Avqustun 8-i Yardımlının ad günüdür…

Avqustun 8-i Yardımlının ad günüdür…

Azərbaycanın füsünkar təbiətilə gözoxşayan dilbər guşələri çoxdur. Şuşa, Laçın, Kəlbəcər, Tovuz, Qazax, Gədəbəy gözəldirsə, Şamaxı, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqtala bir başqa cür gözəldir. Və bu sırada Lerik, Lənkəran, Astara, Yardımlının da özünəməxsus yeri var…

Uca dağlar başında,
Əzəmətli bir diyar.
Yazı, yayı, qışı da
İnsanları bəxtiyar.
Kəndləri neçə-neçə
İgidlərin məskəni.
Qoymaz kimsə yan keçə,
Mehman edər ötəni.
Çeşmələri buz kimi,
Mirvaridir damlası.
Havası dərd məlhəmi,
Özü qeyrət qalası.
Gələnlər heyran olar,
Hüsnünə, camalına.
Gedənin gözü qalar,
Darıxar vüsalına.
Dörd yanı cənnət bağı,
Sinəsi sıldırımlı.
Könüllərin oylağı,-
Yardımlı, ay Yardımlı…
Bəli, Yardımlı! Dədə-babalarımın ruhlarının toxdaqlıq tapdığı məkan.
Ağsu aşırımını görmüşdüm, yolum düşdü, Şuşa aşırımını da gördüm. Heç birini Yardımlı aşırımına bənzədə bilmədim. Yardımlı aşırımı həm uzunluğuna və həm də əzəmətinə görə hər iki aşırımdan da nəhəngdir. Nə qədər qəddar baltasına tuş gəlsə də, sıx meşələri hələ də insanları təbəssümlə qarşılayır. Hündür ağacların bir-birilə pıçıltısı qulaqları oxşayır…
Yardımlı rayonu- Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilsə də, sonradan Yardımlı adı ilə tanınan qədim oğuz diyarı. Şah İsmayıl babamın at çapıb ov ovladığı məkan. Qaçaq Həsənin, “Güdələr”in ruslara qan uddurduğu döyüş meydanı, Vəli Məmmədovun, Nərçə Ağayevin, Sabir Rüstəmxanlının, Mirmahmud Mirəlioğlunun, eləcə də onlarla alim və şairlərin ayaq açıb ilk dəfə kövrək addımlarını torpağına basdığı ərazi. Halal süfrəsində böyük zəhmətlə balalarını böyüdən kişilərin, qəhrəman ANAların məskəni…
Yardımlı!- Kəbəm, Məkkəm, Mədinəm mənim, ad günün mübarək!
Elman Eldaroğlu
https://www.youtube.com/watch?fbclid=IwAR2tzvWk-LUXPJzsb2pOeaR4I-C6cBOTz5FNDWMgYgO-ARbh96lQENDZIPw&v=p7rYsnOocP8&feature=youtu.be
Share: