Hotelin həyətində qanla bitən sevgi macərası

Hotelin həyətində qanla bitən sevgi macərası

Bakıda 1990-cı il təvəllüdlü Sərvər sevgilisi Nigara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin iyunun 27-də Sabunçu qəsəbəsində yerləşən hotelin həyətində baş verib.

Sərvər orada tanışı Nigarın onunla aralarında olan münasibətlərinə son qoyacağını deməsindən hiddətlənib. O, özündə olan bıçaqla Nigara bir neçə dəfə vurub.

Hadisəni törədən Sərvər barəsində Cinayət Məcəlləsinin  126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş  hakim Eldar İsmayılovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sərvər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Nigar “28 May” metro stansiyasının yaxınlığındakı barların birində işləyib:

“Sonradan Nigarla “Koroğlu” metro stansiyasının yanında tanış oldum. Təxminən bir ilə yaxın müddətdə Nigar ilə birlikdə yaşamışam. Sonuncu dəfə onunla hoteldə görüşdüm. Hoteldən çıxanda Nigara onu taksi ilə yola salmağımı təklif etdim. Bu zaman Nigar mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi. Nigara söyüş söyməməsini bildirsəm də, söyüş söyməyə davam etdi. Buna dözməyərək özümdən çıxdım və üzərimdə gəzdirdiyim bıçaqla Nigarı vurdum. Sonra hotelin işçilərinin üzərimə gəldiyini gördüm. Məni döyəcəklərini fikirləşdiyim üçün hadisə yerindən qaçdım”.

Sualları cavablandıran təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi vurduğunu xatırlayıb:

“Biz birlikdə hoteldən çıxıb gedən zaman Nigar söyüş söydü. Bunun üçün geri qayıtdım və Nigarı bıçaqla vurdum. Hadisədən sonra hotel işçiləri gəldi. Mən oradan qaçdım. Sonra əməliyyatçı mənə zəng etdi, harada olduğumu soruşdu. Ona evdə olduğumu bildirdim. Əməliyyatçı heç yerə getməyib evdə olmağımı tapşırdı, evə gəldiyini bildirdi. Mən də evdə əməliyyatçını gözlədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxsin xəstəxana xərcləri onun ailə üzvləri tərəfindən qarşılanıb, əlavə olaraq da zərərçəkmiş şəxsə pul verilib.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ibtidai istintaq zamanı ifadə verən zaman ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Nigarı 2020-ci ilin sonlarından tanıyıb:

“Nigar ilə təsadüfən tanış oldum. Aramızda yaxın münasibət yarandı. Nigar ilə əvvəllər aramızda heç bir narazılıq olmayıb. Bir neçə dəfə Nigar ilə cinsi əlaqədə oldum, onunla ailə həyatı qurmağı düşündüyümü bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 27 iyun 2022-ci ildə,  saat 21 radələrində Nigar ilə görüşüb və söhbət zamanı ona birlikdə hotelə getməyi təklif edib:

“Nigar da etiraz etmədi. Biz taksi ilə Sabunçu qəsəbəsində yerləşən hotelə getdik. Saat 21.50-də hotelin həyətinə daxil olduq. Nigar hotelin həyətində dayanaraq məni gözlədi. Mən isə hotelin qeydiyyat otağına daxil oldum və bir nəfər xanımla gəldiyimi, bir neçə saat müddətinə otaq sifariş etmək istədiyimi qeydiyyatçıya bildirdim. Şəxsiyyət vəsiqəmi təqdim etdim və 30 manat ödəniş etdim. Qeydiyyatçı sənədləşmə işini tamamladıqdan sonra Nigar ilə birlikdə hotelin otaqlarından birinə daxil olduq. Nigar ilə otaqda olan çarpayıda əyləşib bir qədər söhbət etdim. Qarşılıqlı öz istəyimizlə cinsi əlaqədə olduq. Otaqda Nigara evlənmək istədiyimi bildirdim. Nigar razı olmadı. Münasibətlərimizin onsuz da belə davam edə bilməyəcəyini dedi və məndən ayrılacağını bildirdi. Bu səbəbdən Nigar ilə aramızda sözlə mübahisə yarandı. Həmin gün saat 22.30-da Nigar ilə birlikdə hotelin həyətinə çıxdıq. Bu səbəbdən hər ikimiz əsəbi olduq. Nigara onu taksi ilə yaşadığı evə yola salmağımı təklif edən zaman heç bir səbəb olmadan əsəbi vəziyyətdə cavab verdi. Mən də Nigarı təhqir etdim. Nigar qarşılığında mənim və ailəmin ünvanına nalayiq sözlər dedi. Ona görə də əsəbiləşərək şalvarımın cibində olan özümə məxsus bıçağı çıxardım və Nigara xəsarətlər yetirdim”.

İş üzrə zərərçəkmiş Nigarın sözlərinə görə, Sərvəri bir ilə yaxındır tanıyır, sevgi münasibətləri quraraq, həmin dövrdə onunla cinsi əlaqədə olub:

“Sərvər ilə münasibətlərimiz olduğu dövrdə evlənmək üçün razılaşdıq. Lakin sonradan Sərvərin bəyənmədiyim bəzi hərəkətlərinə görə evlənmək istəmədim. Münasibətlərə son qoymaq istədiyimi ona bildirdim. Sərvər həmin fikrimi bildikdən sonra dəfələrlə mənimlə söhbət edərək evlənmək fikrindən daşınmayacağını dedi. Mən də onunla razılaşmadım”.

Zərərçəkmiş qeyd edib ki, iyunun 27-də Sərvər günorta saatlarında onunla telefon əlaqəsi saxlayıb və görüşmək istədiyini bildirib:

“Mən də razılaşdım və biz görüşdük. Həmin gün Sərvər məni Sabunçu qəsəbəsində yerləşən hotelə apardı. Saat 21.50-də otelə çatdıq. Sərvər hoteldə qeydiyyatdan keçdikdən sonra otaqlardan birinə daxil olduq. Sərvər otaqda olan zaman təkrar onunla ailə qurmağımı xahiş etdi. Mən isə Sərvərə bu barədə düşünmədiyimi, onunla olan münasibətlərə son qoymaq istədiyimi bildirdim. Bundan sonra Sərvərin istəyi ilə cinsi əlaqədə olduq. Daha sonra otaqdan çıxdıq. Hotelin həyətində Sərvər məni söydü. Mən də Sərvərin cavabını qaytardım. Bu zaman Sərvər qəfildən cibindən bıçaq çıxararaq üstümə gəldi. Həmin bıçaqla sol döş qəfəsimdən, sol qol və sol ayağımdan vuraraq xəsarət yetirdi. Hotelin işçiləri Sərvəri kənara çəkmək istədi. Bu zaman Sərvər oradan qaçaraq getdi. Sonra hotelin işçiləri məni yerdən qaldırdı və təcili tibbi yardım maşını çağırdılar. Həkimlər məni Sabunçu tibb mərkəzinə apardılar. Xəstəxanada əməliyyat olundum”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda Sərvərin onu qısqandığını, buna görə də əvvəllər aralarında mübahisələrin olduğunu bildirib. Nigar hadisə baş verən gün Sərvəri söymədiyini, hoteldən çıxdıqdan sonra Sərvərin ani vaxtda onu vurduğunu deyib. Qeyd edib ki, Sərvərlə barışıb, ona qarşı heç bir şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə Sərvər yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Share: