Qiraətçi Nadir Hüseynov: “Meyxananın təbliğ etdiyi şeylər gəncliyi uçuruma aparır”

Qiraətçi Nadir Hüseynov: “Meyxananın təbliğ etdiyi şeylər gəncliyi uçuruma aparır”

Onunla müsahibəni, haradasa, iki ay əvvəldən danışmışdıq. Səhhətində yaranan problemlə əlaqədar müsahibəmiz alınmamışdı. Bu yaxınlarda isə telefonuma gələn mesaj müsahibimin nə qədər dəqiq və məsuliyyətli olduğunun təsdiqi idi:

– Salam, siz müsahibə istəmişdiniz, mən artıq sağalmışam, sizinlə söhbət edə bilərik.

Vədələşdik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti isə görüş yerimiz oldu.

Nadir müəllimi heç vaxt real olaraq görməmişəm. Bu ilk idi. Televiziyada gördüyümlə müqayisədə bir xeyli çəki itirmişdi. Ona görə də nə qədər etik olmasa da, bu sualı verməkdən özümü saxlaya bilmədim.

– Nadir müəllim, azar olmasın, bir az da çəki itirmisiniz, nə olmuşdu belə?

– Hə, – universitetin koridoru boyunca addımlaya-addımlaya davam edir, – qızdırma, qrip… Adi şeydir, əslində, amma adamı əldən salır. Gördüyün kimi, – əllərini yana açıb dayanır.

– Yox, daha yaxşısınız, həmişə ayaq üstə, – deyirəm və Nadir müəllimin göstərişi ilə universitetin “Kiçik səhnə” deyilən otağına keçirik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı üzrə müəllimi, bədii qiraətçi Nadir Hüseynovun APA-ya müsahibəsi

…yenicə sağlamlığına qovuşmuş ustadla müsahibəyə isinmə sualları ilə başlayırıq:

– Məişətdə də belə sakitsiniz?

– Yox, yox, əksinə, mən əsəbi adamam. Emosional, üsyankar.

– Heç hiss olunmur.

– İndi hiss olunmur, bu da səhhətimlə bağlıdır. Çalışıram, sakit olum.

– Evdə şeir deyirsiniz heç?

– Kimə?

– Ailə üzvlərinizə.

– Mətn üzərində işləyirəmsə, özüm üçün oxuduğum olur, bu başqa, amma belə yox.

– Bilirsiniz, məndə belə bir təəssürat var ki, siz, məsələn, çay istəyəndə onu şeirlə ifadə edirsiniz (gülürəm).

– Yox… (bir qədər ara verir) …şeiri belə ucuzlaşdırmaq olmaz (gülür).

– Bəs, Nadir müəllim, şeir sizin həyatınızda nə vaxtsa konkret əsaslı rol oynayıbmı?

(Bir qədər düşünür…)

– Nə mənada?

– Məsələn, həyat yoldaşınızla tanışlıq zamanı şeir sizin əlinizdən tutubmu?

– Məncə, yox. Onun özünə dəfələrlə sual veriblər ki, yəqin, Nadir sənin könlünü şeirlə alıb. Amma elə deyil (gülür).

– Nadir müəllim, “Oqtay Eloğlu” tamaşası sizi aktyor olmağa, bir növ, vadar edib. Sizdə həvəs yaradıb. Sonra nə oldu?

– Sonra sənədlərimi verib qəbul oldum. Oxudum. Rəhmətlik Həsənağa Salayev məhz həmin tamaşanı – “Oqtay Eloğlu”nu mənim baş rol ifaçılığımla hazırlayırdı. Dördüncü kursda oxuyurdum. Amma iş elə gətirdi ki, xəstələndi və nəticədə yarımçıq qaldı.

– Vəssalam?

– Hə… (Bir qədər duruxur) Qismət deyilmiş. O, xəstələnəndən sonra da sağalmadı, heyf. Mən də universiteti bitirib əsgərliyə getdim. Gəldikdən sonra Həsənağa müəllim artıq yataq xəstəsi idi. Allah rəhmət eləsin.

– Onunla da aktyorluğa həvəsiniz öldü, ya necə?

– Yox. 1975-ci ildə Peterburqda bədii qiraət müsabiqəsinə qatıldım, laureat oldum. Bilirsən, mən hələ universitetin ikinci kursunda Azərbaycan Televiziyasında böyük layihələrin aparıcısı idim: “May sevincləri”, “Bahar təravətləri” və s. Bu verilişlərdə şeir deyirdim, müğənnilər də mahnı oxuyurdu, yəni qiraətyönümlü layihələr idi.

– İndi elə verilişlər yoxdur. Tələbat niyə azalıb?

– Yoxdur, təbii. Tələbat da yoxdur. O cür layihələrimiz klassik irsimizə xidmət edirdi, Həsən Əbluc, Əminə Yusifqızı, mən əsas simalar idik.

