaməsinə və proqramına uyğun hərəkət edilirmi? Belə çıxır ki, digər cinayətlər də vaxtaşırı ortaya çıxarılacaq.
Bir məqama da toxunaq. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə Azərbaycan qanunları hələ ki, işləmir. Oradakı insanlar da separatçı rejimin uydurduğu qaydalarla yaşamağa çalışırlar. Əgər həmin cinayətkar şəxs oradan qaçmağa cəhd edibsə, deməli artıq dərk edirlər ki, Azərbaycan hüquqlarını gec-tez bərpa edəcək, qanunlarını Xankəndidə və ermənilər yaşayan ərazidə tətbiq edəcək. Azərbaycan qanunları Konstitusiya ilə təsdiq olunmuş, insanların böyük azadlığını qoruyan, sivil qanunlardır. Eyni zamanda törədilən cinayətə görə məsuliyyət də yaradır. Mümkündür ki, bundan sonra da orada başqa cinayətlərə görə gizlənənlər qaçmağa cəhd edəcəklər. O şəxslə indidən Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olsalar daha yaxşıdır”.
Həmin şəxsin dindirilməsi zamanı başqa qaranlıq məqamların da aydınlığa çıxa biləcəyini deyən Aydın Mirzəzadə Xaçaturyana görə beynəlxalq qüvvələrin müdaxiləsini də istisna etmir:
“Saxlanılan şəxsin ifadələrində daha bir neçə cinayətkarın da yeri məlum olacaq. İllərdir, qaranlıq qalan çox məsələlər aydınlığa çıxa bilər. Yəqin ki, xaricdəki ermənipərəst qüvvələr onu siyasi məhbus elan edəcək, buraxılmasını tələb edəcəklər. Beynəlxalq qurumlar Azərbaycana çağırış edəcəklər. Ancaq İkinci Dünya müharibəsində insanlara qarşı qətllər törətmiş faşist cəlladları ilə Xocalı, Meşəli soyqırımı törətmiş insanlar arasında nə fərq var? Bu baxımdan hesab edirəm ki, biz müəyyən siyasi səs-küyün şahidi olacağıq. Azərbaycan suveren hüquqlarından geri çəkilməyə məcbur etmək istəyəcəklər. Bu cəhdlər əbəsdir. Azərbaycan xalqı öz müstəqilliyinin qiymətini bilir. Azərbaycan xalqının layiqli lideri var və biz kifayət qədər güclüyük ki, hüquqlarımızı qoruyaq. Xalqımız müstəqilliyinə bağlıdır. Bizi bir daha əvvəlki dövrlərin hüquqsuzluğuna qaytara bilməyəcəklər”.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Aysel Aslan