Rusiya özəl hərbi birləşmələrə nəzarət edə bilmir

Rusiya özəl hərbi birləşmələrə nəzarət edə bilmir

“Rusiya Müdafiə Nazirliyi rusiyalı rəsmilər və iş adamları ilə əlaqəli, həmçinin onların sponsorluq etdikləri bəzi özəl hərbi şirkətləri tam olaraq nəzarət altına ala bilmir. Söhbət xüsusilə “Konvoy” özəl hərbi şirkətindən gedir”.

Bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bildiriblər.

Rusiyanın müxalif nəşri olan “Dosye”nin bununla bağlı yaydığı xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin uzun müddətdir tərəfdaşı olan Arkadi Rozenburq və Rusiyanın dövlət bankı VTB 2022-ci ilin sonundan “Konvoy” özəl hərbi şirkətinə 300 milyon rubldan (3,04 milyon dollar) çox vəsait qoyublar.

Rusiyanın “Promresurs” və “Ugol Trading” enerji firmaları da “Konvoy”u 109,5 milyon rubl (1,11 milyon dollar) dəyərində maliyyələşdiriblər, baxmayaraq ki, onların hər birinin gəlirləri bu həcmdə ianələr etmək üçün kifayət deyil.

Eyni zamanda Krımın işğalçı hakimiyyətinin başçısı Sergey Aksenov 2022-ci ilin noyabrında Ukraynada fəaliyyət üçün rəsmi işə qəbula başlayan “Konvoy”u siyasi cəhətdən dəstəkləyir.

“Konvoy” üzvləri birbaşa Rusiyanın 150-ci motoatıcı diviziyası ilə müqavilələr imzalayıblar.

Lakin jurnalistlər qeyd edirlər ki, “Konvoy” 150-ci motoatıcı diviziyaya tabe olmur və Ukraynada öz məsuliyyət sahəsinə və komanda strukturuna malikdir. 

“Konvoy” özəl hərbi şirkətinin Krımın müvəqqəti işğal olunmuş Perevalnoye bölgəsində yerləşdiyi bildirilir. Muzdlular Xerson istiqamətində döyüşürlər. Onlar ilkin olaraq Melitopol-Cankoy magistralında Rusiya logistika xətlərini müdafiə edirdilər.

“Özəl hərbi şirkətə davamlı özəl maliyyə və siyasi dəstək, eyni zamanda onun Rusiya Müdafiə Nazirliyinin komandanlıq strukturundan ayrı olaraq Ukraynada fəaliyyətini davam etdirməsi göstərir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə niyyətinə baxmayaraq, nizamsız birləşmələri nizamlı orduya tam inteqrasiya etmək iqtidarında deyil”, – deyə hesabatda qeyd edilib.

Mənbə: ZN.ua

Share: