Bu gün Azərbaycan kinosu günüdür. Kulis.az bu münasibətlə kino adamları ilə keçirdiyi sorğunu təqdim edir.
Tahir Tahiroviç:
“Bizim kino istehsalatının 100 yaşı olur. Nə qədər acı nə qədər şirin olsa da, bu yüzilliyin 30-unda iştirak etmişəm.
Təbii ki, bizim kimi SSRİ-nin şinelindən çıxan dövlətlərdə kinonu Mədəniyyət Nazirliyi idarə etməlidir.
Çünki biz idarə olunmağa öyrəşmişik. Özbəklər də, gürcülər də, – postsovet ölkələrinin hamısı belədir.
Müstəqil kino şirkətləri var. Onlar yaxşı layihələrini Mədəniyyət Nazirliyinə, rəhbəri olmayan ARKA-ya təqdim etməlidir. Münasib olsa, dövlət onlara dəstək verməlidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvüyəm.
Kino ittifaqlarının birləşməyinə razı deyiləm. ARKİ ləğv olunmalıdır. Bunlar siyasi partiya deyil ki, birləşə. ARKİ ləğv olunmalı, üzvləri bizlə çalışmalıdırlar.
O ittifaqın Azərbaycan kinosuna faydasını görməmişəm. Ümumilikdə Azərbaycan kinematoqrafçıları o ittifaqın faydasını görməyib. Məsləhət belədirsə, qoy olsun. Qucaqlaşıb öpüşsünlər, biz də kənardan baxaq.
Keyfiyyət filmin büdcəsindən asılı deyil. Bu, yaradıcılıq məsələsidir. Yaradıcılıq elmə əsaslanır. Yaxşı filmlərin olması üçün istehsal sayı çoxalmalıdır. Məsələn, bir ildə üç yox 13 film çəkilməlidir. Dövlət pul ayırır. Maliyyə Nazirliyi altı milyon ayırırsa, biz kinematoqrafçılar gedib onlarla dava etməli deyilik ki? Bu məsələni yuxarıdakılar özləri həll etsinlər.
Az büdcəli filmlərin sayı çoxalmalıdır. Bir filmə bir milyon ayırmaqdansa, beş filmə 200 min ayırsınlar. Müstəqil kino şirkətlərinə dəstək olmalıdırlar.
Dövlətin kinoya ayırdığı altı milyon 10 kino şirkəti arasında bölünməlidir. Onda yaxşı işlər ortaya çıxacaq.
“Eurimages”ə üzv olmaq bir az spesifik məsələdir. Kino fondlarının, ARKA-nın işidir. Oranın üzvü olsaq, çox maraqlı olar. İnanıram ki, bizim dövlətdə yaxşı pul var. Heç oranın dəstəyinə ehtiyac da yoxdur. Maliyyə Nazirliyini inandırsalar, məbləğ 10 minə qalxacaq.”
Orxan Mərdan:
“Mədəniyyət nazirliyi kino sistemini, kino sturkturunu qurmalı, dövləti vergi güzəştlərinə razılaşdırmalıdır. Düzdür, son müsabiqə özlüyündə inkişafa meyllilik əks etdirir. “Kinonu dövlət çəkməlidir” prinsipini, “dövlət hər kəsə qucaq açmalı, istənilən istehsalçını dəstəkləməlidir” prinsipi əvəzləyib. Bu cəhd inkişafa ümid verir.
İttifaqlar bu günə qədər bir-birini sözün bayağı mənasında qırmaqla məşğul idilər. Bundan başqa bir fəaliyyətləri yox idi. Görünən odur ki, datasiyanı verən dövlət onlara “birləşin” göstərişi verib. İndi o datasiyanın dərdindən mehribanlaşmağa başlayıblar.
Mən ittifaqların kinodan, kinoicmasından ötrü faydalı olduğunu düşünmürəm.
Sənət dövlətdən ayrı olmalıdır. Amma yenə də dövlət maliyyə vəsaitinin həcmindən asılı olmayaraq əlini kinodan çəkməməkdə israrlıdır. Bunun həm müsbət, həm də mənfi cəhətləri var. Nəzərə alsaq ki, istehsal yerli bazar üçün nəzərdə tutulub, ayrılan vəsait elə də az deyil.
Düşünmürəm ki, “Eurimages”ə üzv olmamağımız bizim kinonun inkişafına mane olan əsas səbəbdir. Üzv olmamaqla çox şey itirmirik”
Taleh Yüzbəyov:
“Milli kino indi durğunluq dövrünü yaşayır. Təxminən, bir neçə il öncə kinonun daha aktiv dövrü idi. İnanıram ki, bu fırtına öncəsi səssizlikdir.
Kino Mədəniyyət Nazirliyinin nəzarətində də ola bilər, sərbəst fəaliyyət göstərə də bilər.
Müstəqil müəlliflərin yaranması üçün də şərait yaradılmalıdır. Hər iki hal qəbul olunandır. Bir çox ölkələrdə elə bu cür fəaliyyət göstərir.
Kino ittifaqlarının birləşməsi müsbət haldır. Birlikdə daha yaxşı işlər görə bilərlər.
Bu günə kimi gördükləri işlərdən o qədər də xəbərdar deyiləm. Amma müəyyən tədbirlərində iştirak etmişəm. Hər halda bundan sonra yaxşı işlər görəcəklərinə inanıram.
Azərbaycan reallığını nəzərə alsaq, dövlətin kinoya ayırdığı vəsait az deyil. Bir milyona normal, orta gəlirli iki kino çəkmək olar. Daha çox büdcə ayrılsa, əlbəttə ki, daha yaxşı olardı.
Müəyyən qədər kredit sistemi və pitçinq yolu ilə müstəqil kinoya da dəstək ola bilərlər. Kino dövlətdən tamamilə ayrılsa, maliyyə baxımından özünü saxlaya bilməz.
Onda gərək sənətə maraqlı müstəqil qurumlara müəyyən güzəştlər olunsun ki, sahibkarlar hansısa filmə sponsorluq etsinlər.
“Eurimages”ə üzv olmaq çətin deyil. Çox güman ki, bu, dövlətin marağında deyil. Yəqin, onların tələbləri bizim dövlətə uyğun deyil. Ona görə hələ də razılıq əldə olunmayıb”.