“Hər dəfə onları ziyarətə gedəndə həm gözəlləşirlər, həm uşaqlaşırlar, həm də baxırlar gözümün içinə. Bilmirəm, nə demək istəyirlər. Bircə bunu bilsəydim…”
Bircə bunu bilsəydi, 78 yaşlı şəhid anası nələr etməzdi ki?
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi, döngə 1, ev 86…
Yaşı 30-lara çatmayan gəncin dolanbac yollarla çətinlik çəkərək gəldiyi bu ünvan həmin ananın hər gün əsa ilə gəzdiyi yurddur. İndi kiçik hücrələri olan oradakı ev qibləgahına dönüb o ananın.
Valehin Salehliyi Talehində imiş…
Dürnisə Əliyevanın 3 oğlu – Taleh, Valeh, Saleh 6 il bir-birlərini görməyiblər, iştirak etdikləri döyüşlərə görə… 6 il əsgər yolu gözləyən ana deyir ki, onda övladlarının qayıdacağı ilə bağlı təsəllisi olub: “İndi iki oğlumun qayıtmayacağını bilsəm də, gözləyirəm”.
Bu, bütün həsrətlərin ifadəsi olmayan akkordudur…
Dürnisə ana Qarabağ müharibəsində bir oğlunu (Valeh Əliyev) şəhid verib, digər oğlu (Saleh Əliyev) isə iştirak etdiyi döyüşlərdən sonra həlak olub.
O, 29 il öncənin qışını belə xatırlayır: “Valehin 1990-cı ilin “qara yanvar”ında şəhidlər üçün qazdığı məzar 4 il sonra həmin gün özü üçün qazıldı. Nişanlı idi balam, qırmızısı asılmalı qapıdan qarası bağlandı şalın”.
Həmin gün qardaşının köhnə mavi gödəkçəsini geyinərək qartal kimi süzüb getdi əsgər Valeh. O gedişdən sonra mavi səmalara yüksələrək gəldi şəhid Valeh.
Valeh Əliyev Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşını (Rafiq) çiyninə alsa da, nə onu qaldırmağa gücü çatır, nə də qan yoldaşını yaralı qoyub çıxmağa ürəyi. Elə hər ikisi oradaca şəhid olur, biri kürəyindən, digəri başından aldığı snayper gülləsindən. Valehin alnına dəyən o güllə dəydiyi yerdəcə alnını açıq edir…
Heç kim kədər üçün doğulmur. Amma… Dərd də azar kimi gələndə batmanla gəlir….
Bunu köksündən iki pərçim qoparılanlar bilir, insanın dünyasını çətinliklə yaşadığı vaxtda bir də dünya boyda yükü daşıyanlar anlayır. Bunu ən uzun bir gündə iki oğlu şəhid olan ana Hicran Məmmədova, Sevinc Əhmədova, Ziba Əsgərli … hələ də yaşayır.
Dürnisə ananın da digər oğlu Saleh Əliyev döyüşlərdən illər sonra aldığı travmaların təsirindən həlak olur. Qapıdakı qara şal cütləşir…
Gəncliyində yoldaşı Xanlar Əliyevi itirən D. Əliyeva 6 övladını çörək sexində işləyərək böyüdüb. Deyir, indi də Valeh məni saxlayır, məni o dolandırır. Bütün dəva-dərmanımı onun “şəhidlik pul”u ilə alıram.
Bütün ömrü sınıq xətt boyu keçən şəhid anasının istəyi də yaşamadıqları qədərdir: “Heç nə istəmirəm, bircə daxmamdan Biləcəri Şəhidlər xiyabanına kimi düz yol ilə gedib onları ziyarət edim. Söhbətləşim, övladlarımın qoxusunu alım. Bəlkə onda nə demək istədiklərini bilərəm…”.
Azadə Yolçu
Video-Fotolar: Xəyal Vəlizadə