Rusiyada uşaqlar kimsəsiz adada ilişib qaldılar

Rusiyada uşaqlar kimsəsiz adada ilişib qaldılar

Rusiyanın Primorsk diyarının Askold adasında gənclərin elmi-maarifləndirici görüşünə qatılan 17 uşaq orada ilişib qalıb.

Uşaqlar avqustun 5-dən materikə qayıda bilmirlər. Səbəb pis hava şəraiti və yüksək dalğalardır. Bu barədə regional Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Gənclərin elmi-maarifləndirici görüşü avqustun 5-də başa çatsa da, pis hava şəraiti uşaqların adanı tərk etmələrinə imkan vermir”, – nazirliyin “Telegram” kanalında bildirilib.

Düşərgə təşkilatçıları vəziyyəti nəzarətdə saxlayırlar. Adada uşaqlarla birlikdə bu cür vəziyyətlərə hazırlıqlı olan böyüklər də var. Onların 50 nəfərlik dərman, su, bir həftəlik qida ehtiyatı var.

“Uşaqlar fırtınalı hava şəraitinə davamlı olan panel isti evlərdə məskunlaşıblar. Düşərgədə stasionar mətbəx fəaliyyət göstərir, bir həftəyə yetəcək yanacaq ehtiyatı və iki generator var”, – deyə məlumatda qeyd edilib.

Sabah dalğaların azalacağı gözlənilir və bu baş verən kimi adaya uşaqları çıxarmaq üçün gəmi göndəriləcək.

Mənbə: Fontanka.ru

Share: