Xəbərdarlıq: Yeraltı çaylar dənizə axır… – Rövşən Novruzoğlu yazır

Xəbərdarlıq:  Yeraltı çaylar dənizə axır… – Rövşən Novruzoğlu yazır

(Kəşfiyyatın araşdırma materiallarına görə Xəzər dənizinin Qara dənizlə birləşdirilməsi reallaşa bilər).

Bütün bunlara baxmayaraq, “Ermənistan hiyləsi” davam edir. Cənubi Qafqazda iri həcmli su müharibəsinin başlamaq ehtiomlalı haqqında danışırlar.

Erməni separatçılarının Beyin Mərkəzi olan Erməni Milli Assambleyasının məğlub olan ideoloqları Vaşinqton BMT-nin ayrı-ayrı qondarma təşkilatı və komissiyalarının gizli çağırış məktublarını paylamaqda davam edirlər.

Onlar iddia edirlər ki, Azərbaycan Ermənistana qarşı su müharibəsinə hazırlaşır. (?)

Amma mənə elə gəlir ki, BMT nümayəndələrinə bununla bağlı ciddi açıqlamalar vermək vaxtıdır.

Qafqaz dünyanı başına ala biləcək “Su müharibələri”nin başlanğıc nöqtəsi ola bilər…

Qoy dünya bilsin ki, Qafqaz regionu Avropa və Asiyanın kəsişdiyi məkanı, eyni zamanda Qara və Xəzər dənizi arasındakı əraziləri əhatə edir. Bölgədə 8 dövlətin tanssərhəd su hövzələri müştərək asılılıq şəraitindədir.

Azərabaycan Respublikasının su ehtiyatları 30,9 km3 təşkil edir və bunun təqribən 70 faizi (20,3 km3) qonşu ölkələrin ərazisində formalaşır. Qeyd etmək lazımdır ki, bu çay suları ölkəmizə çirklənmiş vəziyyətdə daxil olur. Bütövlükdə Azərbaycan Respublikası su ehtiyatları məhdud olan ölkə hesab olunur. Hər bir nəfərə düşən çay sularının miqdarı 3219 m3/il təşkil edir. Əgər yalnız yerli su ehtiyatlarını nəzərə alsaq, onda bu rəqəm 1104 m3/il-ə bərabər olar.

Ermənistan əhalisinin su təminatında əzəli Azərbaycan torpaqları böyük rol oynayır. Dağlıq Qarabağdakı çayların su ehtiyatının 81 faizi Kəlbəcər rayonu ərazisində formalaşır. Eyni zamanda Ermənistanın əsas şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının mənbəyi də bu rayonlardadır. Həm Aşağı, həm də Yuxarı Qarabağ bölgəsinin qədim türk etnoslarına məxsus olması bir sıra tarixi sənədlərdə öz əksini tapmışdır. Bu mövzu ilə bağlı erməni siyasi analitiki Laurent Leylekian Dünya Su Şurasının “Su Siyasəti” adlı jurnalında keçmiş Sovet mənbələrinə istinad edərək əsassız yazıları işıqlandırılmışdır.

Ermənistan hakimiyyətinin istər 1992-ci il “Transsərhəd su və beynəlxalq göllərdən istifadə və mühafizə”yə dair Helsinki Konvensiyası, istərsə də 1992-ci il BMT-nin “Ətraf Mühitin Mühafizəsi”nə aid Rio De Janeyro Deklarasiyasının bütün müddəalarına zidd olan hidrofəaliyyəti regionda humanitar fəlakət zonasının sahəsini günbəgün genişləndirməklə müşahidə olunur. Qarşı tərəfin dövlətimizə yönələn həm maddi, həm də mənəvi hədələri sırasında hər gün sərhəddə yaşanan atəş səsləri, həmçinin ardıcıl olaraq hər ilin payız və qış fəslinin sonunda erməni tərəfinin provakasyon niyyətini əks etdirən su hövzələrindən məqsədli şəkildə axıdılan sulardır. Bu hal sərhəd bölgələrində bir çox ərazilərin su kütləsi altında qalması, yolların dağılıb yararsız vəziyyətə düşməsi, kənd təsərrüfatına vurulan ölçüyəgəlməz zərərlərin meydana gəlməsinə səbəb olmuşdur. Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində apardıqları hərbi əməliyyatlar nəticəsində ərazinin ekoloji tarazlığı pozulmuş, təbii landşaftlarla yanaşı, aqrolandşaftlar, endemik meşə zolaqları, yerli flora və fauna nümunələri vəhşicəsinə məhv edilmişdir. Arazın 43 kilometrlik mikro fauna və flora sahəsi hazırda dağıdılmış vəziyyətdədir. İşğal altında qalan ərazilərdəki Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Canlıgöl, Qaragöl, Alagöl kimi təbii su hövzələrinin bilərəkdən çirkləndirilməsi heç şübhəsiz gələcəkdə Azərbaycan üçün əlavə ekoloji problemlərin yaranmasından xəbər verir. Habelə Azərbaycanın iqtisadiyyatında çox böyük önəm kəsb edən Qızılbulaq, Mehmanə, Aşağı və Yuxarı İstisu kimi mineral bulaqlar bu siyasətin qurbam olmuşdur.

Bununla yanaşı, rəsmi Yerevanın ardıcıl təxribat aksiyalarından biri Azərbaycanın transsərhəd su axarlarından istifadə imkanlarını məhdudlaşdırmaq məqsədilə bəzi sərhəd çaylarının istiqamətlərinin dəyişdirməsidir.        Ermənistan Respublikası öz ərazisindən Azərbaycan istiqamətinə axan Voskepar çayının səmtini dəyişdirmiş və su kütləsi yeni inşa olunan beton suvarma kanalına yönəldilmişdir. Əvvəllər Coqaz su anbarına tökülən çay indi Azərbaycan sərhədlərinə çatmadan ”susuz erməni kəndlərinin ehtiyaclarını ödəyəcəkdir”. Hətta Ermənistanın beynəlxalq hüququn prinsiplərinə zidd olan bu dırnaqarası qələbəsi BMT- nin Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu tərəfindən maliyyələşdirilmiş, bənd tikintisinə və Voskeparsu kanalının çəkilişinə 5.4 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

İçməli su ehtiyatlarının bu qədər çirkli vəziyyəti regionun ekosistemini olduqca yararsız vəziyyətə salaraq hövzə ətrafında sıx məskunlaşan milyonlarca əhalinin sağlamlığım risk altında saxlayır.Kür çayının bir sıra qollarına (Ağstafaçay, İcevan, Dilican), Gürcüstan ərazisindən Alazan və İori çay hövzələrinə axıdılan kimyəvi boyalar, neft çöküntüləri, fenol, ammoniak və s ‘^kimyəvi birləşmələrlə çirkləndirilərək regional bəlaya çevrilmişdir.

Hidrodiversiya xarakterli təhdidlərdən biri də işğal altında olan Dağlıq Qarabağı ərazisində yerləşən, ümumi su tutumu 560 milyon m3-ə çatan Sərsəng su anbarıdır (Ağdərə rayonu). 1976-cı ildə istifadəyə verilmiş həmin qurğu vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Goranboy rayonlarının təqribən 120 min hektara yaxın əkin sahələrinin suvarılması üçün istifadə edilirdi. Azərbaycanın ən hündür rezervuarı olan Sərsəng anbarı irriqasiya, hidroenerji, sel və daşqınlardan müdafiə məqsədi daşıyaraq regionun su təchizatında önəmli rol oynayırdı. Hazırda ermənilərin Sərsəng su anbarı vasitəsilə müntəzəm şəkildə yaratdıqları süni daşqın və quraqlıqlar Azərbaycanın düzən bölgələrində ekoloji gərginliyə səbəb olmaqla yanaşı, əhalinin və kənd təsərrüfatı sahələrinin şirin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər törədir. Bundan başqa 125 metr hündürlükdə yerləşən bəndin qəzalı vəziyyəti ətraf rayonlarda yaşayan 400 min sakinin həyatını təhlükə qarşısında qoyur.

Ermənistan Respublikasının Sərsəngin su ehtiyatlarından Azərbaycana və regiona siyasi təzyiq vasitəsi kimi istifadə edərək süni su böhranı yaratma faktı Ermənistan mətbuatında işıqlandırılır. Belə ki, “Lirakir” qəzeti Qarabağdan olan jurnalist Armine Narinyanın Sərsəng hövzəsində su heyvanlarının (xüsusilə balıqların) kütləvi məhvinə dair öz face-book səhifəsində paylaşdığı yazılarla Sərsəngin cari fövqəlvəziyyəti haqda ictimaiyyəti məlumatlandırmışdır.

Təcavüzün vurduğu ziyanlar təkcə yuxarıda sadalananlarla bitmir. Sərsəng su anbarı Dağlıq Qarabağın 138.000 əhalisini, Aşağı Qarabağ regionunun 400.000 əhalisini içməli su ilə təchiz etdiyinə və bu rezervuarın elektrik stansiyasından hər il Dağlıq Qarabağa 140 milyon kilovat elektrik enerjisi verildiyinə baxmayaraq, bu gün minlərlə azərbaycanlı ailələri elektrik stansiyasından ötürülən elektrik enerjisinin kəsilməsi problemini yaşayır.

Artıq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində yaxın zamanlarda başlaya biləcək “Su müharibələri baş verən ərazilərin xəritələri çəkilib” Təəssüf ki, Azərbaycan da həmin dairədədir…

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: