Ukraynanın işğaldan azad edilmiş ərazilərində Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkar edilib.
Bu barədə “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko öz “Telegram” kanalında məlumat verib.
“Ukraynanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi zamanı bəzən gözlənilməyən nümunələr qarşımıza çıxa bilir. Məsələn, ərazidən tapılan “E-001” piyada əleyhinə minasının fotosu dərc olunub ki, bu mina Ermənistanda istehsal olunur. Bunun erməni minası olduğuna şübhə yoxdur, mən bu minaları şəxsən Qarabağda görmüşəm”, – deyə o bildirib.
“Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minalar verməsi barədə məlumat daxil olmayıb. Amma mən hələlik nəticələr çıxarmaq üçün tələsmək istəməzdım. İndiki mərhələdə bu minalardan nə qədərinin Rusiya ordusu tərəfindən istifadə edildiyini və ümumiyyətlə, bu minaların onların əlinə necə düşdüyünü söyləmək çətindir. Tədarük şəklində və ya qaçaqmalçılıq yolu ilə də ola bilər”, – deyə Kovalenko qeyd edib.
Onun sözlərinə görə, müvəqqəti olaraq işğal edilmiş Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər.
“Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağı ziyarət edib və döyüşə könüllülər göndərib. Gizli təchizat kanalı yaradılmış ola bilərdi”, – deyə Aleksandr Kovalenko vurğulayıb.