“Bakıda olmaqdan şadıq. İki eyni gücə malik komandanın oyunu olacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa deyib.
O, fikrini belə davam edib:
“Hər iki komanda özünəməxsus oyun stilinə malikdir. İlk matçda rəqibi daha yaxından tanıdıq. Sabahkı görüşə yaxşı hazırlaşmışıq. Öz oyunumuzu göstərməyə hazırıq”.
32 yaşlı mütəxəssis ilk görüşdəki qələbəyə arxayın olmadıqlarını deyib:
“Bakıya qələbə üçün gəlmişik. Üstünlüyümüz var. Lakin tam gücümüzlə yenidən qalib gəlməyə çalışacağıq”.
Çenstoxova təmsilçisinin çalışdırıcısı penaltilər seriyasına da hazır olduqlarını bildirib:
“Oyunlara kompleks hazırlaşırıq. Sabahkı matçın gedişatından asılı olacaq. Penaltilərə də hazırıq”.
Baş məşqçi ilk oyundan sonra “üzümü turşudub “Qarabağ” tərəfə baxırdım ki, onları qorxudum” deməsinə münasibət bildirib:
“Normal mimikam belədir. Heç kimi qorxutmağa çalışmıram”.
D.Şvarqa ilk matçda səhvə yol verən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi yenidən səhvə yol verməyə məcbur etməyə xüsusi diqqət yetirmədiklərini qeyd edib:
“Bu, bizimlə əlaqəli deyil. Hər bir matça hazırlaşırıq. Rəqiblərin zəif nöqtələrini qeyd edirik. Amma buna o qədər də diqqət etmirik. Öz oyunumuza baxacağıq”.
Mütəxəssis keçən il digər Polşa klubu “Lex”in Bakıda “Qarabağ”a 1:5 məğlub olmasının komandasına təsir etməyəcəyini əlavə edib:
“Qarabağ”ın digər oyunlarını da analiz etmişik. Həmin matça da baxmışıq. “Lex”in vəziyyətini də nəzərə almaq lazımdır. Biz onlardan fərqli komandayıq, fərqli gücdəyik. Sabah bu cür məsələlər oyunumuza təsir göstərməyəcək”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” oyunu saat 20:00-da start götürəcək. Polşada keçirilən ilk matçda Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olub.
Faiq Tahirov