Kitab üzlüklərindən özlərinə ayaqqabı tikdirənlər

Kitab üzlüklərindən özlərinə ayaqqabı tikdirənlər

Kulis.az Aqşin Yeniseyin “Kitab üzlüklərindən özlərinə ayaqqabı tikdirənlər” adlı yazısını təqdim edir.

Böyük fikirləri, böyük elmi və ədəbi əsərləri, adətən, həyatını yaşamaq canfəşanlığı üzərinə deyil, yaşamamaq gözütoxluğu üzərinə qurmuş adamlar yaradırlar.

Onlar bütün ömürlərini həyatın üfüqlərində tək-tənha dolaşan mədəniyyət yalquzaqları kimi keçirirlər. Səsləri eşidilir, özləri görünmürlər.

Maddi nemətlərə gözütox olmaq balaca adamların alicənablığıdır, nəticəsi çox vaxt kasıblıqdan o tərəfə keçmir. Bir də var həyatın, yaşamağın özünə qarşı gözütoxluq.

Bu, mistiklərin uydurduğu fənafillah, nirvana kimi metafizik komfort axtarışı filan deyil. Bu, şüurlu tərk-dünyalıqdır. İmtina etdiyinin, itirdiyinin böyüklüyünü hiss edərək yaşaya bilməkdir.

Bu cür adamlar böyük mədəniyyətlərin içindən çıxır. Diplom alaraq “mədəni adam” olanların kiçik mədəniyyətlərindən deyil. Bu cür adamlarla, adətən, mədəni, intellektual bir nəsil başa çatır. Bir mədəniyyət nəsli ölür.

Amma onlar özlərinin kimliksiz, iddiasız, eqodan arınmış varlıqlarıya özlərinin yaxına buraxdıqları adamların düşüncələrinə, şüuraltlarına, əsərlərinə sızaraq gələcəyin mədəni əsaslarını da yaradırlar.

Onlardan biri Borxesi dünya mədəniyyətinə qazandıran şair Makedonio Fernandesdir. Argentina ədəbiyyatında belə bir deyim var ki, Borxes Fernandesin məhsuludur.

Yaşamağın deyil, yaşamamağın qanunlarıyla yaşayan və atasıyla dost və yaşıd olduğu Borxesin düşüncələrinə, kimliyinə sızaraq əvvəlcə onu Latın Amerikası mədəniyyətinə qazandırdı. Borxes şəklində yenidən zühur edən bu mədəni, intellektual müəmma daha sonra dünya mədəniyyətinə yön verən bir gücə çevrildi.

Yaxud İstanbul ədəbi mühitində Hayalat Oğuz deyə məşhur bir adamdan danışırlar. İntellektual bir qaraçuxa olaraq yaşamış, həmişə həyatın üfüqlərində dolaşmış. Nə ailəsi, nə dost çevrəsi, nə yaşamağa daimi bir evi olmuş.

Amma bu gizli kimliyi ilə XX əsr İstanbul kültürünə ən çox təsir edən, bu gün imzası İstanbuldan çox-çox uzaqlarda tanınan bir çox müəllifin yetişməsində hiss olunmadan böyük bir rol oynamış.

O gün kimsə danışırdı ki, bizim akademik mühitdə Azad Mirzəcanzadədən öz savadsızlığının qisasını almaq istəyənlər onun gey obrazını yaradıb təbliğ edirmişlər.

Kiçik mədəniyyətlər hər yerdə intellektə kin bəsləyən ressentiment təbiətli adamlar yetişdirirlər; mədənilik qılığına girmiş barbarlar.

Hələ mən dərinə getmədən barbar atalarımızın 1068-cu ildə Qahirədə Fatmailərin kitabxanasını yağmalayıb kitabların üzünə çəkilən nəfis dərilərdən özlərinə bahalı ayaqqabılar tikdirdiklərini onların fatehlik ruhuna bağışlayıram.

Share: