“Bu oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik”.
“Qafqazinfo” xəbər verir ki, bunları “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya “Partizan”ına 2:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, penaltidən yararlanmaq mümkün olmasa, komandası sonradan toparlana bilib:
“Şanslar hələ bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda “Sumqayıt”la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz olacaq. Stadiona gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Fanatların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakit qalıb, növbəti oyunu gözləməliyik”.
Qaçırılan epizodlarla bağlı fikirlərini bölüşən 40 yaşlı mütəxəssis hər gün bunun üzərində çalışdıqlarını söyləyib:
“Oyunçularımızın üzərində təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik. Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam”.
Onun sözlərinə görə, Belqraddakı cavab görüşü daha çətin olacaq:
“Rəqib öz azarkeşləri önündə oynayacaq. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin Camalov və Con İrasabal zədəlidir, Coy Lens Mikelsin vəziyyətini bilirsiniz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamaq üçün çalışacağıq”.
Musayev yeni transferlərə ehtiyac duyduğunu gizlətməyib:
“Önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq, çox yaxşı çıxış edəcəyik. Ötən il Kaşuk və Mikels qollar vururdu. Amma hər şey bu, komandanın məhsuludur. Yusif qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Amma yenə transferlərə ehtiyacımız olacaq. Amma kimisə gətirsək belə, bu matç üçün sifariş edə bilməyəcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də Belqradda olacaq.