“Layihələrini dəyişsinlər və tikinti işlərini davam etsinlər” — Video

“Layihələrini dəyişsinlər və tikinti işlərini davam etsinlər” — Video

Xəbər verdiyimiz kimi, Nəsimi rayonu Həsən Əliyev, Mərdanov qardaşları, Sabit Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yeni binaların tikintisini həyata keçirən “Elegant Residence MTK” 3 ilə yaxındır ki, tikinti işlərini tamamlaya bilmir. Şirkətin iddiasına görə, buna səbəb ərazidə mənzili olan bir sakinin söküntü işlərini həyata keçirməyə icazə verməməsi, şirkətin etdiyi təkliflərlə razılaşmamasıdır. 

“Qafqazinfo” həmin vətəndaşın evində olaraq söküntü işlərinə niyə icazə verməməsi ilə maraqlanıb. Ev sahibi Rəfayıl Məmmədov deyir ki, S.R küçəsi ev 16z ünvanında yerləşən mənzilinin yerləşdiyi torpaq onun xüsusi mülkiyyətindədir.

Ev Bakı şəhər İcra Hakimiyyətinin 1998-ci il tarixli Sərəncamı ilə tikilib və qəzalı vəziyyətdə deyil: “1962-ci ildən bu məhəllədə yaşayırıq. Bu gördüyünüz ev isə 1998-ci ildə tikilib. Tam olaraq müasir tələblərə də uyğundur. “Elegant Residence MTK” ilə ilk razılığımız o cür olub ki, bizim bu ərazidə hazırda nə mülkümüz varsa, 20 faiz artığına özəl torpaq olmaq şərti ilə alıb verin, yaxud torpaq alaraq tikib evi verin, biz də buradan çıxaq. Şirkətdən də bildirdilər ki, bizə güzəşt edin, o qədər pulumuz yoxdur, burada torpaq sahəsi də yoxdur. Biz də razılaşdıq. Onlar bildirdi ki, burada bina tikiləndən sonra 630 kvadrat metr sahədə bizə mənzil veriləcək. Mən də dedim ki, evdə 90 yaşlı anam, 3 balaca nəvəm var. Biz bu yaşdan sonra kirayələrdə yaşaya bilmərik. Təklif etdikləri binann da layihəsi çox yöndəmsiz idi. Mən onlara bildirdim ki, yeni mənzil üçün nə qədər sahəlik ev verəcəksinizsə, onun əvəzinə nə kirayə pulu, nə də təmir pulunu istəyirəm. Mənə elə hazır ev alıb verin. Təklif etdiyimiz ev də təmir olunmalı idi. Mən o pulu da istəmədim, razılaşdılar. Amma almaq üçün vaxtı uzatdılar və daha sonra dedilər ki, sahibi satmaq istəmir”. 

68 yaşlı Rəfayıl Məmmədovun sözlərinə görə, şirkətlə razılığa əsasən yeni evi almaq üçün 390 min manat pul verilməli idi: “Biz dedik, madam ki, o ev satılmır, onda pulu verin gedib biz özümüz başqa yerdən ev alaq. Şirkət nümayəndələri bu dəfə də dedilər ki, pulu hissə-hissə verə bilərlər. Axı bu cür hansı ev sahibi mənə mənzil satardı? Şirkət bu dəfə də razılaşmadı. İndi də bizim tələbimiz odur ki, qanun nə deyirsə, o olsun. Layihələrini dəyişsinlər və tikinti işlərini davam etsinlər”.  

Vətəndaşın sözlərinə görə, baş verən bu hadisələr onun səhhətində də fəsadlar törədib: “Şirkətlə razılıq əldə olunmayandan sonra onlar bizə təsir etmək üçün gəlib düz evimizin divarının bir hissəsindən qazıntı işlərinə başladılar. Bununla bağlı dəfələrlə 102-yə və FHN-ə müraciət etdim. Onlar əraziyə gələndən sonra bir müddət işlər dayandırılırdı, daha sonra yenidən başlayırdılar. Bütün bu stresslər ötən ayın 7-də mənim infarkt keçirməmə səbəb oldu. Onlar yenə də dayanmadılar. Gecə də burada qazıntı işləri edirlər ki, bizi narahat etsinlər. Evdə yatan körpə uşaqlar qorxu keçirirlər. Həmin qazıntılar zamanı da evimizə zərər dəydi”. 

Rəfayıl Məmmədovun oğlu Fərhad Məmmədov deyir ki, Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, yaşadıqları evə bitişik hissədə qazıntı işlərinin aparılmaması ilə əlaqədar məhkəmə qərarı var: “Mülkiyyətimizdə olan torpaq sahəsi Nəsimi RİH tərəfindən AR Konsitutsiyasının 13-cü maddəsinə, Prezident İlham Əliyevin Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi haqqında Fərmanı, AR Torpaq Haqqında məcəlləyə, AR Mülkü Məcəlləsinə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1 maddəsinə zidd olaraq Elegance Residence MTK-ya tikinti üçün verilib. Nəticədə vətəndaşın əsas hüquqlarından biri olan mülkiyyət hüquqları pozulub”.

Vətəndaşın sözlərinə görə, tikinti işlərinin yubanması onlarla bağlı deyil, sadəcə layihədəki dəyişikliklə əlaqədardır: “Bizim bir binanın pulunu istəməyimiz haqqında fikirlər həqiqətə uyğun deyil”.

Xatırladaq ki, şirkət tərəfindən verilən açıqlamada bildirilir ki, Nazirlər Kabinetinin 86 saylı qərarı əsasında, 1 hektar ərazidə pilot layihə çərçivəsində “Papanin” deyilən ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülməsi, yerində yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi “Elegant Residence MTK”ya həvalə olunub. Şirkət bu müddət ərzində vaxtilə ərazidə yaşayan 50-yə yaxın sakinlə danışaraq razılaşıb və onları kirayə mənzillərə köçürərək aylıq ödənişlərini edir.  


Share: