Daun sindromlu uşağı döyənlər – İlkin Öz

Daun sindromlu uşağı döyənlər – İlkin Öz

Kulis.az İlkin Özün “Vecsizlik” sindromu adlı yeni yazısını təqdim edir.

“İnsanda insanlıq öləndən bəri,

İtmiş insanlığın parlaq cövhəri”.

Nizami Gəncəvi

Yenə paytaxtda qanqaraldıcı hadisə baş verib.

İki avara küçədəki xəstə uşağa qarşı şiddət göstərib: onu ölümcül döyüblər, yerlə sürüyüblər. Adam görüntüləri izləyəndə quruyur, qəhərlənir. Axı insanları bu cür vəhşiliyə təşviq edən səbəblər nədir?

Əqli qüsurlu gəlinini dəyənəklə, dəmir-dümürlə döyən, təhqir edən, alçaldan qadını xatırladım. Əlbəttə, o, eqosunu bəsləyirdi, fəqət heç kim haqsızlığa qarşı səs çıxarmır, o qadına ürək eləyib nəsə demirdi.

Nə isə, qayıdaq mövzumuza.

Yazıq uşağın başına yüz cür oyun açan yetkinlərə heç kim mane olmur, eləcə baxa-baxa keçirlər.

Məni narahat edən də elə budur:

Biz axı nə vaxt bu qədər diqqətsiz, laqeyd, biganə, bivec olduq? Səbəb nədir?

1. Boş, monoton və mənasız həyat sürən insanların həyatlarını rəngləndirmək arzusu;

2. Hakimiyyət, hökm etmək ehtirası;

3. Heyvani instinkt: “Güclünün zəifi əzməyə çalışması”;

4. Düşük, bayağı, mənasız türk seriallarının fəsadları.

5. Tərbiyəsizlik;

6. Nəzarətssizlik…

Valideyn nəzarət etmir, onlar da türk seriallarına baxır, “PUBG” oynayır, təhsildən-mədəniyyətdən uzaqlaşır, həyatları bozarır, monotonlaşır. Bunun acığını da məhz belə “üsul”larla çıxmağa çalışırlar.

Həmin uşaqların dünyagörüşü, tərbiyəsi, mənəviyyatı olduqca məhdud, kasaddır. Hanniballar kimi insanları döyməkdən, incitməkdən həzz alırlar.

Yəqin ki, ailələrinin də onlara tərbiyə verməyə vaxtı yoxdur.

Belə tərbiyəsiz küçə uşaqlarını görəndə düşünürəm ki, adam gərək ailə qurmazdan əvvəl götür-qoy eləsin: Görəsən, mən bu məsuliyyətin öhdəsindən gələ biləcəmmi, faydalı ölad yetişdirə biləcəmmi?

Uşaq görür, nəzarətsizlikdi sui-istifadə edir. İnsanlıqdan çıxır, vəhşiləşir.

Özü də, döyülən uşaq Daun sindiromludur. Axı bir insan necə xəstə uşağa əl qaldıra bilər? Bu hər şeydən əvvəl insanlığa yaraşmır. Kim nə deyir, desin. Bu, azğınlıqdır, qudurmuşluqdur. Məncə, başqa adı yoxdur belə hərəkətin.

İmkanları olsa, insanlar bir-birlərini didib-parçalayarlar.

O uşağı döyə-döyə öldürsəydilər də yenə heç kimin vecinə olmayacaqdı. Cəmiyyətin düşüncəsini, təfəkkürünü müalicə etmək lazımdır.

Tutaq ki, qələt edirsən, bir xanımla əl-ələ şəhərə çıxırsan. Bir də görürsən ki, hansısa azıxantrop gəlib adama ilişir ki, bəs qaqaş, camaatın anası-bacısı var.

Amma kimsə küçədə arvadını döyəndə heç kim qarışmır, çünki ərlə-arvadın arasına girmək olmaz!

Xülasə, ətrafda baş verən haqsızlıqlara, ədalətsizliklərə göz yummamalıyıq, bu, hər şeydən əvvəl insanlıq, vətəndaşlıq borcumuzdur.

Share: