Bu gün müasir türk şeirinin ən məşhur simalarından biri Turgut Uyarın doğum günüdür.
O, 1950-ci illərdə Camal Sürəya, Edip Cansevər, Ece Ayxan kimi şairlərin başlatdığı “İkinci Yeni” adı ilə tanınan ədəbiyyat cərəyanının üzvlərindəndir.
Kulis.az onun oğlu Hayri Turqut Uyar ilə müsahibəni təqdim edir.
****
– Deyirlər, “Kloun” şeiri əslində, Turqut Uyarın deyil.
– Hə, elədir.
– Maraqlıdır, kimə aiddir, yaxud o şeiri Turqut Uyar imzası ilə kim dərc edib?
– Yox, bunu kiminsə bilərəkdən Turqut Uyarın adına çıxardığını düşünmürəm. Oxuyanlar Turqut Uyarın olduğunu düşünüblər, yəqin. Çünki o mətndə Turqut Uyarın şeirlərinə çox açıq göndərmələr var. Buna görə o şeirin Turqut Uyara aid olduğunu düşünüblər. Məncə, “Kloun”u yazan adamın bir qərəzi olmayıb. Görünür, əyləncə xatirinə yazılıb. Yenə deyirəm, o şeiri yazan adamın qərəzli olduğunu düşünmürəm. Təbii ki, həqiqəti də bilmirəm. Amma dəqiq Turqut Uyarın şeiri deyil.
– Atanızı necə xatırlayırsız? Ata-oğul münasibətiniz necə idi?
– Başqaları üçün atası necədirsə, mənim üçün də atam elə idi. Atam son dərəcə dürüst adam idi. Qapalı, asosial və çox ağıllı adam idi. Mənim üçün ata idi, ata-oğul münasibəti necə olursa, aramızdakı münasibət də elə idi.
– Onu şeir yazan vaxt görmüsünüz? Necə olurdu yazanda? Xüsusi bir ruh halına girirdi?
– Heç görməmişəm. Xüsusi bir ruh halına büründüyünü düşünmürəm. Mən adətən, çöllərdə olmuşam: ya məktəbdə olurdum, ya da dostlarımla çöldə. Evdə otura bilmirdim. Əlbəttə, hər sənətçinin iş saatı, üslubu var. Məsələn, Edip əminin (Edip Cansever) otağı var idi və bəlli saatlarda otağına girib, orada çalışırdı. Bəziləri nizam-intizamla çalışır, bəzisi ilhamla yazır. Atam isə qeydlər edirdi, sonra sistemləşdirib yazırdı.
– Bəs ananız – Tomris Uyar?
– Anam tam əksinə, sosial, istiqanlı, hər kəslə səmimi münasibət quran insan idi. O da çox ağıllı, zarafatcıl idi. Onlar kimi adama çox az rast gəlmişəm. Anam kimi adama isə heç rast gəlməmişəm. Əlbəttə, hamı üçün anası təkrarsızdır. Amma şəxsiyyət olaraq da çox rast gəlinən xarakterdə insan deyildi.
– “İkinci Yeni”lərdən kimləri görmüsünüz?
– Edip Cansevər, Camal Sürəyya, Ece Ayxan, İlhan Berk, Ülkü Tamer və başqaları. Kim var idisə, görmüşəm. Təbii ki, hər kəsin öz hörməti var idi, hamısını da sevinclə xatırlayıram. Fərqli adamlar idi. Təkcə “İkinci Yeni”lər deyil, Fetih Naci də vardı.
– Camal Sürəyyanın Tomris Uyara məktubları var imiş. Tomris Uyar bu məktubların yarısını özü yox edib, qalanlarını yox etməyi də sizə tapşırıb.
– Anamın şəxsi məktubları çox idi. Atamın yazdığı məktubların çoxsunu oxumadan cırıb atmışam. O məktubların arasında Camal Sürəyyanın da məktubları olubmu, bilmirəm, fikir verməmişəm. Məktublara baxırdım, şəxsi olanları cırırdım.
– Tomris Uyar məktublarına, əsərlərinə dair vəsiyyət etmişdi. İstəyirdi ki, şəxsi məktubları oxunmasın, əsərləri ekranlaşdırılmasın.
– Şəxsi məktubları barədə dedikləri doğrudur. Amma “film çəkməsinlər, istifadə etməsinlər” – deyibmi, bilmirəm. Şəxsən belə bir şey deməyib.
Anam tapşırmışdı ki, şəxsi məktubları yox edim. Şəxsi məktublardır çünki.
– Turqut Uyarın birinci evliliyindən olan uşaqları ilə görüşürdünüz? Bəs indi necə, əlaqəniz var?
– Əlbəttə. İndi bacılarımdan biri Giresunda olduğu üçün onu tez-tez görə bilmirəm, qardaşımı da, həmçinin. Amma digər bacımla mütəmadi danışırıq. İşlərin çoxluğuna görə görüşə bilmirik.
– Tomris Uyar və Turqut Uyar yaradıcılığı… Onların əsərlərini sevirsinizmi?
– İkisini də oxuyuram. Amma ən sevdiklərim arasındadırlarmı? – Bilmirəm. Olmaya da bilərlər. Bəlkə də, tanımağın verdiyi rahatlıqdır. Onlarla böyümüşəm axı. Amma heç vaxt bir yazıçının bütün əsərlərini sevmək olmur, əlbəttə. Bəyəndiklərim olduğu kimi, bəyənmədiklərim də ola bilər.
– Xatirələrinizi yazmağı düşünürsünüz?
– Yox, xatirə tərzində bir şey fikirləşmirəm. Mənə elə gəlir, xatırladıqlarım heç bir kitabı doldurmaz. Mənə tez-tez deyirlər ki, hansısa xatirəni danış. Nəsə xüsusiliyi yoxdur deyə, danışa bilmirəm. Məsələn, anamla, atamla harasa getməyimiz… Məsələn, Edip Cansever. Edip əminin gözünün qabağında böyümüşəm, mənə adi gəlir, nə danışım, nə yazım? Nə var burda? Hə, restorana getmişik, nə olsun?
– Tomris Uyar yazdıqlarını birinci Edip Canseverə göstərirmiş. Edip Cansever öldükdən sonra isə Tomris Uyar özünə qapanır. O dönəmi xatırlayırsınız?
– Əlbəttə. Üstəlik, atam da ölmüşdü, Aylin adlı çox yaxın dostu vardı, o da ölmüşdü. Edip Canseverin ölümü ilə artıq ətrafında kimsə qalmadı, yalnız qaldı. Amma yazdıqlarının mənası qalmadı – deməyək, yazmaq istədiklərini yazırdı onsuz da. Yazmağa davam edirdi.
– Sizin evdə də məclislər olurdu? Yığışırdılar?
– Bizim evdə də olurdu. Amma başqa yerə yığılanda atam çox getməzdi. Edip Canseverlə isə çox yaxın dost olduqlarına görə, onların evinə gedərdik, onlar bizə gələrdi. Birlikdə harasa gedirdik.
– Yazdıqlarını bir-birlərinə göstərirdilər yəqin.
– Əlbəttə. Hətta sərt tənqid edirdilər bir-birlərini. Amma professional olduqlarından inciklik olmurdu.
– Hansının əlyazmaları qalıb?
– Atamın əlyazmaları çox deyil. Atam ölümündən sonra hamısının yox edilməyini istəyib. Ona görə də bir-iki əlyazma qalıb, onlar da şeir deyil, eləcə yazılardır. Amma anamın gündəlikləri var.
– Onları dərc etmək fikriniz var?
– Yox, onları da cırıb ataram, yəqin. Şəxsi yazılardır çünki. Hələlik bəzi sentimental səbəblərə görə cırmıram. Amma sonra cıracam. Heç açıb tam oxumamışam. Bəlkə, məndən də şikayət edib.
– Maraqlı deyil sizə?
– Maraqlıdır, əlbəttə. Mənə Turqut və Tomris Uyarın sevgi məktubları necə maraqlı olmaya bilər? Amma maraqlanmamalı, oxumamalıyam. Şəxsi məsələlərdir. Mən də istəmərəm mənim şəxsi yazışmalarımı kimsə oxusun. Ona görə də heç birini oxumamışam.
– Şəxsi əşyaları qalır?
– Qalır, təbii. Məşhur böyük saat, çap maşınları.
– Şeir gecələri keçirilirdi? Oxucu-yazıçı münasibəti necə idi?
– Ədəbiyyatçılar imza günlərini sevmirdilər. Çünki gedib üç saat otururdular, amma beş nəfər ya gələrdi ya gəlməzdi. O dövrdə ədəbiyyatla maraqlanan çox az adam var idi.
Hətta Edip Cansevər “Petrol” kitabını imzalatdıran oxucuya: “Nə əcəb mənim kitabımı alırsınız, oxuyursunuz?” – soruşub. Adam da “Mən neft mühəndisiyəm, ona görə marağımı çəkib” – deyib. Yəni vəziyyət belə olub.
Turqut Uyar oxucularıyla vaxt keçirməyi çox sevməzdi. Amma Camal Sürəya, Edip əmi sevərdilər. Onlar oxucularıyla söhbət etməyi xoşlayırdılar. Atam isə çəkingən adam idi. Eləcə “təşəkkür edirəm” – deyirdi. Anam da oxucularla ünsiyyət qurmağı sevərdi.
– Onların son günlərini xatırlayırsızmı?
– Hə, çətin günlər idi… Bu barədə danışa bilməyəcəm…