– İndi daha çox sosial məzmunlu verilişlərin meydanı genişdir.

– Elədir, sən deyən verilişlərə daha çox baxılır. Amma, mənə elə gəlir ki, qabaqkı verilişlərə yenə də ehtiyac var. Mütləq var. Amma o cür verilişlər heç kimə sərf eləmir.

– Nadir müəllim, sizcə, indi şeir dinləməyə adamların marağı var?

– Açığı, yox, elə bir maraq yoxdur.

– Onda televiziyaları niyə qınayırıq?

– Mən heç kəsi qınamıram (gülür). Bilirsən, qabaqlar bədii qiraətçilərlə, şairlərlə görüşlər olurdu, bir növ, o adamların təbliğatı gedirdi, insanlar həmin kəsləri tanıyırdı. Amma indi yoxdur. Çox nadir hallarda Ramiz Rövşənlə belə görüşlərin olduğunu görürəm. Qabaqlar Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Ramiz Rövşən, Məmməd Arazla davamlı görüşlər olurdu, çünki ehtiyac da var idi.

– İndi şairlərə ehtiyac yoxdur ki?

– Heç poeziyaya da ehtiyac yoxdur axı (gülür).

– Bəs niyə varlar? Niyə yazırlar?

– O sualın cavabını bilmirəm, amma bilirəm ki, yazan çoxdur.

– Yazıçılar Birliyinin 3000 üzvü var.

– Bəlkə, 3000-dən də çoxdur. Çoxunun da o qədər kitabı var, heç kəs oxumayıb, elə özləri oxuyublar, vəssalam.

– Bir az kobud çıxsa da, bu sual mənə maraqlıdır: çörəkli və çörəksiz şairlər kimlərdir sizin üçün?

– Yox, mən poeziyaya çörək kimi baxmamışam. Ona görə də bu suala cavab vermək bir az çətindir. Bilirsən, bədii qiraətçi elə mətnlərə müraciət etməlidir ki, o mətnlərdə xalqın kədəri, ağrısı, sevinci öz əksini tapsın. Yəni düşündürücü poeziya dinlənilir. Elə hər yerindən duran şeir yazırsa, o demək deyil ki, qiraətçi o saat onu oxuyacaq, ya oxumalıdır. Əvvəllər bizim ağıllı tamaşaçılarımız çox idi, indi onların sayı azalıb.

– Niyə azalıb?

– Yəqin ki, günah özümüzdədir. Günahı başqalarında axtarmağın mənası yoxdur. Bayaq toxunduq, televiziyalarımızın vəziyyəti nə gündədir. Bunu kim edib? Özümüz. Hansı kanalı açırsan, müəyyən adamlardır, ağızlarına nə gəldi, necə gəldi, danışırlar. Bu adamlar onlara qulaq asan tamaşaçılara hörmət etmirlər. Sənə qulaq asan, baxan tamaşaçıya hörmət eləməlisən. Əvvəllər bir veriliş üçün bir ay qabaqdan hazırlıq gedirdi. İndi zəng edirlər ki, axşam filan verilişə gələ bilərsiniz? Deyirəm, yox. Niyə? Çünki mən hazır deyiləm, hazırlaşmalıyam. Mən tamaşaçıya hörmət edirəm, etməliyəm. Ona görə də tələbələrimə də düşündürən poeziya nümunələrini aşılayıram, oxuduram. Şəhriyar, Məmməd Araz, Ramiz Rövşən, Bəxtiyar Vahabzadə, Hüseyn Cavid, Müşfiq və digər.

– Şairlərin özlərinin şeirlərini oxuması… Bu sizə mane olmur ki?

– Niyə mane olsun ki?

– Yəni elə şairlər var, öz şeirlərini elə yaxşı oxuyurlar ki, digəri oxuyanda artıq nəsə çatmır.

– Şairlər öz şeirlərini oxuya bilmir, bu, çox çətindir.

– Ramiz Rövşən öz şeirlərini çox yaxşı oxuyur.

– Doğrudur. Ramiz Rövşən öz şeirlərini çox-çox yaxşı oxuyur. Bilirsən, ağlamaqla tamaşaçını ağlatmaq olmur. Sən şeirin ruhunu, içini tamaşaçıya ötürməlisən, onda istədiyinə nail olacaqsan. Tamaşaçını iştirakçıya çevirə bilmirsənsə, sənətdən danışmağa haqqın yoxdur. Deyirlər e, filankəs çox gözəl bədii qiraətçidir, amma baxırsan, bütün ifaları eyni, ton eyni. Belə bədii qiraət olur? Sən qiraət sənətinin texnikasına bələd olmalısan, mənimsəməlisən. Bu yoxdursa, o adamda heç vaxt bədii qiraətçi olmaz. Vətən haqqında şeir deyəndə ağlamaqmı lazımdır?

– Mikayıl Mirzə, məsələn, yaman qışqırırdı.

– Hə, şeirlə dava (gülür).

– Bəlkə, dövrün tələbindən doğurdu.

– Sözsüz. Dövrün tələbinin təsiri var. Bilirsən, tamaşaçını sənin ifan, hərəkətlərin, səsin düşündürməlidir. Hər bir ifaçı özünün görmə kinolentini qurmalıdır. Mətndə görmə kinolentini qura bilmədinsə, heç nə alınan deyil, o halda, yaradıcılıqdan söhbət belə gedə bilməz.

Mikayıl Mirzə poeziyaya bələd adam idi, çox gözəl bilicisi idi. Mikayıl Mirzə bədii qiraət məktəbi idi.

– Nadir müəllim, sizi də ictimai-siyasi motivli tədbirlərə aparırdılar?

– Əlbəttə, dəvətlər olurdu, gedirdik.

– Amma siz qışqırmırdınız (gülürəm).

– Yox (gülür). Heydər Əliyev Sarayında, ayrı-ayrı yerlərdə o qədər çıxışlarımız olub ki. Televiziya o vaxt bir dənə idi, hamı səni tanıyırdı.

– Ona görə də poeziya insanlara təsir edə bilirdi.

– Əlbəttə. İndi tamam başqadır. O vaxt “Ozan” verilişi var idi, folklorun təbliği ilə məşğul idi. O veriliş ən çox baxılan layihələrdən, ən çox məktub alan verilişlərdən biri idi. Camaat baxırdı, sevirdi, təqdir edirdi. İndiki verilişləri tamaşaçı niyə sevsin? Sevib nə götürsün?

– Sizin evdə indiki verilişlər heç izlənilmir?

– Hərdənbir baxılır. Amma hər adama, hər oxuyana, hər verilişə yox. İndi elə olur ki, yaxşı müğənnilərimiz də efirlərə çıxır, onlara baxılır.

– Nadir müəllim, o vaxtlar şeirə olan maraq indi eynilə meyxanayadır. Yəqin ki, xəbəriniz var.

– Var, əlbəttə. Meyxananın təbliğ etdiyi şeylər uçurumdur, gəncliyi uçuruma aparan şeylərdir.

– Nadir müəllim, çağdaş poeziyamızı oxuyursunuz?

– Hə, oxuyuram, amma bayaq adlarını çəkdiyim şairlər səviyyəsinə çatanları görmürəm, açığı.

– Bəlkə, şeirin istiqaməti, mövzusu dəyişib, ola bilməz?

– Bəlkə də, elədir. Amma, istənilən halda, şeir adamı tutub çəkməlidir.

– Bəs yeni nəsil qiraətçilərdən necə, bəyəndikləriniz varmı?

– Kamran Yunisi dinləmişəm, o, istedadlı oğlandır.

– O da sizin kimi şeiri, bir növ, səssiz oxuyur. Başqa dinlədikləriniz var? Məsələn, Xəzər Süleymanlı.

– Bayaq mən bir ifadə işlətdim: qiraətçi aktyor sənətinin texnikasına bələd olmalıdır. Bu varsa, var, yoxdursa, heç nə. Şeiri ifa edən onu özündə canlandırdığı kimi elə etməlidir ki, tamaşaçı da canlandıra bilsin.

Məsələn, Ramiz Rövşən deyir ki:

“Bu vaxtsız sevginin əcəli yetdi

Buydu qismətimiz ya tez, ya da gec.

Hərə öz dərdini apardı getdi

Bəs niyə dərdimiz azalmadı heç?

Dünya dağılmadı biz ayrılanda,

Göylər bir az yağış çilədi ancaq…

Mən sənə xoşbəxtlik dilədim onda,

Sən mənə rahatlıq dilədin ancaq…”

Burada mənim üçün görmə kinolenti var. Sabah bu qızın toyudur və biz bu qızla bağda oturub söhbət edirik. Vaxtsız sevginin əcəlinin yetməsi budur. Bu görüntü mənim beynimdə canlanır. Eynilə tamaşaçıya da bunu çatdırmaq məcburiyyətindəyəm. Çünki mən şeiri tamaşaçıya eşitdirmək üçün yox, görmək üçün oxuyuram. İndikilərin çoxu şeiri sadəcə eşitdirir, tamaşaçı da eşidir, vəssalam.

Yaxud görürsən ki, bütün sevgi şeirlərini eyni tonda oxuyurlar. Necə olur ki, ayrı-ayrı sevgi təzahürləri eyni tonda olsun? Belə şey mümkün deyil.

– Tələbələriniz nə deyir, Nadir müəllim. Gözünüz alırmı?

– Əlbəttə, yaxşı tələbələrim çoxdur.

– Buradakı tələbələrin hamısı istedadlıdır?

– Təəssüf ki, yox. Təsadüfən gəlib düşənləri də var. Hər sahədə olduğu kimi.

– Nadir müəllim, Əminə xanımla da səhnə bölüşmüsünüz?

– Bəli, Əminə xanımla da çox səhnələri bölüşmüşük.

– Aranızda rəqabət olurdumu heç?

– Nə mənada rəqabət?

– Yəni ümumi qiraətçilər arasında, məsələn, filan verilişə, filan tədbirə çağırılmaq üstündə.

– Yox, mənə elə gəlir ki, belə hal heç olmayıb. O vaxt hər adam efirə, tədbirə dəvət almırdı axı.

– Nadir müəllim, mənə maraqlıdır, bax bu dəqiqə sizin yadınıza neçə şeir var?

– Hə… (gülür və bir qədər düşünür) Onu yalan deyərəm.

– Tez-tez təkrarlayırsınız, yəqin.

– Sözsüz, təkrarlamasam, unudaram.

– Bəs böyük tədbirlərdə qəfil şeirinin hansısa misrasını unutduğunuz olub?

– Olub. “Kitablar aləmində” adlı verilişimiz var idi. Veriliş əvvəldən yazılırdı, amma mənimlə İlham Namiq Kamala zaman çatmadı, çünki verilişlərin çəkilmə saatı, limiti vardı, ona görə də biz məcbur canlı çıxış etməli olduq. Mən Şəki haqqında şeir oxuyacaqdım. Əzbər bilirdim, gecə gəl məni oyat, əzbərimdədir. Di gəl elə oldu ki, kameranın qırmızı işığı yanmağı ilə bütün şeir yadımdan çıxdı. Mən də məcbur özümdən misralar qoşub dalbadal deməyə başladım. Görürəm qıraqda rejissor deyir ki, burada belə şeir yoxdur axı – əlindəki ssenariyə baxa-baxa… (gülür)

– Belə vəziyyətdən çıxmaq özü böyük ustalıqdır.

– Təbii. Hələ onda təzə-təzə çıxış edirdim, ikinci kursda oxuyurdum. Amma dediyim kimi, o zaman artıq böyük verilişlər aparırdım.

– Nadir müəllim, toylara gedirsiniz?

– Yox.

– Heç getməmisiniz?

– Əvvəllər olub.

– İndi niyə getmirsiniz?

– Yəqin, yaşla bağlıdır.

– Tamadaları görürsünüz, yəqin. Efirlərə də ayaq açıblar, verilişlər aparırlar.

Nadir müəllim əllərini açıb sadəcə başını bulayır. Bu da bu sual üçün veriləcək ən yaxşı cavabdır deyə, sualın istiqamətini bir az dəyişirəm.

– Amma dost-tanış məclisində şeir deyərsiniz, yəqin.

– Əlbəttə, bu olur.

– Heç toyda da şeirə qulaq asarlar?

– Bu, bacarıqdan asılıdır. Mən elə edirəm ki, qulaq asırlar (gülür).

– Toyxana qiraətçini məhv edir, ya necə? Yəni getməməyinizə konkret ad vermək istəyirəm.

– Məhv edir.

– Verilişlərə az-az çıxırsınız. Dəvət az olur, yoxsa seçicisiniz?

– Dəvət edirlər, getmirəm. Elə müzakirələr olur ki, özüm baxıram, burada mən nə danışım? Burada nə işim var?

– Ailənizdə poeziyaya münasibət necədir?

– Normal. Balaca oğlum yaxşı piano çalırdı, amma qoymadım. Bəstəkarlar çox dedilər ki, qoy davam eləsin, ürəyimcə olmadı. Bilirsən, sənət indi başqadır. Dövr istedadsız adamların dövrüdür. Ona görə də imkan vermədim.

– Nadir müəllim, mən istəyirəm ki, bayaq Ramiz Rövşəndən oxuduğunuz şeiri davam edəsiniz, mən də yavaş-yavaş çantamı yığım. Sizinlə qəfləti sağollaşmaq olmur, şeirlə bitirək.

– Olar, – deyib gülümsünür və Ramiz Rövşənin “Son görüş” şeirini səsləndirir:

…Bir sevgi yarımçıq qırıldı o gün:

Yağış da kəsildi, bulud da getdi.

Bir qızla bir kişi ayrıldı o gün,

Hərəsi bir yana üz tutub getdi.

O qızdan gözəl qız tapılmaz daha,

Daha o kişidən igidi yoxdur.

Amma bu dünyada xoşbəxt olmağa

Daha heç birinin ümidi yoxdur…

Foto: Orxan Kərimov

Share: