Stalin üçün yazılmış əsər? – Fəxri Uğurlu

Stalin üçün yazılmış əsər? – Fəxri Uğurlu

Kulis.az Fəxri Uğurlunun “Mixail Bulqakovun “Master və Marqarita” romanına bir yöndən baxış” adlı yazısını təqdim edir.

Bu kitab ətrafında söhbətə dahi alman şairi Hötenin fəlsəfi dastanından başlamaq lazımdır. Voland Mefistofelin, Master Faustun, Marqarita isə özündən yüz il əvvəl əbədiyyət qazanmış adaşının varisidir. Romanın epiqrafı da “Faust”dan gəlir – qəhrəman it cildində qəfil yanında peyda olmuş Mefistofeldən kimliyini soruşanda İblis ona belə cavab verir: “Mən hər zaman şər diləyən, ancaq xeyir törədən qüdrətin bir parçasıyam”. Bir Şərq filosofunun söylədiyi kimi, xeyirlə şər Allahın iki qüdrət barmağının arasındadır.

Şərq demişkən, klassik alman filosofu Hegelin sistemində də mükəmməl ifadə olunmuş bu dialektik düşüncə Hötedən, Hegeldən altı yüz il əvvəl böyük sufi şair, mütəfəkkir Mövlana Cəlaləddin Ruminin təlimində əksini tapmışdı. “Şeytan söz meydanında” adlı essedə bu məsələyə toxunduğum üçün həmin abzasları olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm:

“Mövlana Cəlaləddin Rumi deyirdi ki, Allah xeyiri də, şəri də özü yaradıb, fəqət yalnız xeyirə razı olur. O, fikrini belə xırdalayır: xeyiri buyurmaq, şəri yasaqlamaq üçün şər törətmək istəyən bir kimsənin olması şərtdir. Belə bir varlığın olmasını istəmək əslində şərin özünü istəmək deməkdir. Bəli, bu mənada Allah şəri də istəyir, ancaq yalnız buna görə istəyir ki, xeyirin şər üzərində qələbəsini aləmlərə nümayiş etdirsin. Hədislərin birində Tanrının dilindən belə deyilir: “Mən gizli bir xəzinəydim, özümü tanı(t)maq üçün aləmləri yaratdım”.

Daha sonra Mövlana bir neçə örnək gətirir: müəllim biliksiz adamların olmağını arzulayar, ancaq onların savadsız qalmasını istəməz, yoxsa öyrətməyə də can atmazdı; həkim xəstənin olmasını arzulayar, ancaq xəstəliyin xəstəyə güc gəlməsini istəməz, yoxsa xəstəni sağaltmağa da cəhd göstərməzdi; sərkərdə düşmən ordusunun gəlməsini arzulayar, ancaq düşmənə basılmağı istəməz, qələbə çalmağa çalışar. Hər üç hal insanın (konkret situasiyalarda müəllimin, həkimin, sərkərdənin) özünü dərk eləməsi, öz gücünü, varlığını təsdiqləməsi prosesidir. Dolayısıyla şərin ortaya çıxması, xeyirin şəri yenməsi də Allahın özünü tanıması, öz qüdrətini təsdiqləməsi prosesidir.

Məsələnin bu cür qoyuluşundan Mövlana çox cəsarətli, çox da mübahisəli nəticələr çıxarır: xeyir üçün şərdən gərəkli, iman üçün küfrdən vacib heç nə yoxdur. Şəri şər olduğu üçün diləmək çirkindir, fəqət şəri xeyir üçün diləmək çirkin deyil. Tanrının yaratdığını məhv eləmək şərdir, fəqət cüzi şərdir; bunun qarşılığında, tutalım, bir xalqı, bir eli ölümdən qurtarmaq böyük xeyirdir”.

***

Bulqakovun romanına çox yöndən yanaşmaq olar. Bunlardan ən vacibi, zənnimcə, belə bir sualın çözümünə çalışmaqdır: doğrudanmı xeyir şərsiz keçinə bilməz, doğrudanmı şər vasitələri yardıma çağırmadan xeyir zəfər çala bilməz? Onda belə çıxır ki, yer üzündə şərin kökü kəsilsə, xeyirin də ömrü başa çatacaq? Belə çıxır şər xeyirin alternativi yox, ikinci üzüdür? Eləysə insan nəyin uğrunda mübarizə aparır, yaxud aparmalıdır? İblis Tanrının buyruqlarını yerinə yetirən casusdursa, halal, dürüst bəndələrə quyu qazan şeytan nökərləridəmi haqqın keşiyini çəkirlər?.. Klassik idealist düşüncə sistemi bu kimi təzadlarla, paradokslarla doludur.

Mövlananın konsepsiyasını əsas götürsək, Makedoniyalı İsgəndərdən, Yuli Sezardan, Çingiz xandan tutmuş Napoleona, Hitlerə qədər bütün cəlladlara, o cümlədən Stalinə asanlıqla bəraət qazandırmaq olar. Uzağa getməyib həmin meyarlarla Stalini dəyərləndirək: yüz minlərlə insanı güllələdib, milyonları sürgünlərdə qul yerinə işlədib, əvəzində aqrar bir ölkənin bazasında zavodları, fabrikləri, elektrik stansiyaları, dəmir yolları, metroları, təyyarələri, gəmiləri, kanallarıyla birgə nəhəng sənaye dövləti yaradıb; milyon-milyon pud insan ətiylə faşist toplarının ağzını yumub, əvəzində cahan müharibəsini udub, nüvəylə silahlanmış qüdrətli ordu qurub… Zatən yeni dünya düzəni də Hitlerin özbaşınalığı nəticəsində yaranıb, belədə ona da bəraət düşür.

Hə, bax burada bir incəlik var: şərin qiyamı, püskürtüsü xeyirin dirçəlişinə, tərəqqiyə dolayısıyla, yalnız dolayı yolla təkan verir, birbaşa yox. Yəni əlbəttə, Hitler quyruğunun üstünə qalxıb böyük alman xalqını hipnoz vəziyyətinə salınmış bir ovuc şüursuz kütlə halına (eynən Volandın varyetedə moskvalıları saldığı vəziyyətə) gətirəndə məqsədi əsla liberal islahatlardan güc alan yeni dünya düzəninin yaranmasına, beynəlxalq institutların formalaşmasına, insan haqlarının müqəddəs elan olunmasına dəstək vermək deyildi; onun paslı xəyalında ayrı bir düzən, ayrı bir dünya vardı. Bununla belə yanlış yolun dalana dirənməsi insanlara doğru yolu tanıtdı.

Bu, bir daha deyirəm, haqqın intibahına, xeyirin dirçəlişinə birbaşa yox, dolayı köməkdir, çünki dünya-aləm belə qurulub, bu cür qurulub, bu qanunlar üstündə qurulub; şər xeyirə müttəfiq deyil, müxalifdir, xeyir şərlə ittifaqda yox, onunla savaşda ucalır. Mövlananın (eləcə də Platondan Tolstoya qədər bütün böyük idealistlərin) konsepsiyasına qalsa, Allah dünyanı Şeytanla əlbir idarə eləyir, onların arasındakı ədavət gözdən pərdə asmaqdır. Şair demiş, mələk də sənin balandı, şeytan da, Allah…

***

Məşhur rus ədəbiyyatşünası Dmitri Bıkov “Master və Marqarita”nı Stalin üçün yazılmış, bir az da dəqiqləşdirsək, amansız tirana bəraət qazandırmaq niyyətilə qələmə alınmış roman sayır. Yəni, ey ulu rəhbər, sən, əlbəttə, qəddarsan, misli görünməmiş zalımsan, ancaq bu alçaqlara, fırıldaqçılara, möhtəkirlərə, yalançılara, pozğunlara nə eləyirsənsə düz eləyirsən, onlara elə belə lazımdır. Əvəzində sən sənətin, sənətkarın qayğısına qalırsan, yaxşılara haqqın dərgahında rahat yer ayırırsan, çünki sən əslində Tanrı elçisi, onun buyruqlarını sədaqətlə yerinə yetirən ilahi missionersən. Doğrusu, Bıkovun bu fikirləriylə ən azı qismən razılaşmamaq çətindir.

Gerçəkdən də, Bulqakov İblisi kainatın bir üzü şəfqət, bir üzü qəzəb saçan mərhəmətli ağası, şərbətlə ağunu insanlara bir qabdan içirən könüllər sultanı kimi qələmə verir. Məlumdur ki, Stalin özü də ziyalılara çox amansız davranmağına baxmayaraq bəzi sənətkarları onların qanına yerikləyən istedadsızların zəhərli oxlarından qoruyurdu. Ellər atasının ədəbi zövqü pis deyildi, işığa çıxan maraqlı bədii əsərləri adətən oxuyurdu, dövri mətbuatı izləyirdi, tamaşalara baxırdı, bununla belə onun rəğbət seçimlərinin yalnız hansısa estetik prinsiplərdən, humanizm mülahizələrindən asılı olduğuna şəxsən mən az inanıram; zənnimcə, burada daha çox subyektiv amillər rol oynayıb.

Cənnətə gedən yolun mütləq cəhənnəmdən keçməli olduğuna (məsələn, Dostoyevskinin “Cinayət və cəza” romanındakı kimi) inam – təhlükəli etiqaddır. Bu inanc, bu etiqad haqq süfrəsində satqınların, dönüklərin, əqidəsizlərin yuxarı başa keçirilməsi üçün ideoloji zəmin, saxta dəlil istehsal eləyir. Guya bu dönüklər əzab çəkiblər, başlarını şeytanın daşına döyüblər, cəhənnəm odunda yanıblar, indi bunlara rəhm eləmək, haqq süfrəsinin səkil tikələrini yedizdirmək lazımdır. Bu süfrədən ömür boyu əlini çəkməyənlərsə dözərlər, onlar həmişə haqqın nemətləriylə bəsləniblər, onun səxavətindən xımır-xımır bəhrələniblər, heç vaxt ac qalmayıblar, indi acların onlardan çox yeməsinə, onlardan hörmətli tutulmasına dözməlidirlər. Axı satqınlar haqqın yolunu azmış itkin balalarıdır, axı onlar əzab çəkiblər!

Əgər İblisin missiyası yaxşılara yaxşılıq, pislərə pislik eləmək olsaydı, ona İblis deməzdilər, bir ayrı ad tapardılar. Anlayıram ki, bu halda Şeytan Tanrının bir qolu, ilahi administrasiyanın əks-kəşfiyyat xidmətinin rəisi kimi dərk olunur. Yaxşı, bəs onda İblisin əlində oyuncağa dönən, hər cür alçaq əməllər törədən, dirsəyə, boğazacan qan, çirkab içində olan günahkar bəndələr canlarındakı şər sellərinin, nifrət qasırğalarının, tamah sunamilərinin mənbəyini haradan götürüblər? Azad seçim imkanları olmayıbsa, onların günahı nədir?..

***

Bulqakovun fəzası Kafkanın kainatı kimi allahsız deyil, onun allahı Nitsşenin tanrısı kimi ölməyib də, ancaq sanki qocalıb, özü əbədi şahlıq taxtına oturub, dünyanın ixtiyarını verib baş vəzirinə – yəni İblis həzrətlərinə. Fəqət pravoslav ilahiyyatçılar atası da din alimi olmuş ustad yazıçının bu konfiqurasiyasını bəyənmirlər, onu dinə yad-yabançı sayırlar. Onların fikrincə, İeşua Həzrət İsanın obrazı olmaqdan çox uzaqdır, xristianlığın əzabkeş banisi burada Tanrının oğlu qismində yox, adi insan kimi təqdim olunur.

Bəziləri hətta bu fikirdədirlər ki, ona işgəncə verən cəlladları “xeyirxah insan” adlandıran İeşua Qa-Nosrinin sözü, əməli xristianlığın ümumbəşəri məhəbbət konsepsiyasına parodiyadır. O yöndən yanaşılsa, onda Voland da Mefistofelə parodiyadır; çünki Hötenin dastanında tarixin altından vurub üstündən çıxan, Allahla mübahisəyə, mərcə girən, əzəli-əbədi fəlsəfi suallarla uğraşan İblis Bulqakovun romanında mənzil məsələsiylə, xırda Moskva çinovniklərinin fırıldaqlarıyla, hətta varyete bufetçisinin müştərilərə keyfiyyətsiz qida sırımasıyla məşğul olur. Guya nəhəng bir imperiyanın mərkəzində mənəvi mühitin pozulmasına bu ikiayaqlı həşəratlar cavabdehmiş.

Doğrudur, müəllif mühakimə olunan peyğəmbərin metafizik aləmlə bağlı olduğuna işarələr vurur, di gəl, bu bağlılıq prokuratorun başının ağrıdığını bilməkdən uzağa getmir, halbuki belə sirləri Moskvanı çaxnaşdıran iblis Volandın nəinki özü, hətta məiyyətindəki əcaib tox pişik də çox gözəl bilir. Masterin Ponti Pilat haqqında yazdığı romanın qəhrəmanı İeşua Qa-Nosri yalnız prokuratorla söhbətində nə vaxtsa qeysərlərin ağalığına son qoyulacağını, yer üzündə dövlətsiz, hakimiyyətsiz ədalət səltənəti qurulacağını, zora-gücə ehtiyac qalmayacağını deyəndə peyğəmbərlik mərtəbəsinə ucalır. Qalan məqamlarda onun surəti İsa Məsihin İncildəki əzəmətli obrazından çox geri qalır.

Volandın (yaxud da Masterin roman içində romanındakı Ponti Pilatın) ellər atası Stalinin obrazı olduğuna şübhə yoxdur, ancaq gəncliyində ruhani seminariyasında oxumasına, dinin içini də, çölünü də bilməsinə baxmayaraq, çəkməçi oğlunun göylərlə əlaqə saxladığına, onun Tanrının diktəsiylə addım atdığına inanan yəqin tək-tək tapılar. Bu, Mixail Afanasyeviçin oxucularına miras qoyduğu şirin xəyaldan, dadlı ümiddən başqa bir şey deyil. Möhtəşəm əsərinin mətnaltı diliylə o özünü Stalinə (Masteri Volanda) tapşırır, həm də çox yuxarıdan yapışmır, “işıq” mərtəbəsinə iddia eləmir, eləcə “dinclik” istəyir.

Ancaq anlaya bilmirsən: istər Ponti Pilat haqda kitab yazan Master olsun, istərsə də “Master və Marqarita” romanını yazan Bulqakov olsun – nədən öz peyğəmbərindən kitab bağlayan yazıçı o peyğəmbərin ayaqları altında yatmağa, onun kölgəsində məqam tutmağa layiq görülməsin? Bulqakov təvazökarlıq göstərib özünü vur-tut “dinclik” məqamına layiq görür (hərçənd Master belə bir qəlb sakitliyini dəlixanada da tapmışdı), fəqət onun yalnız dinclik umduğu İblis dincliyi də ona çox görür, əsərlərini dönə-dönə oxuduğu, tamaşalarına təkrar-təkrar baxdığı yazıçını ömrünün son illərində ağır xəstəliklə, ehtiyacla, zillətlə baş-başa buraxır. Bıkovun məntiqindən yola çıxsaq, Bulqakovun atdığı oxun hədəfə dəyib-dəyməməsi haqqında belə deyə bilərik: məktub yetişmədi.

***

Masterlə Marqaritanın “dinclik” məqamındakı əbədi birliyinə gedən yol da Şeytanın körpüsündən keçir. Əgər Marqarita ifritə olmağa razılıq verməsəydi, Volandın cəhənnəm sakinlərini yuvasından çıxardığı möhtəşəm balda İblisin xanımı qismində iştirak eləməsəydi, sevgililərin həmişəlik qovuşması da mümkün olmayacaqdı. Niyə? Axı bütün ifritələr, fahişələr, ər-oynaş, bacı-qardaş, uşaq-körpə qatilləri hamısı Volandın qapısına açar saldığı cəhənnəmdən çıxır. Necə olur ki, ömrünü insan cildinə bürünmüş ifritə kimi yaşayanlar cəhənnəm odunda yanır, Şeytanla faktiki kəbin kəsdirən, əhd bağlayan Marqarita isə sevgilisinin heç vədə onu qovub özündən uzaqlaşdıra bilməyəcəyi bir cənnətlə mükafatlandırılır? Belə mərhəmətli, ədalətli İblisdən kim qaçar? Bu dəqiqə müqaviləsini göndərsə, şəxsən mən gözüyumulu qol çəkərəm.

Əfsus ki, böyük Mixail Afanasyeviçin arzusu nə sağlığında, nə də ölümündən sonra çin çıxdı. Onun həyatı, aqibəti ortaya atdığı konsepsiyaya bir növ cavab oldu. Əsərində Masterin əlyazmasını Şeytan xilas eləyir, həyatında isə onun ana kitabını sevimli qadını qorudu. Belə bir əfsanə var ki, ötən əsrin qırxıncı illərində yazıçının üçüncü zövcəsi, Marqarita obrazının prototipi Yelena Sergeyevna romanın bir nüsxəsini hansısa yolla Stalinə çatdırıb. Stalin əsəri oxuyubmu, oxuyubsa nə fikirdə olub – bilinmir. Bu əfsanədə həqiqət payının nə qədər olduğu da kimsəyə bəlli deyil. Çox güman ki, belə bir şey baş verməyib. Bulqakov şah əsərinin əlyazmasının ələ düşəcəyindən çox qorxurdu, ömrünün son aylarında romanı bitirmək üçün Tanrıdan möhlət istəyirdi (ixtisasca həkim olduğuna görə yəqin vəziyyətinin ciddiliyi ona əyan imiş), hətta Yelena Sergeyevnadan romanın bütün mətnini əzbərləməyi tələb eləyirdi.

Özünə olmasa da, romanın taleyinə vurulmuş düyünün açıldığını görmək zövcəsinə qismət oldu. Əllidən də az yaşayan müəllifin 1928-ci ildən 1940-cı ilə qədər – ta öldüyü günədək üstündə əsdiyi “Master və Marqarita” yalnız 1966-cı ildə, hərçənd müəyyən ixtisarla, “Moskva” jurnalında dərc olundu. Bununla da romanın bütün planeti ayaqdan keçirən odisseyasının təməli qoyuldu. Əsər iyirminci əsr dünya nəsrinin qızıl fondunda layiqli yerini tutdu.

***

Gec də olsa, Bulqakovun misilsiz romanı yazıçı-tərcüməçi Saday Budaqlının əməyi sayəsində Azərbaycan ədəbi prosesinə də kölgə saldı. Mən bu əsəri həm orijinalda, həm də Sadayın tərcüməsində oxumuşam. “Master və Marqarita”nın dünya roman sənətinin incilərindən olduğuna ürəkdən inanıram. Ancaq Bulqakovun dünyagörüşünə, fəlsəfi baxışlarına şərik çıxmamaq haqqını da özümdə bərk-bərk saxlayıram.

Yeri gəlmişkən deyim ki, bu kiçik yazıda mən cahanşümul romanın sənətkarlıq xüsusiyyətlərinə, forma-üslub sahəsində gətirdiyi yeniliklərə toxunmadım. Həm ona görə ki, bu barədə çox deyilib, çox yazılıb, həm də ona görə ki, bu kimi məsələlərin üstündə durmaq hədsiz çox vaxt alardı. Təkcə elə (Bulqakovun yazdığı) romanla (Masterin yazdığı) roman içindəki romanın arasında paralellər aparmaq üçün ayrıca bir elmi iş, ya da azı bir məqalə yazmalısan…

Hər bir böyük əsər bir fəlsəfi sistemdir, hər bir böyük qələm adamı yazdığı kitabla, yaratdığı obrazlarla bizə mesajlar ötürür, dünya, həyat, varlıq haqda fikirlərini, ideyalarını, ideallarını bizimlə bölüşür. Bulqakovun (eləcə də “Faust”un, Hegelin) ideallarında mənə yad gələn məqamlar çoxdur, xüsusən o məqamlar ki, Tanrının İblis üzərində ali, mütləq qələbəsinə yetişmədən (heç can atmadan belə) İblislə Tanrını barışdırır, Allahla Şeytan arasından fərqi götürür, Allahı Şeytanın cinayətlərinə bulaşdırır, yəni İblisi Tanrıya şərik çıxarır. Hegelin sözləriylə desək, Kantın dualizmini aradan qaldırır. Şəxsən məndən ötrü belə baxış heç vaxt məqbul sayıla bilməz.

Xeyirdən xeyir, şərdən şər törəyir. Biri o birinə yalnız dolayısıyla (təkrarçılıq olmasın) təkan verə bilər. Məsələn, elektrik enerjisini kəşf eləyən alim bu cahanşümul ixtirasıyla dünyanı işıqlandırmaq məqsədi güdüb, ancaq təəssüf ki, belə parlaq bir ixtira bəzən insan ölümünə də səbəb olur. Əminəm ki, heç bir böyük elm adamı üstündə edam cəzasının icra olunduğu elektrik stulunu qidalandırmaq naminə belə bir kəşfin sorağına çıxmazdı.

Fəqət bir məsələ var ki, mən onunla çox həvəslə razılaşıram. “İşıq” mərtəbəsi, əlbəttə, “dinclik” məqamından ucadır. “Dinclik” – şairlərin (poetik təfəkkür sahiblərinin), “işıq” – peyğəmbərlərin (mistik təfəkkür yiyələrinin) məqamıdır. Bulqakov özünə yalnız “dinclik” arzulasa da, mən “Master və Marqarita” müəllifinin “işıq”lı mərtəbədə özünə əbədi dinclik, sevinc, rahatlıq tapdığına ürəkdən inanıram.

“Yeni Azərbaycan” qəzeti

Share: