Kulis.az Simran Qədimin “Surreal sual” adlı yazısını təqdim edir.
“Əsl sənətkar ilham alan yox, ilham verəndir”.
Salvador Dali
Görəsən, “əriyən saatlar” neçəni göstərir?
XX əsrin məşhur ispan rəssamı Salvador Dalinin dünyasında hər şeyə rast gəlmək olar: insan vücudu qəfil at bədəninə çevrilir, əl-ayaqlar balığa dönür, adamlar bədənlərində siyirmələr gəzdirir, əşyalar uçuşur… Hörümçək ayaqlı fillər, yanan zürafələr, divan dodaqlar… Optik illüziyalar, holoqramlar, ikili obrazlar, paradoksallıq, dərin simvolizm, ironik səhnələr…
Rəssamın şüuraltında nə varsa, hamısı çəkinib-sıxılmadan, sərhəd tanımadan üzə çıxır, əsərlərində öz əksini tapır. Dali özü haqda belə deyirdi: “Dəli ilə aramdakı tək fərq mənim dəli olmamağımdır”. Sanki yad planetdən, uzaq qalaktikalardan Yer üzünə təşrif buyuran Dalinin yaradıcılığındakı mənalar, anlamlar elə bil kilidli bir mücrüdə saxlanılır. “Pandora qutusu”nun açarı isə psixoanalizin banisi Ziqmund Freyddədir, bütün sualların cavabı məhz onun nəzəriyyələrində gizlənib.
…Ekstravaqant, eksentrik rəssam, dizayner, heykəltaraş, ssenarist, yazıçı, aktyor Salvador Dali 1904-cü ildə İspaniyada doğulub. Ateist atanın və katolik ananın övladı olan Daliyə qoyulan Salvador adının öz tarixçəsi var. Belə ki, Daliyə iki yaşını tamamlamadan meningitdən ölən qardaşının adı qoyulmuşdu. “Büt kimi sitayiş olunan bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Uzun illər sübut etməyə çalışdım ki, qardaşımın reinkarnasiyası deyiləm, mən mənəm!”, – Dali uşaqlığını bu cür xatırlayırdı.
Ərköyün, şıltaq, ipə-sapa yatmayan Salvador kiçik yaşlarından rəsmə meyil göstərir, artıq 14 yaşında çəkdiyi şəkilləri doğulduğu Fiqeras şəhərindəki sərgidə nümayiş etdirir.
Dali həm özündən çox əmin, həm son dərəcə dikbaş, həm də hədsiz ambisiyalı, iddialı biri idi. 1921-ci ildə Madriddə San-Fernando Kral İncəsənət Akademiyasına daxil olur. Ancaq müəllimlərindən heç xoşu gəlmir, özünü onlardan qat-qat üstün sayır, hətta onlara dərs keçə biləcəyini düşünür. Davranışları üzündən onu iki dəfə Akademiyadan qovurlar, bir ara hökumətə qarşı siyasi fəaliyyətinə görə qısa müddətlik həbs edilir.
Madriddə tanınmış rejissor Luis Bunyuellə, Parisdə dahi rəssam Pablo Pikasso ilə tanış olur. Bunyuelin “Qızıl əsr” və “Əndəlüs köpəyi” filmlərinin ssenarisini yazır, Pikassonun yaradıcılığından ilham alır.
Dali əvvəlcə kubizm və dadaizm üslublarında özünü sınasa da, sonradan sürrealizmə üz tutur. İspaniya vətəndaş müharibəsində qələbə qazanıb diktatura quran faşist general Fransisko Frankonu dəstəklədiyinə görə 1939-cu ildə sürrealistlər qrupundan da qovulur. Elə bu zaman məşhur “Sürrealizm mənəm!” ifadəsini səsləndirir.
“Yeni insanın doğumunu izləyən geosiyasi uşaq” (1943)
20-ci əsrin 20-ci illərində Fransada yaranan mədəniyyətin avanqard cərəyanı – sürrealizm rasionallıqla irrasionallığı, gerçəkliklə yuxunu birləşdirir. Əsasən, instinktləri, xəstə əhvali-ruhiyyəni, hallüsinasiyaları, paranoyanı, qarabasmaları, sayıqlamaları ifadə edən sürrealizmdə təhtəlşüur şüurun senzurasından çıxır. Belə demək olarsa, azadlıq qazanıb, bizi psixoanalizin qaranlıq, qarma-qarışıq labirintlərinə salır.
Dali 1929-cu ildə öz ilham pərisini, modelini, menecerini, həyat yoldaşını – rus miqrant Yelena Dyakonovanı, tanınmış adı ilə desək, Qalanı tapır. Onun köməyi ilə Barselonada, Londonda, Nyu-Yorkda möhtəşəm sərgilər keçirir.
Dali və Qala
İkinci Dünya müharibəsi başlayanda Dali Qala ilə birlikdə Amerikaya gedir. Tezliklə həm uğurun, həm də şöhrətin qapıları onun üzünə taybatay açılır. “Yeni dünya”dakı illər məhsuldar keçir: belletristikaya çevrilən avtobioqrafik kitabını – “Salvador Dalinin gizli həyatı”nı yazır, animasiya ustası Volt Disneylə “Destino”, əfsanə rejissor Alfred Hiçkokla “Spellbound” filmində əməkdaşlıq edir.
1948-ci ildə Dali yenidən Avropaya qayıdır. Kataloniyada, bu gün də ev-muzeyinin olduğu Port-Liqat adlı kiçik balıqçı qəsəbəsində məskunlaşır, arada xaricə – Parisə, Nyu-Yorka səfərlər edir.
Müharibədən sonrakı illərdə bəzi katolik və elmi anlayışları birləşdirib “Mistik manifest”i yazır. Rəsmlərində dini-mifoloji və elmi mövzulara üstünlük verməyə başlayır: İsanın çarmıxa çəkilməsi, hüceyrələr, DNT, atomlar…
Hiroşimada partlayan atom bombasının gücü, dağıdıcılığı Daliyə bir xeyli təsir edir, ona görə də həyatının həmin dövrünü “Nüvə mistisizmi” adlandırır.
1982-ci ildə Qalanın ölümünün ardınca Dali dərin depressiyaya düşür, parkinson xəstəliyi get-gedə şiddətlənir. İki il sonra tək-tənha yaşadığı Pubol qəsrində, yataq otağında yanğın çıxır, güclü yanıq xəsarətləri alsa da, həyatı xilas edilir. Kim bilir, bəlkə də, intihara cəhd edibmiş.
Dali 1989-cu ildə ürək çatışmazlığından vəfat edir. Onun meyiti, vəsiyyəti üzrə, Fiqerasdakı öz adını daşıyan teatr-muzeydə, salonlardan birinin döşəməsində dəfn olunur.
Rəssam bütün əsərlərini İspaniyaya miras qoyur…
Əslində, Salvador Dali haqda daha çox şey demək olar: 1500-dən artıq rəsm əsərinin, onlarla heykəlin, illüstrasiyaların, dekorların, kostyumların müəllifi; həm dini, həm dinsizliyi, həm faşizmi, həm də antifaşizmi tənqid edən boşboğaz; insan psixologiyasının dərinliklərinə, şüuraltına enirəm deyə sərgiyə dalğıc geyimində gələn başdanxarab; pulu və şöhrəti çox sevən, əksər rəssamlardan fərqli olaraq, sağlığında pula və şöhrətə çatan sənətkar; başlıca məntiqi “məntiqsizlik” olan dahi.
Yaxşı, bəs “əriyən saatlar” neçəni göstərir?
Ss:dD?
Sürreal sual: dəli Dali?
“Yaddaşın dəyişməzliyi” (1931)